Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Koreya Respublikasının xarici işlər nazirinin xüsusi nümayəndəsi Beyk Cuhyon arasında görüş keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, nazir Ceyhun Bayramov Azərbaycan və Koreya arasında mövcud olan ikitərəfli münasibətlərin uğurlu inkişafını, həmçinin iki ölkə arasında bir çox sahələrdə geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu qeyd edib. Ölkələrimiz arasında, iqtisadiyyat, yüksək texnologiyalar, enerji, təhsil, turizm və bir sıra digər istiqamətlərdə əməkdaşlıqdan məmnunluq ifadə olunub. Nazir ölkələrimiz arasında təhsil sahəsində artan əməkdaşlığın, Koreya təhsil standartları əsasında yaradılmış Sənaye və İnnovasiyalar Bakı Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyətinin, universitetlərarası ikili diplom təhsil proqramlarının Koreya-Azərbaycan əməkdaşlığının vacib istiqamətlərindən olduğunu bildirib.
Koreya xüsusi nümayəndəsi öz növbəsində iki ölkə arasında əlaqələrin uğurlu inkişafını vurğulayaraq, Koreyanın Azərbaycanla investisiya, təhsil, gəmiçilik, ərazilərin minalardan təmizlənməsi, nəqliyyat, kommunikasiya, su ehtiyatlarının idarə edilməsi və digər sahələrdə əməkdaşlıq münasibətlərinin inkişaf perspektivlərinə toxunub. Koreya şirkətlərinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.
“Xalq qəzeti”