Azərbaycan – Qoşulmama Hərəkatı: İlham Əliyev liderliyi və beynəlxalq ədalət

post-img

Qətiyyətlə demək olar ki, Azərbaycanın Qoşulmama Hərəkatına (QH) sədrliyi bu qurumun dünya miqyasında tanınması baxımından müstəsna mərhələni təşkil etdi. Ölkəmizin mövcud müstəvidə gördüyü işlər, irəli sürdüyü təşəbbüslər QH-nin beynəlxalq nüfuzunun yüksəlməsi reallığını doğurdu. Təşkilatın üzvlərinin 2019-cu ildə Azərbaycanın sədrliyinin üç il uzadılması ilə bağlı qərarı da bundan qaynaqladı. Deməli, yüksək etimadı layiqincə doğrultduq və nəticədə QH-yə sədrliyimiz daha bir il də uzadıldı. 

Belə kiçik girişdən sonra sual yaranır: Azərbaycan Qoşulmama Hərəkatına nə verdi? Heç şübhəsiz, cavab axtararkən, gözlərimiz önünə, ilk növbədə, ölkəmizin ötən müddətdə beynəlxalq-siyasi arenada keçdiyi yol gələcəkdir. Respublikamızın dünya dövlətləri sırasındakı yerinin və rolunun güclənməsi ilə bağlı dinamikanın ayrı-ayrı epizodik məqamlarını da nəzərdən keçirmiş olacağıq. Bütün bunların memarı isə bir şəxsdir - Prezident İlham Əliyev. Dövlətimizin başçısı QH-yə rəhbərliyi ilə özünün dünya səviyyəli lider obrazını dolğunlaşdırdı və qurumu, eyni zamanda, bəşəri ədalətin mütləq və oturuşmuş tribunasına çevirməyi bacardı. 

Bəli, tam əminliklə deyə bilərik ki, Azərbaycan Prezidentinin fəaliyyəti nəticəsində QH dünyada BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisata çevrildi. Bu, eyni zamanda əlahiddə statusdur. Nəzərə alaq ki, bir təşkilatın təmsilçi sayına görə çoxluğu deyil, həmin təmsilçiliyin nə dərəcədə faydalılığı əsasdır. Yəni, faydalılıq haqqında söz açdığımız yüksək statusun qarantıdır. Bunu da qətiyyətlə bildirək: dövlətimizin başçısı gördüyü işlərlə QH-ni yalnız kəmiyyət deyil, habelə keyfiyyət baxımından da ucalara daşıdı. 

Bəşəri sınaq

Yarımbaşlığı belə adlandırmağımız, heç də təsadüf deyil. Azərbaycanın QH-yə sədrliyi COVID-19 pandemiyası ilə üst-üstə düşdü. Bu durumda təşkilatın funksionallığını təmin etmək adi məsələ deyildi. Çünki koronavirus bəlası bəşəriyyətin indiyədək keçmədiyi yol idi. Həmin yolu necə getmək, bədbinlikləri və çarəsizlikləri yenərək, insanlıq üçün faydalı nəticələr əldə etmək, həqiqətən, böyük əzmkarlıq tələb edirdi. 

Mövcud situasiyada ölkəmiz sədrlik gündəliyini yeni reallığa çevik və effektiv şəkildə uyğunlaşdırmağı bacardı. Prezident İlham Əliyevin təşəbbüsü ilə QH pandemiya ilə mübarizədə qlobal lider rolunu oynadı. Bu missiya dünya ictimaiyyətinin bəşəri təhdidlə mübarizədə səfərbərliyini təmin etdi. Mövcud istiqamətdəki ilk addım isə 2020-ci ilin mayında atıldı. Həmin il Hərəkat liderləri səviyyəsində COVID-19 ilə mübarizəyə həsr edilmiş onlayn sammit düzənlədi. Dövlətimizin başçısı mötəbər toplantıda BMT Baş Assambleyasının pandemiya ilə mübarizə ilə bağlı xüsusi sessiyasının keçirilməsini irəli sürdü. 150-dən çox ölkə tərəfindən dəstəklənmiş bu təşəbbüs 2020-ci ilin dekabrında baş tutdu. Xüsusi sessiyada dünyanın yetmişdən çox dövlət və hökumət başçısı çıxış etdi. Toplantı COVID-19 ilə mübarizəyə həsr olunmuş ən qlobal tədbir kimi yadda qaldı.

