Heydər Əliyev dərsləri

post-img

 “... Çıxıb gedə bilərəm!”

Ulu öndər onun Naxçıvandan Ba­kıya gələrək hakimiyyəti zorla ələ al­maq istəyi barədə əvvəlki hakimiyyə­tin – Xalq Cəbhəsi-Müsavat cütlüyü funksionerlərinin ittihamlarını 1993-cü il iyunun 15-də cəsarətlə rədd et­mişdi:

Mən Naxçıvandan bura özüm gəlmə­mişəm. Məni bura dəvət eləyiblər, mən­dən dəfələrlə İsa Qəmbər, Pənah Hüsey­nov və Azərbaycanın prezidenti Əbülfəz Elçibəy xahiş eləyiblər ki, gəlim burda bir vəzifə tutum, bərabər bu məsələlə­rin həll olunmasında iştirak edim. Neçə gündür ki, mənimlə danışıqlar gedir. Mən bu vəzifələrdən imtina etmişəm. Bu gün də imtina edirəm. Ona görə də mən hiddətlənirəm ki, bəzi adamlar, on gün­dür... Azərbaycan bərbad vəziyyətdədir, barmaq-barmağa vurmayıblar, Azər­baycandan kənarda gəzirlər, kabinetlər­də cürbəcür işlərlə məşğul olurlar. İndi də başlayıblar işarə verməyə ki, kimsə kreslo tutmaq istəyir. Mən heç bir kreslo tutmaq istəmirəm, heç bir vəzifə tutmaq istəmirəm. 1991-ci ilin fevral ayında bu salonda, bu tribunadan çıxış edərkən de­mişdim: “Mən Azərbaycana xalqımla bir yerdə olmaq və xalqımın bu ağır günün­də ona kömək olmaq üçün respublikaya qayıtmışam.” Onda məni qəbul etmədilər. Ondan sonra da dəfələrlə demişəm. Mən heç bir vəzifə tutmaq iddiasında deyiləm. Bu gün də deyirəm: Bu dəqiqə buradan çıxıb gedə bilərəm. Ancaq bəzi adamların heç bir iş görmədən zalda oturub bu ağır vəziyyətdə məsələni mürəkkəbləşdirməsi məni hiddətləndirir. Mən heç kəsə heç bir qarantiya vermirəm, mən özümü peyğəm­bər hesab etmirəm. Fəqət bu ağır vəziy­yətdən çıxmaq üçün vətəndaş kimi, Ali Sovetin deputatı kimi, Ali Sovetin Sədrinin müavini kimi, əgər etimad göstərsəniz, baxmayaraq ki, mən bunu istəmirəm, Ali Sovetin Sədri kimi fəaliyyət göstərməyə hazıram. Mən bu yola ancaq xalqın ağır vəziyyətdən çıxmasında müəyyən fəa­liyyət göstərmək üçün gedirəm, başqa məqsədim yoxdur. 

“Təbiətimdə qisasçılıq hissi yoxdur”

Həmin dövrdə bəzi dairələrdə söh­bətlər gedirdi ki, Heydər Əliyev əgər yenidən Azərbaycanda vəzifəyə gələr­sə, kimlərdənsə qisas alacaq. Kimsə vaxtilə onun əleyhinə olub, yaxud, pis münasibət göstərib, ona qarşı münasi­bəti kəskin olacaq. Həmin şəxslərə Ulu öndərin cavabı belə oldu: 

– Mən sizin qarşınızda tam məsuliy­yətlə deyirəm və bütün Azərbaycan xalqı­na elan edirəm ki, ümumiyyətlə, mənim təbiətimdə qisasçılıq hissi yoxdur. Bunu sadəcə olaraq ayrı-ayrı adamlar süni surətdə yaradıblar və görünür, bir mənə ləkə vurmaq üçün yox, ümumiyyətlə, bizi parçalamaq üçündür. Sizə söz verirəm ki, heç vaxt qisasçılıq hissinə qapılmayaca­ğam. Əgər kimsə, nə vaxtsa mənə qarşı düzgün münasibət bəsləməyibsə, nəsə edibsə, inanın ki, mən onların hamısı­nı çoxdan bağışlamışam. Mən özümü o hisslərin səviyyəsinə heç vaxt salmamı­şam və salmayacağam. Ona görə yox ki, siz mənə indi etimad göstərdiniz, mən belə bir vəzifəyə gəldim. Yox. Mən sadəcə bir vətəndaş kimi də heç vaxt heç kəslə ədavət aparmaq, qisas almaq, yaxud da ki, kiməsə pislik etmək istəməmişəm və istəməyəcəyəm. Ancaq vəzifə çərçivəsin­də, şübhəsiz ki, hamımız nizam-intizama tabe olmalıyıq, hamımız qanuna tabe olmalıyıq, hamımız qanuna riayət etmə­liyik, qanunun aliliyini təmin etməliyik və bu yolda, şübhəsiz ki, mən öz əqidəmdən dönməyəcəyəm. 

