Ümummilli lider Heydər Əliyev ömrünün çox hissəsini Azərbaycanın gələcəyinə, dirçəlişinə, tarixinə, mədəniyyətinə, iqtisadi inkişafına sərf edib. Hələ keçmiş SSRİ dövründə ölkəmizə rəhbərlik etməyə başlayan Heydər Əliyevin sayəsində Sovet Azərbaycanı aqrar respublikadan dinamik inkişaf edən sənaye respublikasına çevrildi.
Malik olduğu liderlik dühası, xalq və dövlət qarşısındakı misilsiz xidmətləri ilə respublikamızı regionun əsas inkişaf mərkəzlərindən birinə çevirdi. Ulu öndər Azərbaycana Avropanın enerji təhlükəsizliyinin etibarlı təminatçısı, qitələri birləşdirən kommunikasiya qovşağı, mədəniyyətlərarası dialoq məkanı statusunu qazandırdı.
Ölkə iqtisadiyyatının, onun sosial həyatının istər ötən əsrin 70-80-ci illərində, istərsə də müstəqillik dövründə dinamik inkişafı bir çox mühüm istiqamətlərlə yanaşı, elektrik enerjisi sistemi ilə də bağlıdır. Hazırda respublikamızın müstəqil elektrik enerji sisteminə malikdir və bunun əsası ötən əsrin 70-ci illərində qoyulmuşdur.
Belə ki, Azərbaycanda elektrik enerjisi istehsalı hələ XIX əsrin sonu, XX əsrin əvvəllərindən başlansa da, uzun illər ərzində bu sahədə inkişaf ləng getmişdir.
1969-cu ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyə gəlişindən sonra respublikanın sosial-iqtisadi həyatının mühüm sahələrindən biri olan elektrik enerjisi sisteminin sürətli inkişafını təmin etmək məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, bir çox irimiqyaslı layihələr reallaşdırılmışdır. Həmin dövrdə bir-birinin ardınca yeni elektrik stansiyalarının, yüksək gərginlikli elektrik verilişi xətlərinin və yarımstansiyaların inşa edilib istifadəyə verilməsi vətənimizin sənayə potensialının artırılmasında mühüm addım oldu.
1971-ci ildə Naxçıvan Muxtar Respublikası ərazisində Araz çayı üzərində İran–Azərbaycan “Araz” SES adı altında gücü 22 MVt olan stansiyanın inşası, 1972-ci ildə 2 saylı Sumqayıt İstilik Enerji Mərkəzinin gücünün 220 MVt-ya çatdırılması, 1976-1977-ci illərdə Sərsəng su anbarı və gücü 50 MVt olan su elektrik stansiyasının istifadəyə verilməsi məhz Heydər Əliyev şəxsiyyətin Azərbaycana rəhbərliyi dövrünə təsadüf edir. Bu illərdə, həmçinin gücü 380 MVt olan Şəmkir Su Elektrik Stansiyası istismara buraxılmışdır.
Mingəçevir respublikanın 4-cü iri sənaye mərkəzidir. Ölkənin elektrik enerjisinin 60 faizindən çoxunu istehsal edən Azərbaycan İstilik Elektrik Stansiyası və SES silsiləsi bu şəhərdə yerləşir. Energetika şəhəri Mingəçevirə ulu öndər Heydər Əliyev həmişə xüsusi qayğı və diqqət göstərib.
İnşasına 1974-cü ildə başlanmış, birinci bloku 1981-ci il oktyabrın 20-də, sonuncu, 8-ci bloku isə 1990-cı ildə istismara verilmiş və bu gün də Cənubi Qafqazın ən böyük istilik-elektrik stansiyası sayılan Azərbaycan İstilik Elektrik Stansiyası Heydər Əliyevin təşəbbüsü ilə tikilib. Ulu öndər Azərbaycana birinci dəfə rəhbərlik etməyə başlayanda, respublikanın enerji potensialını artırmağa ciddi ehtiyac olduğunu görürdü. O, sovet rəhbərliyi qarşısında məsələ qaldıraraq bununla bağlı böyük sərmayə qoyuluşuna nail oldu. Stansiyanın birinci enerji blokunun işə salınması Azərbaycanda fərəh dolu əlamətdar hadisəyə çevrildi. Ulu öndərimizin bu münasibətlə 1981-ci ilin 20 oktyabrında Mingəçevirə şəhərinə gəlişi, stansiyanın vəziyyəti ilə tanış olaraq energetiklərə və inşaatçılara öz dəyərli tövsiyələrini verməsi, bu tarixi təqvimi Azərbaycan energetiklərinin peşə bayramı günü kimi müəyyənləşdirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli Sərəncamına əsasən, həmin gün “Energetik Günü” kimi qeyd edilir.
Ölkə elektrik enerjisi sisteminin sütununu təşkil edən bu stansiya indi də müstəqil dövlətimizin enerji təhlükəsizliyinin təminatında müstəsna rola malikdir. Bu stansiyanın istismara verilməsi ilə elektrik enerjisi sistemində başlanmış inkişaf və tərəqqi prosesi nəticəsində respublikamız sonralar özünün müstəqil, dayanıqlı enerji sistemini formalaşdıra bilmişdir. Ümumilikdə, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə respublikamızın elektrik enerjisi ilə təminatı problemi öz həllini tapmışdır. Bu illərdə bütün yaşayış məntəqələrimizə, o cümlədən hər bir evə elektrik xətti çəkilmişdir. Əgər 1969-cu ildə Azərbaycan elektrik enerjisi idxal edirdisə, 1982-ci ildə artıq elektrik enerjisi ixracatçısına çevrilmişdir.
Həmin dövrdə elektrik stansiyalarının inşası ilə yanaşı, elektrik şəbəkələri də sistematik inkişaf etdirilmiş və respublikamızın dayanıqlı enerji sistemi yaradılmışdır. O illərdə 330 kV-luq Əli Bayramlı (indiki Şirvan) İES - Ağdam - Gəncə - Ağstafa, Əli Bayramlı - Yaşma-Dərbənd, 5-ci Mingəçevir, 500 kV-luq 1-ci və 2-ci Abşeron, Muxranis - Vəli və digər elektrik verilişi xətləri, 330/110/20 kV-luq Yaşma, Gəncə, Ağstafa, 330/110/10 kV-luq İmişli, 500/330/220 kV-luq Abşeron, 220/110/10 kV-luq Hövsan, Nizami, Müşfiq, Səngəçal, Masallı, Ağsu, Babək və başqa qovşaq yarımstansiyaları istismara verildi. Bununla da elektrik enerjisi sahəsində yeni inkişaf mərhələsinin başlanğıcı qoyulmuşdu.
Sonralar həmin şərəfli günləri xatırlayan müdrik rəhbər deyirdi: “Biz o illər bütün bu imkanlardan istifadə edərək eyni zamanda, düşünürdük ki, hər respublikanın özünü təmin edə bilən iqtisadi potensialı olmalıdır. Bu iqtisadi potensialın tərkibində ən mühüm yer tutan elektrik enerjisi istehsal edən müəssisələr yaradılmalıdır. Ona görə də o illər Moskvanın etirazına, bu işimizə maneçilik törədən qüvvələrin çox güclü olmasına baxmayaraq, biz Azərbaycanın elektrik enerjisi müstəqilliyini, elektrik enerjisi sarıdan asılılıqdan qurtarmasını təmin etmək üçün respublikamızda güclü potensiala malik olan elektrik stansiyaları yaratmağa başladıq, buna da nail olduq”.
Rəhbərliyinin birinci dövründə olduğu kimi,1993-cü ildə hakimiyyətə qayıdan Heydər Əliyev iqtisadiyyatın bütün sahələrinə, o cümlədən elektrik enerjisi sisteminə də xüsusi diqqət yetirdi. Həmin vaxt energetika sistemində də dərin böhran vəziyyəti yaranmış və sistemin ahəngdar işi pozulmuşdu. Ümummilli lider elektrik enerjisi sisteminin vəziyyətdən çıxarılması, onun maddi-texniki bazasının yenilənməsi və möhkəmləndirilməsi üçün məqsədyönlü, genişmiqyaslı tədbirlər həyata keçirdi. Dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı faydalı əlaqələrin qurulmasına yönəldilmiş strateji xətt elektrik enerjisi sisteminə də xarici sərmayələrin cəlb olunmasına imkan yaratdı və bu imkanlardan Azərbaycanın enerji sisteminin mövcud potensialının səmərəliyinin artırılmasında, elektroenergetika təsərrüfatının yenidən qurulmasında istifadə olundu.
Tikintisi hələ 1984-cü ildən yarımçıq qalmış Şəmkir SES-in davamı olan Yenikənd su hövzəsinin və su elektrik stansiyasının inşasının başa çatdırılması ilə enerji sistemində yeni inkişaf mərhələsinin başlanğıcı qoyuldu. Xatırladaq ki, maliyyə çatışmazlığı ilə əlaqədar tikintisi uzun illər mümkün olmayan Yenikənd su hövzəsində işlərin başa çatdırılması üçün lazımi vəsaitin əldə edilməsi problemini Ulu öndər 1995-ci ilin dekabrında Böyük Britaniyaya işgüzar səfəri zamanı gündəmə gətirərək həllinə nail olmuşdu.
“Şimal” ES-in yenidən qurulması da dahi şəxsiyyətin adı ilə bağlıdır. Ümummilli lider 1998-ci ilin fevral ayında Yaponiyaya rəsmi səfəri zamanı bu stansiyada 400 MVt gücündə buxar-qaz qurğusunun inşası layihəsinin maliyyələşdirilməsi üçün həmin ölkənin rəhbərliyinə müraciət etmiş və rəsmi Tokionun 210 milyon ABŞ dolları məbləğində uzunmüddətli, güzəştli kredit ayırmasına nail olmuşdur. 2000-ci ilin 19 dekabrında isə Ümummilli lider tərəfindən qurğunun təməli qoyulmuş və obyekt 24 aydan sonra istismara verilmişdir.
1999-cu ilin iyun ayında 1 nömrəli Bakı İstilik-Elektrik Mərkəzində yenidənqurma işlərinin başlanması, ümummilli lider Heydər Əliyevin bu mərasimdə iştirakı, qaz-turbin qurğusunun təməl daşını qoyması da Azərbaycan energetika tarixinin ən əlamətdar hadisələrindəndir.
Ulu öndərin həyata keçirdiyi məqsədyönlü siyasət hesabına elektrik enerjisi sistemi respublikanın bütün ərazisini əhatə etməklə bərabər, Rusiya Federasiyası, İran İslam Respublikası, Gürcüstan və Naxçıvan Muxtar Respublikası tərəfindən Türkiyə enerji sistemləri ilə sıx əlaqəni təmin etmişdir. Bu, həm də ölkələrimiz arasında qarşılıqlı münasibətlərin daha da inkişafına, regionda sülhün, sabitliyin, təhlükəsizliyin qorunub saxlanmasına şərait yaradan ciddi amillərdən biridir.
Bütün həyatı boyu öz xalqına sədaqətlə xidmət etmiş Heydər Əliyevin ömür yolu bu gün hər bir Azərbaycan vətəndaşı üçün örnəkdir. Çünki Ümummilli lider müasir Azərbaycan tarixində bu xalq üçün parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, müdrik dövlət xadimidir.
Almaz ƏLİYEVA,
Mingəçevir Dövlət Universiteti mühəndislik fakültəsinin dekanı,
texnika üzrə fəlsəfə doktoru, dosent