Şəhər icra hakimiyyətinin dəstəyi, Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurası və Gəncə Bölməsinin təşkilatçılığı ilə Ümummilli liderin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyevin dövlətçilik idealları və müasir gənclik” mövzusunda respublika konfransı keçirilib.
Akademik İsa Həbibəyli Ulu öndərin yubileyi münasibətilə AMEA tərəfindən dahi şəxsiyyətin zəngin dövlətçilik irsinə həsr edilmiş çoxsaylı elmi əsərlər nəşr edildiyini bildirib. O, həmçinin Ulu öndərin həyat və fəaliyyətinin öyrənilməsinin elmi-populyar müstəvidən fundamental elmi araşdırmalar səviyyəsinə qaldırılmasını təqdirəlayiq hal kimi dəyərləndirib.
Akademik AMEA tərəfindən ilk dəfə olaraq, “Heydər Əliyev Ensiklopediyası”nın nəşrə hazırlandığını da qeyd edib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ölkəmizdə müasir gənclər siyasətinin əsasının ulu öndər tərəfindən qoyulduğunu və bu siyasətin Prezidet İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.
AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev ulu öndər Heydər Əliyev irsinin gənclər üçün ən doğru yol, ən yüksək ideal olduğunu bildirib. Konfransda gənc alimlərin və mütəxəssislərin məruzərləri də dinlənilib.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri