Kəşmirdə baş vermiş son terror hadisəsi Hindistan və Pakistan arasındakı münasibətləri xeyli gərginləşdirib. İslamabadın israrla təkzib etməsinə və Kəşmirdə baş vermiş terror hadisənin hərtərəfli və ədalətli araşdırmasına beynəlxalq təşkilatların və ölkələrin də cəlb edilməsi ilə bağı çağırışlarına baxmayaraq, Yeni Delhi Pakistanı ittiham etmək mövqeyindən əl çəkmir. Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığından sonra bildirib ki, Pahalqam atışmasının günahkarları və təşkilatçıları məsuliyyətə cəlb edilməlidir.
“The Pakistan Times” qəzetinin yazdığına görə, Pakistanın Baş nazirin müavini və xarici işlər naziri İshaq Dar isə mətbuat konfransında xəbərdarlıq edib ki, Cammu və Kəşmir əyalətinin Pahalqam bölgəsindəki hücumdan sonra Hindistanın “siyasi motivli və təxribat xarakterli hərəkətləri” səbəbindən Cənubi Asiya regionunda sülh və sabitlik ciddi təhlükə altındadır. “Terrorun qurbanı olan Pakistan zərər çəkənlərin ağrısını hamıdan daha yaxşı başa düşür”,-deyən xarici işlər naziri əlavə edib ki, İslamabadı hadisə ilə əlaqələndirmək cəhdi “əsassız və məsuliyyətsizdir”. Bu gərginlik Cənubi Asiyada və ona bitişik regionlarda, o cümlədən Cənubi Qafqazda da strateji təsirlərə malikdir. Azərbaycan isə bu iki dövlətlə fərqli istiqamətlərdə əməkdaşlıq qurmağa çalışan və praqmatik siyasət yürüdən bir aktor kimi çıxış edir.
Hindistan iddia edir ki, Pakistan təhlükəsizlik qüvvələrinin Kəşmirə hücumda iştirakına dair “təkzibedilməz dəlilləri” var. İslamabad isə bu ittihamı qəti şəkildə rədd edir və hadisənin araşdırılmasına beynəlxalq ekspertlərin də cəlb olunmasına çağırır. Pakistanın strateji müttəfiqi Çin də İslamabadın bu tələbini dəstəkləyir. Amma Hindistan Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asifin “əgər genişmiqyaslı hücum və ya buna bənzər bir şey olarsa, bunun ardınca mütləq genişmiqyaslı müharibənin gələcək” xəbərdarlığına baxmayaraq, vəziyyəti daha da gərginləşmək əzmini nümayiş etdirir. Pakistan Milli Təhlükəsizlik Şurasının bəyanatında Hindistanın hərəkətlərini “birtərəfli, ədalətsiz, siyasi motivli, yüksək məsuliyyətsiz və hüquqi dəyərdən məhrum” adlandırılıb: “Hindistanın iddialarının əksinə olaraq, Pakistan İslam Respublikasında Hindistan tərəfindən dəstəklənən terrorizmə dair təkzibedilməz sübutlara malikdir”.
Pakistan Senatı da (parlamentin yuxarı palatası) Hindistanın hərəkətlərini kəskin şəkildə pisləyən qətnamə qəbul edib. Qətnamədə deyilir ki, Pakistan terror hadisəsini əsassız olaraq Pahalqam şəhərindəki hücumla əlaqələndirmək cəhdini qəbul etmir. Bununla bağlı Pakistan günahkarların müəyyən edilməsi üçün müstəqil beynəlxalq araşdırma aparmağı təklif edir. Ölkənin müdafiə naziri Xavaca Məhəmməd Asif də “RİA Novosti”yə müsahibəsində deyib ki, danışıqların və ya boş bəyanatların heç bir təsiri yoxdur: “Pakistanın iştirakına və ya bu insanların Pakistan tərəfindən dəstəklənməsinə dair hansısa sübutlar olmalıdır”. O, Şanxay Əməkdaşlıq Təşkilatının tərəfdaşları olan Moskva və Pekini nüfuzlu arbitr kimi cəlb etməyə çağırıb: “Rusiya və ya Çin və hətta Qərb ölkələri bu böhranda çox müsbət rol oynaya bilər və Hindistan və ya Modinin yalan və ya həqiqəti söylədiyini araşdırmaq üçün istintaq qrupu yarada bilər”.
