Dünyanın qəbul etdiyi dahi şəxsiyyət

post-img

(Əvvəli https://xalqqazeti.az/sosial-heyat/131873-dunyanin-qebul-etdiyi-dahi-sexsiyyet)

1994-cü ildə Prezident Heydər Əliyev BMT Baş Məclisinin sessiyasında ilk dəfə Azərbaycan reallıqları və Ermənistanın təcavüzünün ağır nəticələri barədə çıxış etdi. Beynəlxalq birliyi təcavüzkara qarşı durmağa çağırdı. Səfər başa çatdı və biz Bakıya qayıtdıq. Yalnız onda bildik ki, Heydər Əliyev səfərdə olarkən Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov və Milli Məclis sədrinin müavini Afiyəddin Cəlilov vəhşicəsinə qətlə yetiriliblər... Prezidentin ABŞ səfərilə bağlı materialları efirə hazırlayırdıq. Montaj zamanı bir kadr diqqətimi çəkdi. Statik planda dövlət başçısının nəzərləri çox qayğılı bir formada uzaqlara dikilmişdi. Mən onda başa düşdüm ki, dəhşətli qətllər barədə prezident elə həmin andaca məlumat almış, lakin nümayəndə heyəti üzvlərindən heç kimə bunu sezdirməmişdi. O, sarsılmışdı. Lakin itkinin ağırlığına baxmayaraq, BMT Baş Məclisinin sessiyasında da məğrur görkəmlə, qətiyyətlə çıxış etdi. Bəli, Heydər Əliyev ən çətin və ağır məqamlarda soyuqqanlılığını qoruyub saxlayan lider idi.

Sözün qüdrətinə inam 

Prezidenti müşayiət etdiyim bütün xarici səfərlərdə ona göstərilən böyük jurnalist marağının şahidi olmuşam. Hər hansı ölkənin paytaxtında, elə aeroportdaca Azərbaycan liderini ən azı 25-30 jurnalist qarşılayırdı. Onların arasında hər zaman “Assoşieyted press”, “Röyter”, “Bi-Bi-Si”, “Vaşinqton Post”, “Nyu-York Tayms”, “Qardian”, “Fiqaro” və başqa nəhəng media qurumlarının nümayəndələri də olurdu. Heydər Əliyev heç vaxt jurnalistlərdən qaçmaz, ən sərt sualları belə cavablandırmaqdan yayınmazdı. Eksklüziv müsahibələr vermək üçün istirahət vaxtını “xərcləyirdi”. 

O, xarici səfərlər zamanı 14-16 saat işləyirdi. Diqqət çəkən bir məqam var idi. Zirvə toplantılarında iştirak edən jurnalistlər digər dövlətlərin rəhbərləri ilə müqayisədə Azərbaycan Prezidentinə daha çox suallar verirdilər. Yaxşı yadımdadır. 1995-ci ildə Almatıda MDB dövlət başçılarının zirvə toplantısı keçirilirdi. Sonda mətbuat konfransı təşkil olundu. Giriş sözü ilə konfransı Rusiyanın Baş naziri Viktor Çernomırdin açdı (Boris Yeltsin bir qədər əvvəl ziyafətdə iştirak etdiyi üçün mətbuat konfransına qatılmamışdı). Suallar verilməyə başlandı. Onlar əsasən Çernomırdin və Heydər Əliyevə ünvanlanırdı. Növbəti suala cavab verən Prezident həmkarlarını vəziyyətdən çıxarmaq üçün gülə-gülə dedi: “Viktor Stepanoviç, bəlkə digər prezidentlərin vaxtını almamaq üçün mən ayrı bir zala keçim?” Zalda alqış səsləri ucaldı. Bax, jurnalistlərin Heydər Əliyevə marağı belə güclü idi. 

Eyni münasibəti türkdilli dövlətlərin Ankarada, İslam Konfransı Təşkilatının Kasablankada keçirilən zirvə toplantılarında da görmüşəm. Onu da müşahidə edirdim ki, digər dövlətlərin başçıları, tanınmış siyasət adamları bu və ya digər taleyüklü məsələlərlə bağlı məhz Azərbaycan liderinin mövqeyini öyrənməyə çalışırdılar. 1994-cü ilin sentyabrında Heydər Əliyevin Nyu-Yorka səfəri zamanı keçirilən görüşlərdən birində Bil Klinton dedi: “Siz, cənab Prezident Heydər Əliyev, keçmiş sovetlər birliyinin rəhbərlərindən biri olmusunuz. Deyə bilərsinizmi ki, mən ruslarla münasibətləri necə qurum?”