Onun “Xalq Cəbhəsi” adını daşımaq haqqı yoxdur”

Tədbirlərin birində H.Əliyev “Xalq Cəbhəsi”nin adına layiq olmadığını belə əsaslandırmışdı: 

– Əgər bu Xalq Cəbhəsi, doğrudan da, Xalq Cəbhəsi idisə, nə üçün həmin 1993-cü ildə Surət Hüseynov, başqaları baş qaldı­rarkən xalqa müraciət edib xalqın gücü ilə Surət Hüseynovu yerində oturda bilmədi? Nə üçün təyyarələr göndərdilər ki, Gəncə­ni bombardman eləsinlər? Nə üçün tank­ları, topları, “Qrad” qurğularını Ağdamdan, başqa cəbhə bölgələrindən çıxarıb oraya gətirdilər ki, oranı bombalasınlar? Nə var, nə var, bir Surət Hüseynovu məhv eləsin­lər. O da orada qan tökdü. Əgər bu, doğ­rudan Xalq Cəbhəsi idisə, xalqa müraciət edəydi, bu xalq da qalxaydı, onun qarşısını alaydı. Necə ki, biz oktyabr ayında bunu et­dik. Halbuki biz heç adımızı “Xalq Cəbhəsi” qoymamışıq. Amma biz xalqıq, xalq bizik. O, xalq deyil, adını “Xalq Cəbhəsi” qoyub. Onun “Xalq Cəbhəsi” adını daşımaq haqqı yoxdur, mənəvi haqqı yoxdur. Əgər Xalq Cəbhəsi idisə, xalq o hadisələrin qarşısını alaydı və Azərbaycan belə faciələrə gəlib çıxmayaydı. 

“Elə bil ki, bomba partladı” 

“Əsrin müqaviləsi”nin imzalanması dünyada geniş əks-səda doğurmuşdu. Bunun səbəbi və layihənin reallaşma­sı yolunda qarşıya çıxan problemlərin aradan qaldırılmasında Ulu öndər mə­tin iradə nümayiş etdirmişdi: 

– Bilirsiniz ki, 1994-cü ilin sentyabr ayında Azərbaycan dünyanın ən böyük şirkətləri ilə, 7 ölkənin 11 şirkətinin yarat­dığı bir konsorsiumla müqavilə imzaladı. Bu, dünyada bir partlayış oldu. Elə bil ki, bomba partladı. Çünki, bu, böyük müqa­vilədir və buna dünya “Əsrin müqaviləsi” adı verdi. Buna sevinənlər də oldu, ancaq bundan rahatsız olanlar da tapıldı. Azər­baycana qarşı təzyiqlər, basqılar başladı: “Nə üçün Azərbaycan bunu etdi? Nə üçün Azərbaycan Amerika, İngiltərə, Türkiyə, Norveç və başqa ölkələrin şirkətlərini Xəzər dənizinə gətirdi?” 