Peyvənd millətçiliyinə qarşı mübarizə

Məsələ burasındadır ki, COVID-19 pandemiyası bəşəriyyət üçün ilk olduğundan, ona reaksiyalar müxtəlif idi. Belə təəssürat yaranırdı ki, hər bir dövlət ancaq özünü düşünür. Sanki dünyanın sonudur... 

Əslində, pandemiya reallığı özünü mütərəqqi sayan, demokratizmi, humanist dəyərləri və prinsipləri təlqin və təbliğ etdiyini hayqıran bir çox dövlətlərin saxta mahiyyətini ortaya qoydu. Ümumən, təəssürat yarandı ki, insanlığın həmin vaxtadək keçdiyi yol, əldə etdiyi həyati normalar, çətinlik qarşısında məhv olma perspektivinə məhkumdur. Bu mənfi tendensiya özünü məhz peyvənd millətçiliyi zəminində göstərdi. 

Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatı tərəfindən BMT İnsan Hüquqları Şurasında, qurumun Baş Assambleyasında bütün ölkələrin peyvəndlərə bərabər yanaşması metodologiyası irəli sürüldü. Bu yanaşma  peyvəndlər üçün məqbul qiyməti, vaxtında və universal əlçatanlığı hədəf seçdi. Mövcud amil BMT-nin sənədlərində də nəzərə alındı.

Azərbaycanın töhfəsi

Ölkəmiz COVID-19 pandemiyasının tüğyan etdiyi mərhələdə qlobal səhiyyə böhranının aradan qaldırılmasına da öz dəstəyini göstərdi. Təsəvvür edin,  özü də pandemiya ilə mübarizədə aparan, üstəlik Vətən müharibəsi kimi ağır sınaqdan çıxmış respublikamız, digər dövlətlərin ehtiyaclarını qarşılamağı düşündü. Azərbaycan, əksəriyyəti Qoşulmama Hərəkatının üzvləri olmaqla, 80-dən çox ölkəyə müxtəlif səpkili yardımlar göstərdi. Yəni,  böyüklük etdik, QH-yə sədrliyin mənəvi haqqını verdik. 

Həmin müddətdə Ümumdünya Səhiyyə Təşkilatına da yardım göstərən Azərbaycan quruma 10 milyon ABŞ dolları dəyərində könüllü maliyyə töhfəsi ayırdı. Bu, respublikamızın yardım alan ölkədən, fəal donora çevrilməsinin təsdiqi idi. 

Dünya beşdən böyükdür ...təşkilatlanma

Azərbaycan QH sədrliyi dövründə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT tribunasından səsləndirdiyi “dünya beşdən böyükdür” fikrini əməli fəaliyyət müstəvisinə daşıdı. BMT “beşliyinə” qarşı Qoşulmama Hərəkatını alternativ kimi meydana çıxarmağa müvəffəq oldu. Prezident İlham Əliyev ölkəmizin 2019-cu ildə Hərəkatın sammitinə uğurla evsahibliyi etdiyi tədbirdə bildirdi ki, Azərbaycan öz sədrliyi dövründə beynəlxalq hüququ və ədaləti müdafiə edəcək, fəaliyyətini tarixi “Bandunq prinsipləri” üzərində quracaq. Dövlətimizin başçısı həmişəki kimi, sözünü tutdu və onun sədrliyi dövründə ölkəmiz beynəlxalq müstəvidə Hərəkat üzvlərinin ədalətli mövqeyini müdafiə etməklə də tarixə düşdü.