Əlbəttə, qarşılıqlı ittihamlar, diplomatların geri çağırılması və ikitərəfli əməkdaşlığın bəzi formalarının dayandırılması gərginliyi durmadan artırır. Kəşmir ilə de-fakto sərhəddə atışma və hərbi toqquşmalar qeydə alınır. Xüsusilə Hindistanın Hind Suları Müqaviləsində iştirakını dayandırdığını elan etməsi isə Pakistanın kəskin reaksiyasına səbəb olub və İslamabad bu addımı müharibə elanı kimi qiymətləndirir. Hindistanın sudan silah, terror kimi istifadə etməsi Pakistana açıq hücumdan deməkdir. Mütəxəssislərin sözlərinə görə, Hindistan hökumətinin bu məntiqsiz və çox məsuliyyətsiz addımı çox təhlükəli nəticə verə bilər.
Təbii ki, bütün bunlar Hindistanın Cammu və Kəşmirin xüsusi statusunu ləğv etdiyi 2019-cu ildən bəri ölkələr arasında mövcud olan “soyuq sülhü” təhlükə altına alır. O vaxtdan bəri ikitərəfli münasibətlər substantiv dialoqun olmaması və məhdud təmaslar ilə xarakterizə olunan minimum səviyyədə idi. Əslində, iki ölkə dialoqunda yaranmış bu acınacaqlı vəziyyətin səbəbi Yeni Delhinin yürütdüyü siyasətdir. Hindistan işğal altında olan Cammu və Kəşmirdə kəşmirlilərin azadlıq mübarizəsini yatırmaqda acizliyinə görə Pakistanı günahlandırması yeni hal deyil. Heni Delhi uzun müddətdir ki, daxili siyasi və təhlükəsizlik uğursuzluqlarını gizlətmək və Cammu və Kəşmirin işğal olunmuş ərazilərində qəddarlıq və terrordan istifadə edib. Təəssüf ki, bu təhlükəli siyasət islamafobiyanı təbliğ etmək üçün də istifadə olunur.
Hindistanın iddialarına baxmayaraq, Pakistan iyirmi ildən artıqdır ki, terrora qarşı mübarizədə ön sıralarda yer alıb. 2001-ci il 11 sentyabr hadisələrindən sonra ABŞ-ın əsas müttəfiqinə çevrilən İslamabad mürəkkəb regionda terrorla mücadilə aparmaqla yanaşı, terror qurbanına da çevrilib. Təkcə 2010-cu illərin əvvəllərində Pakistanda hər il təqribən 3-4 min nəfər insan terror hadisələrində həyatını itirib. Məsələn, 2014-cü ildə terrorçular Peşəvər məktəbinə hücum edərək, 150-dən çox məktəblini qətlə yetirmişdilər. Hərbi qulluqçulara və polisə qarşı silahlı hücumlar da geniş yayılıb. Yəni sadə vətəndaşlar, əsgərlər, jurnalistlər, müəllimlər - cəmiyyətin müxtəlif təbəqələri terrorizmin hədəfinə çevriliblər. Bu baxımdan, Pakistan terrordan ən çox əziyyət çəkən ölkələrdən biri kimi qiymətləndirilir.
