İyunun 17-18-də Azərbaycanda ilk Hava Şarları Festivalı (Balloon Festival) keçirilib.
Festival zamanı qonaqlar üçün əyləncə proqramları, müxtəlif mövzularda ustad dərsləri də təşkil olunub.
Əvvəlcə layihənin təqdimatı keçirilib, hava şarları, uçuş barədə məlumat verilib.
İyunun 17-də nümayiş uçuşu, iyunun 18-də səhər saatlarında isə qonaqların iştirakı ilə festivalın əsas uçuşları olub.
Şamaxıda festivalın rəsmi açılışı mərasimində çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov rayonun artıq açıq hava festivalları şəhərinə çevrildiyini bildirib.
Sonra çıxış edən "EZONE” şirkətinin nümayəndəsi Salman Rəsulov bildirib ki, hava şarı gəzintiləri dünyanın hər yerində böyük maraqla qarşılanır. Hava Şarları Festivalını keçirməkdə əsas məqsəd turizmin inkişafına töhfə verməkdir.
Türkiyəli mütəxəssis Halis Aydoğan festivalda iştirak etməkdən qürur duyduğunu bildirib. Deyib ki, Şamaxının gələcəkdə hava şarlarının uçuşu üçün uyğun məkana çevriləcəyinə inanır. Turizmin inkişafı baxımından Hava Şarları Festivalı ilə Şamaxıda ilk addımların atıldığı diqqətə çatdırılıb.
Almaniyanın ölkəmizdəki səfiri Ralf Horlemann Azərbaycanı Hava Şarları Festivalına ev sahibliyi etdiyinə görə təbrik edib. "Bu tədbir çox gözəl fürsətdir ki, Azərbaycanın bütün gözəlliyini dünyaya nümayiş etdirsin.
Festival barədə təəssüratlarını bölüşən İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib ki, bu gün Azərbaycan üçün çox xoş gündür.
“Burada valideynləri, uşaqları və gəncləri görürəm. Festivalda müxtəlif yaşlarda və bütün millətlərdən insanlar iştirak edir. Mən bu tədbirə dəstək göstərən Heydər Əliyev Fonduna və digər qurumlara təşəkkürümü bildirirəm", - deyə diplomat vurğulayıb.
Qeyd edək ki, layihəyə dəstəyi Azərbaycan Dövlət Turizm Agentliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, Dövlət Mülki Aviasiya Agentliyi, “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) və Heydər Əliyev Fondu göstərib.
Azərbaycandakı hava şarları layihəsi üzrə hazırlıqlar iki il davam edib. Festivaldakı hava şarları Böyük Britaniya və Türkiyədə hazırlanıb, öz maraqlı dizaynları ilə diqqətləri çəkib.
Festival çərçivəsində tanınmış ifaçıların iştirakı ilə konsert proqramı da təşkil edilib.
Festivalın əyləncə proqramına həm uşaqlar, həm də böyüklər üçün müxtəlif mövzulara dair ustad dərsləri daxil edilib. İştirakçılar gildən fiqurların hazırlanması, rəngkarlıq, kukla teatrı, stolüstü oyunlar, toxuculuq və digər sahələr üzrə ustad dərslərində iştirak imkanı qazanıblar.
Festivala Şamaxı və qonşu rayonlardan Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin övladları da dəvət alıblar. Onlar festival ərazisində təşkil olunan əyləncəli proqramlarda iştirak edib, hava şarlarının uçuşunu izləyiblər. Qəhrəman şəhidlərimizin övladları üçün nahar təşkil edilib, hər birinə hədiyyələr təqdim olunub.
Xatırladaq ki, məşhur Hava Şarları Festivalı sırasında olan və ABŞ-ın Albukerke şəhərində keçirilən festival ilk dəfə 1972-ci ildə baş tutub. Bu tədbir minlərlə iştirakçını cəlb edib və ABŞ-da ən böyük əyləncələrdən birinə çevrilib. Hava şarları ilə uçuşlar hazırda Avstraliyanın Kanberra, Böyük Britaniyanın Bristol, İsveçrənin Şato-Do, İspaniyanın İgualada, Kanadanın Kvebek, Rusiyanın Velikiye Luki, Türkiyənin Kapadokiya şəhərlərində və digər yerlərdə təşkil edilir.