Azərbaycan digər təsisatlarla dialoqun qurulması və inkişafı, ümumən əməkdaşlıq coğrafiyasının genişləndirilməsinə yönələn sistemli və ardıcıl fəaliyyətə üstünlük verdi. Bu təşəbbüs ən az inkişaf etmiş, dənizə çıxışı olmayan kiçik ada ölkələrinin üzləşdikləri təhdidlərə xüsusi diqqətin ayrıldığı dialoq platformasının formalaşması baxımından əhəmiyyətli idi. Dünya həmin platforma üçün əməli töhfə nümunəsini Qoşulmama Hərəkatının 2023-cü ilin martında Bakıda keçirilmiş sammiti zamanı gördü. Azərbaycanın lideri sözügedən kateqoriyadan olan dövlətlərə və Afrika ölkələrinə pandemiyadan sonrakı bərpa məqsədilə Qlobal Çağırışlar elan etdi, hər iki Çağırışa 1 milyon ABŞ dolları vəsait ayırdı.

2021-ci ildə Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantı keçirildi. Prezident İlham Əliyev həmin tədbirdəki  çıxışında Hərəkata üzv dövlətlərin təşkilatlanma ideyasını irəli sürməklə diqqət çəkdi. Nəticə etibarilə, qurumun parlament və gənclər şəbəkələrinin yaradılması işlərinə başlanıldı. 2022-ci ildə Şuşa razılaşması əsasında daimi katibliyi Bakıda yerləşməklə, Hərəkatın Gənclər Təşkilatı təsis olundu. Burada daha bir əlamətdar məqam Şuşanın adının QH-nin tarixinə düşməsidir. 

Onu da diqqətə çatdıraq ki, 2021-ci ildə Prezident İlham Əliyev Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Toplantıdakı çıxışında Serbiyada postpandemiya dövrünün müzakirəsi məsələlərindən söz açmış, bu məqsədlə QH-yə üzv ölkələrin yüksək səviyyəli görüşünün keçirilməsi təklif etmişdi. Həmin görüş ölkəmizdə təşkil olundu. QH-nin COVID-19-a cavab üzrə Təmas Qrupunun növbəti sammiti kimi rəsmiləşmiş tədbirdə başlıca mövzu pandemiyadan sonrakı dünya düzəni idi. 

Bu sammiti Hərəkatın, belə demək mümkünsə, dünyaya açılımında müstəsna hadisə kimi dəyərləndirmək mümkündür. Belə rəyə gəlmək üçün tədbirdəki müzakirə mövzularına diqqət yetirək: beynəlxalq sülh və təhlükəsizlik, beynəlxalq hüququn işləməməsi, ədalətin bərqərar olmasının vacibliyi, Şərq-Qərb ziddiyyətləri, “soyuq müharibə” mentaliteti. Sammit, eyni zamanda, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün səylərin gücləndirilməsi, ərzaq təhlükəsizliyi, su qıtlığı, iqlim dəyişikliyi kimi mühüm əhəmiyyət daşıyan məsələlərə də diqqət ayrılması baxımından yadda qaldı.

Neokolonializmlə mübarizə

Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi vurğuladığı məsələlərdən biri də neokolonializmlə mübarizədir. Nəzərə alaq ki, Hərəkat dekolonizasiya mühitinin məhsulu kimi meydana çıxmış qurumdur. Yəni, QH-yə üzv dövlətlərin bir çoxu vaxtilə müstəmləkə siyasətindən əziyyət çəkiblər. Deməli, qurumun yeni müstəmləkəçilik meyillərinə qarşı barışmaz mövqe tutması şərtdir. Dövlətimizin başçısı da məhz buna görə bu ilin martındakı sammitdə məsələyə diqqət yetirdi. Prezident Fransanı Afrikada, Cənub-Şərqi Asiyada və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırdı.

