Vətən müharibəsinin başa çatmasından ötən iki il yeddi ay ərzində Ermənistanla sülh sazişinin imzalanması istiqamətində danışıqlar aparılsa da, hələlik bir nəticə əldə etmək mümkün olmur. Bunun da təqsirkarı, birmənalı olaraq, rəsmi İrəvandır. Haylar iki ölkənin şərti sərhədində vaxtaşırı təxribatlar törədir, danışıqlar prosesində yeni-yeni əsassız tələblər irəli sürür, prosesi hər vəchlə pozmağa çalışırlar. İki ölkə arasında sərhədlərin delimitasiya prosesində hələ də ciddi irəliləyiş əldə olunmayıb, Zəngəzur dəhlizinin açılması ləngiyir, Qarabağdan erməni yaraqlıları çıxarılmayıb, Ermənistan faktiki işğal altında saxladığı Azərbaycan anklavlarını qaytarmaqdan imtina edir.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 23-də Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olduqdan sonra etdiyi çıxış zamanı Ermənistanla aparılan danışıqlar prosesinə də toxundu. Qeyd etdi ki, bu gün bizə qarşı aparılan çirkin kampaniyanın heç bir əhəmiyyəti yoxdur və olmayacaq: “Bizim iradəmizə heç kim təsir edə bilməz. Əgər Vətən müharibəsi dövründə bizim iradəmizə heç kim təsir edə bilmədisə, bu gün, təbii ki, heç kim təsir edə bilməz. Yenə də deyirəm, biz haqq-ədaləti tələb edirik. Bu gün Ermənistanla aparılan sülh danışıqlarının yekunlaşması həm bizə lazımdır, həm də daha çox Ermənistana lazımdır. Bu sülh anlaşması beynəlxalq hüququn norma və prinsipləri əsasında imzalanmalıdır. Bu sülh anlaşmasında postmüharibə reallıqları nəzərə alınmalıdır. Bu, təbiidir. Biz qalib gəlmişik, biz qan tökmüşük, şəhidlər vermişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Biz öz torpağımızda müharibə aparmışıq və bu gün öz torpağımızda yaşayırıq və yaşayacağıq”.
Həqiqətən də, bu gün sülh danışıqlarının başa çatması və müqavilənin imzalanması daha çox Ermənistana lazımdır. Bu ölkənin əvvəlki hakim zümrələri – Robert Koçaryan, Serj Sarkisyan rejimləri Azərbaycanla münaqişənin qızışdırılması üzərindən iqtidara gəliblər. Onlar erməni xalqını 20 ildən artıq qorxu mühitində, faktiki olaraq əsarətdə saxlayıblar. Qarabağ məsələsindən istifadə edərək var-dövlət toplayıb, sərvətlərini artırıblar. Erməni xalqı isə bu illər ərzində əzab-əziyyət içində yaşayıb. Nikol Paşinyan 2018-ci ilin mayında hakimiyyətə gəldikdən sonra sülh yolu ilə nizamlanmaya ümidlər yaranmışdı. Həmin ilin mayında ordumuzun keçirdiyi uğurlu Günnüt əməliyyatı Paşinyana Azərbaycanın öz torpaqlarını işğaldan azad edə biləcəyinin siqnalı olmalı idi. Ancaq Nikol Vovayeviç başqa yol tutdu. 2019-cu ilin avqustunda işğal altındakı Xankəndi şəhərinə qanunsuz səfəri zamanı “Qarabağ Ermənistandır və nöqtə” sözlərini işlətdi. Bu sözü həmin ilin sentyabrında Qarakilsə (ermənilər Vanadzor deyir-S.H.) şəhərində keçirdiyi mətbuat konfransında da təkrarladı. Bütün bunların nəticəsi göz önündədir: Ermənistanın təhriki ilə başlayan İkinci Qarabağ müharibəsi onun biabırçı məğlubiyyəti ilə yekunlaşdı. “Qarabağ Ermənistandır və nöqtə” deyənlər bu gün cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır!” sözünü təkrarlayırlar. Ancaq nədənsə bunu kağız üzərində imzalamaqdan yayınırlar. Dövlətimizin başçısı iyunun 23-də bu barədə dedi: “Bizim şərtlərimiz bundan ibarətdir. Ermənistan keçən ilin oktyabr ayında rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Mən dedim ki, bu sözlər kifayət deyil, daha dəqiq sözlər deyilməlidir və keçən ay artıq bir daha rəsmən nəinki ərazi bütövlüyümüz Ermənistan tərəfindən tanınıb, hətta Azərbaycan ərazisinin parametrləri də qeyd olunub. Yəni, bu, müsbətə doğru atılan bir addımdır. Ancaq bundan sonra həmin bu ifadələr kağız üzərində də olmalıdır və Ermənistan buna imza atmalıdır. Belə olan halda Cənubi Qafqazda uzunmüddətli sülh yarana bilər. Əks-təqdirdə, sülh olmayacaq”.
