ADA Universitetində sosial məsuliyyət ruhunu təcəssüm etdirən Hacı Zeynalabdin Tağıyev Mükafatının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Sosial Məsuliyyət Günü münasibətilə təşkil olunan tədbir universitetin dəyərlərini əks etdirən və gənclərin təşəbbüskar ruhunu ortaya qoyan əlamətdar gün kimi xüsusi ruh yüksəkliyi ilə qeyd edilib.
Tədbirdən əvvəl kampusda təşkil olunan sərgidə tələbələr il ərzində ərsəyə gətirdikləri sosial təsirə malik təşəbbüslərini təqdim ediblər.
ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev çıxışında tədbirin əhəmiyyətindən bəhs edərək bildirib: “Biz ADA Universitetində təkcə savadlı deyil, dəyərlərə bağlı, məsuliyyətli vətəndaşlar yetişdiririk. Bu işdə Hacı Zeynalabdin Tağıyev kimi xeyriyyəçilərin irsi bizə bələdçilik edir, yol göstərir. Tələbələrimizin də bu irsi yaşadaraq bunu gələcəyə daşımağa çalışması nailiyyətlərimizdən biridir”.
ADA Universitetinin prorektoru Günay Ziyadova bu təşəbbüsün on ildən artıqdır ki, ADA-nın əsas ənənələrindən birinə çevrildiyini vurğulayıb.
Tədbirdə, həmçinin Hacı Zeynalabdin Tağıyevin nəslinin davamçıları da iştirak ediblər.
Tədbirin sonunda münsiflər heyətinin üzvləri qalib komandaları elan edib.
Birinci yerə sahib olan “Benjamin Buttons” komandası 2500 manat, ikinci yeri qazanan “Tech4Equity” komandası 1500 manat, üçüncü yerə çıxan “Empower Disability” və “She Leads” komandaları 1000 manat məbləğində mükafat qazanıblar.
Qeyd edək ki, bu il yüzdən çox ADA tələbəsi müxtəlif mövzularda layihələr həyata keçirib. Onlar yalnız Bakıda deyil, həmçinin regionlardakı məktəblərdə, qocalar evlərində və ictimai məkanlarda fəaliyyət göstərərək cəmiyyətin sosial inkişafını dəstəkləyən təşəbbüslərlə çıxış ediblər.
Layihə təşəbbüsləri təhsil və biliklərin əlçatanlığının artırılması, gənclərə yumşaq bacarıqların ötürülməsi, ətraf mühitin qorunması və ekoloji maarifləndirmə, texnologiya və innovasiyanın sosial fayda üçün tətbiqi, eləcə də sosial inteqrasiya və icma ruhunun gücləndirilməsi sahələrini əhatə edib.