Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Amnesty International” beynəlxalq qeyri-hökumət təşkilatının baş katibi Aqnes Kallamarda açıq etiraz məktubu ünvanlayıb.
Ombudsman Aparatından XQ-yə bildirilib ki, məktubda sözügedən təşkilatın rəsmi internet səhifəsində yayımladığı 2024-cü il üzrə dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair hesabatında ölkəmizə dair həqiqəti əks etdirməyən, birtərəfli, qərəzli məlumatların yer almasının həmin təşkilatın insan hüquqları sahəsində obyektivlik və ədalət prinsiplərindən uzaq olduğunu bir daha sübut etdiyi qeyd olunub.
Eyni zamanda, hesabatda deyilənlərin əksi olaraq, ölkəmizdə ötən il keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təmsilçilik baxımından geniş əhatəyə malik olduğu, inklüzivliyin təmininə xüsusi diqqət yetirildiyi və vətəndaş cəmiyyəti nümayəndələrinin də fəal iştirakına şərait yaradıldığı bildirilib.
Qeyd edilib ki, “Amnesty International” tərəfindən hesabat hazırlanan zaman ədalətlilik prinsipi gözlənilsəydi, həmin sənəddə 1987-ci ildən başlayaraq münaqişə ilə əlaqədar Ermənistandan zorla qovulmuş 250 mindən artıq azərbaycanlının qayıdış məsələsinə də diqqət olunardı. Ermənistanın beynəlxalq sənədlərə əsasən üzərinə götürdüyü öhdəliklərə əməl edərək, azərbaycanlıların yaşadıqları ərazilərə təhlükəsiz şəraitdə və ləyaqətlə qayıtmasına dair zəmanət verməsinin əhəmiyyəti vurğulanıb.
Məktubda Azərbaycanın azad edilmiş ərazilərində insanların hüquq və azadlıqlarına ciddi təhlükə yaradan Ermənistanın mina terroru, Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş 4000-ə yaxın azərbaycanlının sonrakı taleyi ilə bağlı Ermənistanın hər hansı məlumat verməməsi məsələlərinə də xüsusi olaraq toxunulub, bu cür faktların tamamilə gözardı edilməsinin təşkilatın insan hüquqları məsələlərinə yanaşmasında ciddi qərəz və ikili standartların mövcudluğunu açıq şəkildə göstərdiyi diqqətə çatdırılıb.
Məktubda, həmçinin Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində saxlanılan şəxslərin hüquqlarının təmini, eləcə də saxlanılma şəraiti və sağlamlıq vəziyyətinin daim diqqət mərkəzində saxlanıldığı, Ombudsman təsisatının saxlanılan şəxslərlə bağlı istənilən məlumatın dəqiqləşdirilməsinə daim açıq və hazır olduğu, aparılan araşdırmaların nəticələrinin mütəmadi şəkildə geniş ictimaiyyətə təqdim olunduğu, hesabatda bu kimi məlumatlara istinad edilmədiyi təəssüflə qeyd edilib.
Ombudsman yekunda beynəlxalq qeyri-hökumət təşkilatları da daxil olmaqla, bütün təşkilatları insan hüquqlarına dair hesabatlar hazırlayarkən beynəlxalq hüququn ümumtanınmış prinsiplərinə hörmətlə yanaşmağa, ədalətlilik, qərəzsizlik prinsiplərini pozmamağa, yalnız obyektiv və təsdiqlənmiş faktlara əsaslanmağa çağırıb.