***
Sülh müqaviləsinin imzalanması, təxribatlara son qoyulması ona görə daha çox Ermənistana lazımdır ki, bu gün Azərbaycan güclü, qalib tərəfdir. Onun mövqeyi bir çox məsələlərdə əsasdır. Ölkəmiz şanlı Zəfərini siyasi və diplomatik müstəvidə daha da möhkəmləndirərək bu gün bölgədə söz sahibidir. Bütün strateji yüksəkliklər bizdədir. Bu gün Qarabağda erməni azlığın yaşadığı ərazidə bölgədə istənilən əməliyyatı keçirmək üçün hər cür imkanımız var. Hərbçilərimiz Azərbaycan bayrağını istədiyimiz yaşayış məntəqəsində ucalda bilərlər. Odur ki, bu məsələ nə qədər tez həll olunsa, bir o qədər yaxşıdır. Bu məqamda Prezident İlham Əliyevin mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüş zamanı səsləndirdiyi fikirlərdən iqtibas gətirmək yerinə düşər: “İndi isə artıq Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb. Əminəm ki, yaxın gələcəkdə, – əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə – sülh müqaviləsi imzalana bilər. İmzalansa, çox yaxşı, imzalanmasa da, hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf bizik, danışıqlar masasında güclü mövqeyə sahib olan bizik, sərhəddə güclü mövqelərə sahib olan bizik. Sülh müqaviləsi imzalanmasa da, biz rahat və təhlükəsizlik şəraitində yaşayacağıq”.
Bundan əlavə, İrəvan Azərbaycanla, eləcə də Türkiyə ilə münasibətlərin qurulmasının yaradacağı üstünlüklərdən faydalanacaq. Bu isə Zəngəzur dəhlizinin açılması ilə mümkün olacaq. Ancaq İrəvan bundan da yayınır. Bizim irəli sürdüyümüz şərtlərdən biri Zəngəzur dəhlizinin açılmasıdır. Bu da bizim haqlı tələbimizdir. Nəzərə almaq lazımdır ki, Ermənistan 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktında bu öhdəliyi öz üzərinə götürüb. Ancaq bu günə qədər bu öhdəlik yerinə yetirilməyib. Digər şərtimiz odur ki, Ermənistan ordusunun silahlı birləşmələri Qarabağ bölgəsindən çıxarılmalıdır. Bu da Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən biridir. Ancaq o da icra edilmir.
