Ermənistanda bir neçə gündür ki, bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla iyunun 12-də Vaşinqtonda keçirilməli olan növbəti görüşünün təxirə düşməsi müstəvisində süni ajiotaj yaradılmaqdadır. Görüşün təxirə düşməsi ölkəmizin sülh danışıqlarından guya çıxması kimi təqdim olunmaqdadır.
Ancaq məlumdur ki, Vaşinqton raundunun başqa vaxta keçirilməsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri ilə bağlıdır. Erməni mediası və siyasi dairələrinin yaratdıqları fon isə ilk baxışdan elə təsəvvür yaradır ki, Türkiyə liderinin Azərbaycana səfəri bəhanədir.
İndi görürük ki, Ermənistan rəhbərliyi uydurduğu “ssenariyə” öz aləmində məntiqi ardıcıllıq müəyyənləşdirməkdədir. Diqqət yetirək, dünən Azərbaycan Ordusunun mövqeləri bir neçə istiqamətdən atəşə tutulub. Bura Şuşa da daxildir, Naxçıvan da. Nəzərə alaq ki, Prezident Ərdoğanın ölkəmizə səfəri Şuşa Bəyannaməsinin ikinci ildönümü ərəfəsində reallaşmışdı. Səfər çərçivəsindəki ayrı-ayrı ikitərəfli və çoxtərəfli təmaslarda həmin sənədin önəmi üzərinə gəlindi, onun əhəmiyyəti vurğulandı.
Görünür, bu cəhət İrəvanın hakim siyasi dairələrində qıcıq yaratdı. Buna görə də məhz Şuşa istiqamətində atəşkəsi pozdular. Onu da nəzərə alaq ki, çoxdandır sırf bu yöndə belə hallar qeydə alınmırdı. Nəticəyə gəlirik ki, Azərbaycan hansı məsələni rəmzləşdirirsə, ona önəm verirsə, erməni avantürizmi həmin nöqtəni sarsıtmaq, bir növ, onun müqəddəslik statusuna xələl gətirməyi düşünür.
İkinci məqam. Azərbaycan özünün, ümumən regionun ekoloji durumu üçün narahatdır. Qeyd edək ki, bir neçə gün öncə ölkəmizin qeyri-hökumət təşkilatları Ermənistanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisi olan Arazdəyən kəndində metallurgiya zavodu inşa etmələrinə qarşı bəyanat səsləndirdilər. Bəyanatın məğzində dayanan başlıca məqam isə bu idi ki, Ermənistan həmin zavodun tullantılarını Araz çayına axıdacaq. Bu qənaətə gəlməyə əsas var. Ona görə ki, əvvəllər də Ermənistan hakimiyyəti oxşar yaramaz əməldən istifadə edərək çayı çirkləndirib, onun canlı aləminə zərər vurub.
Budur naharatlığa, belə demək mümkünsə, cavab var. Söhbət qeyd etdiyimiz kimi, həmin istiqamətdəki təxribatdan gedir. Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutublar. Bu azmış kimi, ölkənin rəhbərliyi törətdiyi əməli Bakının üstünə atmaq kimi həyasız mövqeyə baş vurmaqdadır.
Bəli, belə bir yekun nəticəyə gəlmək mümkündür ki, Ermənistan silahlı qüvvələrinin aktivliyi sülh prosesini pozmağa yönəlib. Görünür, bunu avropalılar da hiss etməkdədirlər. Doğrudur, onlar həmişə olduğu kimi, konkret davranmırlar, təxribatçını öz adı ilə çağırmaqdan yan keçirlər. Məsələn, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar özünün “Twitter” səhifəsində Ermənistan-Azərbaycan sərhədində artan gərginliyə toxunaraq yazıb: “Bütün ərazilərdə atışma dayandırılmalıdır. Görüşlərin müsbət dinamikasını saxlamaq və danışıqlar masası arxasında Ermənistan, Azərbaycana və bütün regiona fayda gətirəcək nəticələrə nail olmaq vacibdir”.
Onu da bildirək ki, Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın atəşkəs rejiminin pozulmasına görə ölkəmizi günahlandırmasına münasibət açıqlayıb: “Azərbaycan Ordusunun bölmələrinin guya Arazdəyən istiqamətində metallurgiya zavoduna atəş açması və iki nəfərin yaralanması barədə Ermənistan tərəfinin yaydığı məlumatı qəti surətdə təkzib edirik”.
Əlbəttə, Azərbaycan sülhün vacibliyini dərk edir. Yeri gəlmişkən, 44 günlük müharibədə qalib dövlət kimi Ermənistana sülh əlini uzadan da məhz ölkəmizdir. Ancaq görünür, İrəvanda bu əli sıxmaq barədə yox, yenə də təxribatlar barədə düşünməkdədirlər. Heç şübhəsiz, belə destruktiv meyillər cavabsız qalmayacaqdır.
Ə.RÜSTƏMOV, “Xalq qəzeti”