Ankara formatı

post-img

Azərbaycan Respublikası məlum “Brüssel Sülh Gündəliyi”ni ilk gündən səmimi şəkildə dəstəkləyib, öz töhfələri ilə çıxış edib. Çünki bizim xarakterimiz sülhə, ədalətə köklənib. Bəli, məhz ədalətli sülh bizim 30 il boyunca dünya erməniliyinə, qurama Ermənistanın bütün dəstəkçilərinə qırmızı cizgi olaraq anlatdığımız həqiqət idi. O vaxt bizə “gerçəkliklərlə barışmaq” təklif olunurdu, “təmas xətti”ndə sakitlik və danışıqlar tövsiyyə olunurdu ki, biz anti-sülhü sülh kimi qəbul edək. Etmədik! 

İndi isə tarixi Zəfərə imza atmış dövlət kimi Ermənistan deyilən keçici dövlətə ədalətli sülhün şərtlərini qəbuldan başqa bir yol tanımırıq. Bax, bu yerdə dövriyyəyə Paris, Vaşinqton, Moskva, Soçi və Brüssel ünvanlı sülh platformaları, danışıq masaları daxil olur. Olur və biz harda olur-olsun öz sözümüzü deyirik. Sanki yarış içində olan paytaxtlar sözümüzün imzamız qədər keçərli olduğunu da, qarşı tərəfin hətta imzasının da bir ciddilik ifadə etmədiyini yaxşı bilirlər. Bunlar öz yerində. Bəs Paşinyanın bu günlərdə yeni paytaxt, yeni qucaq, yeni sığınma yeri axtardığını görmürükmü? Bal kimi də görürük. Paşinyanın qardaş Türkiyənin Cümhürbaşqanı Rəcəb Tayyib Ərdoğanın möhtəşəm andiçmə törəninə az qala yüyürə-yüyürə getməsini, ümumən erməni başbilənlərinin özünü “milləti-sadıka”, “tabayi-sadıka” görkəmində aparmağa cəhdini görmürükmü?.. Ona görə də Ermənistanla Azərbaycan arasında sülh danışıqları üçün Ankara formatı təklifi ilə çıxış edənləri haqlı hesab edirik.

Madam “milləti-sadıka”, “tabayi-sadıka” olmaq istəyirsiniz, o zaman gəl Ankarada masaya otur, “iki masada eyni vaxtda oturmaq” mərəzindən qurtul və ədalət gör, urvat gör... Biz Moskva, Paris, Vaşinqtondakılardan fərqli olaraq, səni aldatmayacağıq.

Heç kəs unutmasın: Türkiyənin dövlət arxivi, Azərbaycan dövlət arxivi Ermənistan vətəndaşlarının, Qarabağda məskunlaşmış ermənilərin önəmli hissəsinin nəsil-nəcabətinin haradan gəlib harayadək getdiyi faktlarını daşıyır...

Ermənistan əgər sabah-birisigünə bir dövlət şəklində qalsa və Türk Dövlətləri Təşkilatına üzvlük üçün müraciət etsə, heç təəcüblənmərəm...

Paşinyan Ankara formatını dərk etsə, ermənilərin Qafqazda təhlükəsiz yaşamı mümkün ola bilər. Açığı, getdikcə nəinki özgəsinə, heç özünə umac ova bilməyən duruma düşən Parisdən, Ukrayna bataqlığında çabalayan Moskvadan, çox uzaqlardakı Vaşinqtondan İrəvana haray olmayacağı gün anbaan yaxınlaşır. Yaxınlıqda isə Ankara var, Bakı var... Həmişə də var olacaqlar! Bu sadə həqiqəti dərk etməyən tayfanın yaşayıb-yaşamaması nə ifadə edər?..

Əkbər QOŞALI

Siyasət