Pakistan həm də beynəlxalq münasibətlərdə ədalətli yanaşmanın tərəfdarı olduğunu da təsdiqləyən əməli addımlar atması ilə tanınır. Məsələn, Pakistan Qarabağ münaqişəsinin həllində hər zaman dövlətlərin ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıb. Ermənistan ilə diplomatik əlaqələr qurmayan yeganə ölkə kimi Pakistan Azərbaycanın Bakıya xüsusi siyasi dəstək kimi qiymətləndirilir. Dostluğa, qarşılıqlı hörmətə və ortaq maraqlara əsaslanan Pakistan–Azərbaycan münasibətləri ortaq dini və mədəni kimlik, geosiyasi maraqların uyğunluğu və regional təhlükəsizlik məsələlərində koordinasiya prinsipləri əsasında formalaşıb. Bu münasibətlər təkcə dostluq ritorikasından ibarət deyil, həm də strateji praqmatizm üzərində qurulub. Regional geosiyasi dəyişikliklər fonunda bu tərəfdaşlığın dərinləşdirilməsi hər iki ölkənin maraqlarına uyğundur və asimmetrik regional güc balansında qarşılıqlı mövqe gücləndirici rol oynayır.
Əlbəttə, Pakistan–Azərbaycan münasibətləri yalnız dostluğa deyil, geosiyasi rasionallığa və ortaq strateji maraqlara əsaslanır. Buna görə görə, Hindistan-Pakistan münasibətlərində gərginliyin daha da artması Azərbaycanın da maraqlarına uyğun deyil. Həm Hindistan, həm də Pakistan nüvə gücləridir. Onların arasında istənilən böyük hərbi münaqişə nüvə həddinə qədər eskalasiya riski daşıyır, bunun nəticələri təkcə iki ölkə üçün deyil, bütün region və hətta dünya üçün fəlakətli olardı. Nüvə silahlarının məhdud istifadəsi belə “nüvə qışı”na və qlobal iqlim dəyişikliyinə səbəb ola bilər. Buna görə də, bu münaqişənin təhlükəli ölçüdə inkişaf etməməsi beynəlxalq ictimaiyyətin kritik çağırışlardan birinı çevrilib.
Rəsmi Bakı, ümumiyyətlə, beynəlxalq mübahisələrin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmasının tərəfdarıdır. Hindistan və Pakistan arasındakı gərginliklə bağlı Azərbaycan adətən tərəfləri təmkinli olmağa, gərginliyi azaltmağa və dialoqu bərpa etməyə çağırır. Bu baxımdan deyə bilərik ki, Azərbaycanın Hindistan-Pakistan gərginliyi kontekstindəki mövqeyi rəsmi səviyyədə sülh, dialoq və beynəlxalq hüquqa əsaslanan həll çağırışlarından ibarətdir. Bu, ölkənin ümumi xarici siyasət kursuna və regionda sabitlik maraqlarına uyğundur. Rəsmi Bakı üçün məqsəd milli maraqları və regional sabitliyi qorumaqla, hər iki güc mərkəzi ilə əlaqələri optimal səviyyədə saxlamaqdır. Bu yanaşma Azərbaycanın çoxvektorlu xarici siyasət doktrinasına uyğun gəlir və onun müstəqil diplomatik manevr imkanlarını genişləndirir.
Bununla belə, Azərbaycanın Pakistanla münasibətləri kifayət qədər dərin və çoxşaxəlidir. İki ölkə arasında ideoloji yaxınlıq – İslam həmrəyliyi, Qarabağ məsələsində prinsipial dəstək və müdafiə sahəsində əməkdaşlıq bu münasibətləri strateji müstəviyə çıxarıb. Bu mövqe yalnız ikitərəfli deyil, həm də regional sabitlik üçün mühüm töhfədir. Rəsmi Bakı əmindir ki, Hindistan və Pakistan arasındakı münasibətlərdə xroniki gərginlik və vaxtaşırı alovlanma regionda qeyri-sabitlik və inamsızlıq mühiti yaradır ki, bu da sülhpərvər siyasət yürüdən ölkələrin milli maraqlarına ziddiyyət təşkil edir. Pakistan heç vaxt Hindistanı aqressiv mövqe və hərəkətləri ilə təhdid etməyib və Yeni Delhinin təhdidlərindən əl çəkməsi iki ölkə arasındakı gərginliyin azalmasına gətirib çıxara bilər. Dünya ictimaiyyəti də Hindistandan məhz belə addım atmasını gözləyir.
Səbuhi MƏMMƏDOV
XQ