Bizi qınadılar… Əleyhimizə təbliğat apardılar. Guya, bu müqavilə həyata keç­məyəcəkdir, çünki Xəzər dənizinin statusu məlum deyildir. Hətta o müqaviləni imza­layan şirkətlər qorxdular, bizim yanımıza gəldilər ki, bu nədir, deyirlər bu müqavilə işləməyəcəkdir. Rusiya bəyanat verdi ki, Rusiya bu müqaviləni tanımır. Amma Ru­siyanın bir şirkəti bu müqavilənin içindədir. Rusiyanın Xarici İşlər Nazirliyi bəyanat verdi ki, Rusiya bu müqaviləni tanımır. Başqa bir xarici Qərb ölkəsinin xarici işlər naziri mənim yanıma gəldi, dedi ki, bəs nə olacaqdır, bunu tanımırlar. Dedim, bunun tanınmamasına görə sən niyə rahatsız olursan? Bizə onların tanıması lazımdır­mı? Bizim buna ehtiyacımız yoxdur. Sonra Xəzər dənizinin statusu məsələsi meyda­na çıxdı: “Xəzər dənizinin statusu müəy­yən olunmayıbdır, belə halda bu müqa­viləni imzalamaq olmaz”. Biz də dedik ki, Xəzər dənizinin statusu hələ 1970-ci ildə Sovetlər Birliyi tərəfindən müəyyən olu­nubdur. Çünki o vaxt Xəzər dənizi Sovetlər Birliyinə məxsus idi. Xəzər dənizinin cənu­bunun kiçik bir hissəsi İrana məxsus idi. Qalan hamısı Sovetlər Birliyinə məxsus idi. İndi Sovetlər Birliyi dağılıbdır. Xəzər dənizi ətrafında ölkələr vardır – Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran. Cəmi beş ölkə. Keçmişdə yaranmış ənənəyə görə, Xəzər dənizi sektorlara bölünübdür. Burada yerləşən hər cümhu­riyyətin Xəzər dənizində öz sektoru vardır. Biz öz sektorumuzun içindəyik, öz sekto­rumuzdan kənara çıxmamışıq. Söylədilər ki, bu sektor prinsipi qəbul edilmir. Xəzər dənizi ümumi dəniz olmalıdır – kim ha­rada istəyir, qoy orada iş görsün. Biz isə dedik ki, belə olmaz. Bu sektor prinsipini bizdən başqa heç kəs qəbul etmədi. An­caq mən sizə deyə bilərəm ki, indi hamı, bütün Xəzər dənizi ölkələri – Rusiya da, Qazaxıstan da, Türkmənistan da, hətta İran da sektor prinsipini qəbul edir. 

Yəni, 1994-cü ildə bizim müqavilə­nin əleyhinə çıxanlar deyirdilər ki, sektor prinsipi qəbul olunmur, status müəyyən deyil və bu işi görmək olmaz. Amma gö­rün onlar nə işlər gördülər. 1994-cü il sent­yabr ayının 20-də biz müqavilə imzaladıq. Sentyabr ayının 21-22-də Azərbaycanda böyük bir cinayət törədildi. Azərbaycanda dörd cinayətkar bir ölkənin xüsusi xidmət orqanları tərəfindən həbsxanadan çıxarılıb qaçırıldı. Azərbaycan daxilində bir qarışıq­lıq yarandı. Mən Nyu-Yorka, Birləşmiş Mil­lətlər Təşkilatının toplantısına getmişdim. Mən Nyu-Yorkda olanda Azərbaycan Milli Məclisinin başqa yardımçısını və bir albayı terror edib öldürdülər. Mən Nyu-Yorkdan geriyə dönərkən buraya, İstanbula gəldim. Süleyman Dəmirəl məni burada qarşıladı. Azərbaycanda elə bir vəziyyət yaranmışdı ki, Azərbaycanda artıq çevriliş baş verirdi. Güman edirdilər ki, Heydər Əliyev Azər­baycana qayıda bilməyəcəkdir. Ancaq mən buraya, İstanbula gəldim. Burada dostum Süleyman Dəmirəllə görüşdüm və Bakıya getdim. 

Ondan bir həftə sonra, oktyabr ayının 3-4-də Azərbaycanda çevrilişə cəhd oldu. Mən nə etməli idim? O vaxt mənim əlim­də o qədər də güc, silah yox idi. O vaxta qədər Azərbaycanın durumu ayrı-ayrı qa­nunsuz silahlı dəstələrin əlində idi. Mən televiziya vasitəsilə xalqa müraciət etdim. Siz onu eşitdiniz. İki saatın içərisində gecə vaxtı Prezident Sarayının önünə ya­rım milyon insan toplaşdı. Onlar Azərbay­can dövlətini, Azərbaycanın Prezidentini, cümhur başqanını qorudular… 

Çevriliş cəhdini nə üçün edirdilər? Bu, həmin o müqaviləyə zərbə vurmaq üçün edilirdi. Bunu bizi pozmaq, müstəqil Azər­baycan dövlətini dağıtmaq üçün etdilər. Amma biz dözdük, bunun qarşısını aldıq.

(ardı var)

(əvvəli:

https://xalqqazeti.az/sosial-heyat/128056-heyder-eliyev-dersleri

https://xalqqazeti.az/sosial-heyat/127963-heyder-eliyev-dersleri

https://xalqqazeti.az/sosial-heyat/127829-heyder-eliyev-dersleri

https://xalqqazeti.az/sosial-heyat/127148-heyder-eliyev-dersleri

https://xalqqazeti.az/sosial-heyat/131345-heyder-eliyev-dersleri)

Təqdim etdi:
Faiq SADIQOV, Əməkdar jurnalist

Siyasət