Ermənistanın regionun ekologiyasına vurduğu ziyan axır ki, İranda da narahatlıq yaradıb. APA-nın məlumatına görə, söhbət İslam Respublikasında nəşr olunan “Pəyame ma” qəzetində Araz çayının radioaktiv maddələrlə çirkləndirilməsinə dair məqalənin dərcindən gedir.
Əlbəttə, yaxşı olardı ki, İranda məsələyə daha əvvəldən diqqət yetiriləydi. Çünki Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsi yalnız bu günün söhbəti deyil. Azərbaycan torpaqlarının otuz ilə yaxın davam edən işğalı, həm də belə demək mümkünsə, Arazın işğalı kimi də yadda qalmışdı. İran nəşrinin isə yazdığından belə anlaşılır ki, işğalda Ermənistan tək olmayıb. Bu barədə yazımızın sonunda bəhs edəcəyik.
...Yaxşı olardı ki, İranda Ermənistanın yolverilməz hərəkətinə yalnız Araz çayının deyil, bütövlükdə, regionun timsalında yanaşılaydı. Yəni, ölkə ictimaiyyəti dövlətin İrəvanla münasibətlərinə həm də mövcud kontekstdən baxaydı. Təəssüf ki, bunu görmürük. Üstəlik, İran-Ermənistan əlaqələrinin dinamik xarakter daşıdığını, xüsusən də 44 günlük müharibədən sonra yeni fazaya qədəm qoyduğunu müşahidə edirik. Belədə sual yaranır: bir qəzet məqaləsi Tehranı hərəkətə keçirəcəkmi?
Əlbəttə, biz “gec olsun, güc olsun” deyimini rəhbər tuturuq. İranlı həmkarlarımız Ermənistanın ekoloji təhlükə mənbəyi kimi vurğulayıblarsa, məsələyə önəm verən məqalə yayımlayıblarsa, bunu ancaq təqdir etmək lazımdır. Məqalənin Ermənistanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd Arazdəyən kəndində iri metallurgiya zavodu inşa etmək istəməsi ilə eyni vaxtda dərci də maraqlıdır. Məlumdur ki, həmin zavodun ABŞ-ın sərmayəsi hesabına ərsəyə gəlməsi nəzərdə tutulub. Əlbəttə, “Pəyame ma”nın buna görə Ermənistan üzərinə “hücuma keçdiyini” qabartmaq niyyətindən uzağıq. İnanmaq istərdik ki, nəşr, həqiqətən, bölgənin ekoloji durumunun, xüsusən də Araz çayının təəssübünü çəkir.
Beləliklə, qəzet çayda çirklənmənin olduğunu vurğulayarkən, bunu artıq inkar etməyin mümkünsüzlüyü üzərində dayanır. “Araz çayı radioaktiv maddələr və ağır metallarla çirklənib, bu da sakinlər arasında onkoloji xəstəliklərin artmasına səbəb olub” yazan qəzetin ritorikasından da belə anlaşılır ki, İslam Respublikasında mövcud istiqamətdə inkarçılıq xətti götürülübmüş. İran nəşri məqaləsində, həmçinin Ermənistanın “Metsamor” Atom Elektrik Stansiyasının adını çəkir. Deməli, çirklənmənin mənbəyini bu stansiyada görür. Qəzetin bildirdiyinə görə, ümumən Ermənistandakı mis mədənləri də vəziyyətin pisləşməsinə səbəb olur.
Məqalədəki başlıca məqam İranın Atom Enerjisi Təşkilatının və Energetika Nazirliyinin Araz çayındakı radioaktivlik çirklənməni araşdırmamasından duyulan narahatlıqdır. Məqalənin vacib mesajlarından biri də budur ki, Araz çayının çirklənməsi ilə bağlı dövlət qurumları tərəfindən çoxsaylı hesabatlara baxmayaraq, İran rəsmiləri çayda uranın olduğunu inkar ediblər. Əlbəttə, Tehranın məsələyə həssas yanaşmaması təəssüf doğuracaq hal kimi vurğulana bilər.
Bir daha bildirək ki ki, Azərbaycan dəfələrlə Ermənistanın regionun ekoloji durumuna ciddi zərər vurduğunu bəyan edib. Nəzərə alaq ki, ölkənin azərbaycanlılara qarşı soyqırımı siyasətinin vacib tərkib hissəsi də ekosiddir. İrəvanın “ekosid fəallığının” müxtəlif təzahür formaları var. Bununla bağlı ötən əsrin 80-ci illərinin sonlarında Topxana meşəsinin qırılması və orada Ermənistan alüminium zavodunun filialını açmaq niyyətindən tutmuş, Qarabağdakı “Qızılbulaq” qızıl və “Dəmirli” mis yataqlarının qeyri-qanuni istismarınadək ən müxtəlif məqamları vurğulamaq mümkündür. Bu sıraya bir qədər əvvəl haqqında söz açdığımız Arazdəyəndə metallurgiya zavodunun inşası niyyətini də əlavə etsək, son dərəcə dramatik səhnə canlanacaq. “Metsamor” isə regionun ekoloji vəziyyətinə dəyən zərbənin əsas mənbəyi rolunda çıxış etməkdədir.
İran nəşrinin incəliklərə diqqət yetirməsi son dərəcə vacibdir. Belə ki, sözügedən məqalədə Araz çayının sərhədyanı ərazilərində yaşayan əhalidə suyun çirklənməsi nəticəsində qida borusu, mədə, qara ciyər və dəri xərçəngi xəstəliklərinin sürətlə artdığı vurğulanıb. Həmçinin Araz sahillərində yaşayan sakinlər arasında xüsusən də mədə xərçənginin artması ilə bağlı hesabatların olduğu da önə çəkilib.
İndi isə keçid alaq sonda diqqətə çatdıracağımızı bildirdiyimiz məqama. Maraqlıdır ki, “Pəyame ma” qəzeti məqaləsində Ermənistanla yanaşı, İranın da Araz çayının ən böyük çirkləndiricisi olduğunu vurğulayıb. Mövcud xüsusda İrandakı Süngün mis mədəninin adı çəkilib və bildirilib ki, həmin mədən çirklənməni artırır. Belə olan təqdirdə demək olarmı ki, İran hakimiyyəti, heç olmasa, bundan sonra məqalədə göstərilən məqamlara həssas münasibət göstərəcək? Hər halda, buna ümid edək. Çünki indiki məqamda Araz çayı ekoloji çirklənmə baxımından iki sahilin bir dərdidir.
R.ƏVƏZ, “Xalq qəzeti”