***
Biz rəsmi İrəvandan məsələlərə konstruktiv yanaşma gözlədiyimiz halda, onlar yeni-yeni iddialar qaldırır, hansısa qüvvələrə arxalanmaqla prosesi pozmağa çalışırlar. Ermənistan xarici işlər nazirliyinin iyunun 24-də yaydığı geniş bəyanat da bunun göstəricisidir. Bəyanatda qeyd olunur ki, yaranmış vəziyyətdən ən yaxşı çıxış yolu Bakı ilə Xankəndi arasında beynəlxalq vasitəçilərinin iştirakı ilə birbaşa və substantiv danışıqlar aparılmasıdır. Bundan əlavə, qarşı tərəf ölkəmizi düşmənçiliyi və nifrət ritorikasını davam etdirməkdə suçlayır. Qeyd olunur ki, Azərbaycanın həm Ermənistanın suveren ərazisinə, həm də Qarabağ ermənilərinə güc tətbiq etmə hədəsi və təxribatları (?) Cənubi Qafqazda sülhə nail olmağa imkan vermir. Üstəlik, bəyan edilir ki, Azərbaycanın hərəkətləri nəinki Xankəndi ilə konstruktiv dialoq vasitəsilə bir sıra mövcud problemlərin həllinə yönəlməyib, əksinə, ardıcıl olaraq Qarabağda etnik təmizləməyə (?) gətirib çıxarır. Belə yerdə adamın əli üzündə qalır və “adımı sənə qoyum, səni yana-yana qoyum” el məsəli yada düşür. XX əsrdə azərbaycanlıları bir neçə dəfə etnik təmizləməyə, soyqırımlarına məruz qoyan hayların yaydığı bu bəyanata heyrətlənməmək olmur.
Hayların xarici siyasət idarəsinin yaydığı bəyanata Azərbaycan Xarici İşlər Nazirliyinin cavabı özünü çox gözlətməyib. XİN bildirib ki, ərazilərimizi 30 ilə yaxın işğal altında saxlayan, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirən, öhdəliklərinə zidd olaraq erməni silahlı qüvvələrini Azərbaycan ərazilərindən hələ də tam olaraq çıxarmayan, sülh təkliflərinə uzun müddət laqeyd yanaşan və bir sıra əsassız iddiaları ilə hazırda prosesə maneçilik törədən Ermənistanın Azərbaycanı nifrət və düşmənçilikdə təqsirləndirməsini qətiyyətlə pisləyir. O da qeyd olunur ki, Ermənistan tərəfinin təxribatından sonra Azərbaycanın həyata keçirdiyi təhlükəsizlik və istintaq tədbirləri ilə əlaqədar Laçın sərhəd nəzarət-buraxılış məntəqəsinin fəaliyyətinin müvəqqəti olaraq məhdudlaşdırılmasının “blokada və etnik təmizləmə” kimi təqdim edilməsi Ermənistanın saxta təbliğatının tərkib hissəsidir.
Bəli, rəsmi İrəvan danışıqlar prosesini pozur. Bölgəmizdə sülhün əldə olunmasını istəməyən müxtəlif kənar qüvvələrin təhriki ilə danışıqlarda qeyri-sağlam mövqe tutur. Ancaq atalarımız “ilan ulduz görməsə, ölməz” deyiblər. İndiki halda bu ifadəni bir qədər dəyişməyə ehtiyac duyulur. Necə deyərlər, haylar “dəmir yumruq” görməsə, düzəlməz.
Zaur MƏMMƏDOV,
politoloq
– Ermənistan üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. O cümlədən sərhəddə yeni qarşıdurmanın baş verməsindən çəkinirsə, o zaman sülh sazişini imzalamalıdır. Çünki yalnız bu saziş əsasında tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyacaq. Onların sülhə etinasız yanaşması deməyə əsas verir ki, İrəvan sərhəddə yeni qarşıdurma istəyir. Bu gün Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi ləng gedir. Çünki Ermənistan sülh müqaviləsinin mətni ilə bağlı qeyri-məqbul ifadələr işlədir, vaxtı uzatmağa çalışır. Halbuki Azərbaycan tərəfi həm sülh müqaviləsi, həm də Zəngəzur dəhlizi ilə bağlı qəti mövqeyini ortaya qoyub. Yaxşı olar ki, İrəvan danışıqlar prosesində əsassız məsələlər qaldırmaqdansa, ortaya siyasi iradə qoyub bölgədə sülhün əldə olunmasına çalışsın. Çünki bundan yararlanan, ilk növbədə, İrəvan özü olacaq.
Səxavət HƏMİD, “Xalq qəzeti”