Heydər Əliyev hər kəsdən və hamıdan yaxşı bilirdi ki, yeni Azərbaycan mətbuatı müstəqil Azərbaycanın, demokratiyanın körpə balasıdır və hələ ilk kövrək addımlarını atır. O hər kəsdən və hamıdan yaxşı bilirdi ki, Azərbaycan mətbuatı əsrimizin özü kimi mürəkkəb və ziddiyyətli, lakin şərəfli bir yol keçir. Azərbaycan jurnalistikası himayəyə, dövlət qayğısına möhtacdır. Bu səbəbdən də qayğısını   mətbuatdan əsirgəmirdi.

Nadir taktiki gedişlər

Ulu öndər sözə və sözünə sahib lider idi. O, sözün gücünə, qüdrətinə inanır və başqalarını da buna inandırmağı bacarırdı. 1994-cü ilin 4 oktyabrını ömrüm boyu unuda bilmərəm. Həmin gün axşam televiziyanın “Xəbərlər” redaksiyasına belə  məlumatlar daxil olurdu: “Gəncə Surət Hüseynovun tərəfdarlarının əlindədir. Onlar ətraf rayonları da tuturlar. XTPD-çilər 8-ci kilometrdəki qərargahlarından şəhərə hücuma hazırlaşırlar”.

Çəkiliş qrupumuz Prezident iqamətgahında idi. Şirkətin sədri vəziyyətin ağırlığı ilə bağlı məni məlumatlandırdı və zəruri tapşırıqlar verdi. Bildirdi ki, Prezident televiziya ilə xalqa müraciət edəcək. Az sonra dövlət başçısının müstəqil Azərbaycan dövləti və dövlətçiliyini xilas edən tarixi müraciəti efirə verildi. Yüz minlərlə adam – cavan, qoca, qadın, uşaq gecəyarısı Prezident Sarayının qarşısına toplaşdı. Təhlükə sovuşduruldu. Bununla da ümummilli lider onun ən böyük arxasının xalq olduğunu bir daha sübut etdi. Azərbaycanın tarixində ilk dəfə idi ki, xalq küçə və meydanlara iqtidarı devirmək üçün yox, Prezidenti müdafiə etmək üçün axışdı. Əgər hər hansı qüvvənin etibarına elə çətin məqamda şübhə ola bilərdisə, xalqın öz Prezidentinin yenilməzliyinə inam və sədaqəti şəksiz idi. Elə məhz buna görə də ümummilli lider “XTPD-nin qərargahını havadan bombardman etmək” kimi təkliflər də daxil olmaqla bütün avantüraları rədd etdi. O, xalqına arxalanaraq dövlət çevrilişinə cəhd edən qüvvələri sözünün gücü ilə yerində oturtdu.

Qarşıdurmada əks tədbirlər taktikasını və strategiyasını ancaq Heydər Əliyev dühası elə qura bilərdi ki, faciənin qarşısı alınsın, Azərbaycan dövlətçiliyi xilas edilsin. Bunun məhz belə olduğu dəfələrlə sübuta yetdi. 1995-ci il martın 11-də XTPD-nin komandiri Rusiya televiziyasının “Vesti” proqramına müsahibə verərək deyirdi: “Kopenhagendə rəsmi səfərdə olan Heydər Əliyev Bakıya qayıda bilməyəcək, qayıtsa da, Pakistana uça bilməyəcək”. Bu, o demək idi ki, dövlət çevrilişinin dəqiq vaxtı müəyyənləşdirilib və silah gücünə  bu çevriliş reallaşdırılacaq. Belə bir ağır məqamda Türkiyə prezidenti Süleyman Dəmirəl və baş nazir Tansu Çillər Kopenhagendə səfərdə olan Prezident Heydər Əliyevə Azərbaycandakı vəziyyətlə bağlı məluat verirlər. Hətta Süleyman Dəmirəl təklif edir ki, Prezident Ankaraya uçsun. Təbii ki, cəsarətli və sarsılmaz iradəyə malik lider bu təklifi qəbul etmir. Ən çətin məqamlarda soyuqqanlılığını qoruyan dövlət başçısı qəfil gediş edir və Bakıya dönüş vaxtını bir neçə saat irəli çəkir. Azərbaycan paytaxtında əsən şiddətli küləyin öz səmtini dəyişdirməsi də dövlət başçısının təyyarəsinin havada vurulmasına imkan vermir. Bax, bu, Heydər Əliyevin taktiki gedişlərinin tükənmədiyinin sübutu, strategiyasının qələbəsi idi. O, Bakıya qayıtdı və vəziyyəti şəxsi nəzarəti altına aldı. Hadisələrin sonrakı inkişafı isə hamıya bəllidir...