Azərbaycanın QH müstəvisində qoyduğu liderlik təməli o qədər möhkəmdir ki, vaxt gələcək, müstəmləkəçilik siyasətini həyata keçirmiş, Fransanın timsalında Afrika xalqlarına qarşı bəşəri cinayətlər, soyqırımları gerçəkləşdirmiş dövlətlər üzr istəməyə, günahlarına görə məsuliyyət daşımağa məcbur olacaqlar. Qurumun sürətlə dəyişən dünyada öz mövqeyini və yerini müəyyənləşdirən cəsarətli addımlar atması bu istiqamətdəki etibarlı təminatdır. 

Əlbəttə, multirealizm nümunəsi olan Hərəkatın məqsədlərinə çatması heç də asan deyil. Nəzərə alaq ki, fərqli etnik, dini, mədəni köklərə, siyasi quruluşlara malik və 120 dövlətdən ibarət qurumun mürəkkəb birləşdirici təsisat kimi effektiv təsir mexanizmlərinə sahibliyi adi məsələ sayılmamalıdır. Ancaq Prezident İlham Əliyevin sədrliyi ilə oturuşmaqda olan struktur əldə etdiyi çevik keyfiyyətləri ilə nikbinlik doğurmaqdadır. 

Qoşulmama Hərəkatının faydaları

Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyünün, daha sonra isə sədrliyinin ölkəmiz üçün müstəsna siyasi dividendləri var. Bu anlamda bir neçə məqamın üzərində dayanmaq mümkündür. Birincisi, ölkəmiz Hərəkatın timsalında özünün haqq səsini dünyaya bəyan edən, kifayət qədər ciddi platforma qazandı və ondan yetərincə faydalanmağı bacardı. Bu baxımdan 2021-ci ildə Azərbaycanın 155 ölkənin səsini əldə edərək, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsini diqqətə çatdırmaq mümkündür. Prosesin reallaşmasında QH ölkələrinin dəstəyi xüsusi vurğulanmalıdır. 

İkincisi, QH ölkələrinin Azərbaycanın ədalətli mövqeyinə dəstəyi barədə də ayrıca söz açmağa ehtiyac var. Xüsusi dəstək 2020-ci ilin Vətən müharibəsi dövründə özünü göstərdi. Belə ki, savaş günlərində BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş bəyanatın qarşısını yeddi QH ölkəsi böyük inamla aldı. Buna bənzər hadisə 2022-ci ildə də yaşandı. Yəni, QH ölkələrinin nümayiş etdirdikləri prinsipiallıq nəticəsində, beynəlxalq hüququn normaları fərqli interpretasiyaya və yozumlara məruz qalmadı, nəticədə Azərbaycanın ədalətli mövqeyi dəstək qazandı. Bu amil Hərəkat üzvlərinin həm də etibarlı tərəfdaş obrazını canlandırdı. 

Üçüncü məqamı vurğulayaq. Torpaqlarımızn işğaldan azad olunmasından sonra ölkəmizin yeni çağırışlarla – dağıntılarla, mina partlayışları ilə, ərazilərin bərpası məsələləri ilə, itkin düşmüş şəxslər problemlərilə üzləşdi. Bu zaman da Azərbaycan QH-yə üzv dövlətlərin timsalında etibarlı tərəfdaşlar tapdı. Prezident İlham Əliyev Hərəkata üzv ölkələrin bir hissəsinin mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifi ilə çıxış etdi. Dövlət başçımızın bu təşəbbüsü də geniş dəstək qazandı. 

Sonda onu da vurğulayaq ki, diqqətə çatdırdıqlarımız Azərbaycanın Qoşulmama Hərəkatındakı təmsilçiliyinin və quruma sədrliyinin dünya miqyaslı hadisə olduğunu söyləməyə əsas verən tarixi faktlardır. Elə bir faktlar ki, onların müstəqil dövlətçiliyimiz üçün əhəmiyyətinə üzərindən illər keçdikdən sonra daha düzgün qiymət vermək mümkün olacaq. Heç şübhəsiz, bu qiymətin məğzini güclü və qüdrətli Azərbaycan amili, cənab ­İlham Əliyevin şəxsində böyük lider obrazı təşkil edəcəkdir. 

 

Ə.RÜSTƏMOV, 
“Xalq qəzeti”

 

 



Siyasət