Sadəlikdən boylanan böyüklük

...İş otağımdakı xidməti telefon zəng çaldı. Dövlət başçısının köməkçisi Tariyel Ağayev bildirdi ki, Prezident mənimlə danışacaq. Təxminən bir dəqiqədən sonra dəstəkdən onun xarizmatik səsi gəldi: “İzvestiya” qəzetində çıxan materialı oxumusan?” – deyə soryuşdu. “Xeyr, cənab Prezident”, – deyə astaca cavab verdim. “Bəs, nə işlə məşğulsan? Oxu, mənimlə əlaqə saxla” deyərək dəstəyi asdı. Telefon əlimdə donub qaldım...

Bir qədər sonra AZTV sədrinin birbaşa telefonundan zəng gəldi: “Hazır ol, Prezident çağırır, gedirik”. Bir gün əvvəl “Xəbərlər”də Azərbaycan dövlətçiliyinin müdafiəsi ilə bağlı gedən bir süjetdə yol verilən nöqsan mənə bəlli idi. Lakin günahkar mən deyildim. Səhvin müəllifi Prezident Aparatının yüksək vəzifəli bir şəxsi idi. Prezidentin bizi həmin məsələ ilə əlaqədar çağırdığının fərqinə vardım. Dövlət başçısının kabinetinə daxil olanda mənə veriləcək sualı necə cavablandıracağım barədə düşünmək halında belə deyildim. Lakin içəridə gedən qısa söhbətdən mənə aydın oldu ki, dövlət başçısı həmin nöqsanın haradan gəldiyini yaxşı bilir. O, Azərbaycanın milli maraqlarının, dövlətin və dövlətçiliyinin qorunmasında informasiyanın rolu barədə fikirlərini qısa formada bildirəndən sonra mənə “Sən get”, – dedi. Bir daha əmin oldum ki, Prezident Heydər Əliyev əsas informasiya məkanının mətbəxini bütün incəliklərinə qədər bilir.

Oljas Süleymenovun bu fikirlərini xatırlayıram: “Vaxt gələcək, Şumer dövründən tutmuş zəmanəmizədək türklərin Bilqamıs (“Müdrik qəhrəman”), Bilgə xaqan (“Müdrik xaqan”), İltəriş (“Torpaqları birləşdirən”), Atatürk... kimi dahi adlara söykənən tarixi yazılacaq. Bizim zəmanəmiz Ustad titullu layiqli adlarla təmsil ediləcəkdir. Heydər Əlirza oğlu Əliyev belə Ustadların ən birincilərindəndir”.

SSRİ-nin təcrübəsi göstərirdi ki, Siyasi Büronun və Mərkəzi Komitənin Baş katibinin “vurduğu” şəxs bir daha ayağa qalxa bilmir. Lakin böyük şəxsiyyət olan Heydər Əliyev bunun əksini sübut edə bildi. O nəinki ayağa qalxa bildi, həm də müstəqil Azərbaycan Respublikasına 10 il rəhbərlik etməklə ölkəsini də ayağa qaldırdı. Azərbaycanın müstəqilliyinə dönməz xarakter verərək onu etibarlı əllərə əmanət etdi. 

 

Səyyad AĞBABALI,  
yazıçı-publisist

 

Siyasət