Nikol–Araik qarşıdurması: kələfin ucu Şimala uzanır

post-img

Prezident İlham Əliyevin mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüşdəki çıxışı Azərbaycanın Qarabağ iqtisadi rayonunun Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti altında olan hissəsindəki etnik ermənilər arasında böyük rezonans doğurduğu məlumdur. Qeyd edək ki, dövlətimizin başçısı Vətən müharibəsindən ötən müddət ərzində bütün planlarımızın ardıcıllıqla, tədricən həyata keçdiyini bildirmişdi. Prezident əlavə etmişdi ki, biz öz planlarımızın son addımlığındayıq və o addım da atılacaq. Cənab İlham Əliyevin qətiyyəti Azərbaycanın suverenliyinin Qarabağ iqtisadi rayonunun bütün ərazisində tam bərqərar olacağına, Xankəndidə dövlət bayrağımızın ucaldılacağına, habelə yaxın vaxtlarda Ermənistanla sülh sazişinin imzalanacağına əminlik yaradır. Təsadüfi deyil ki, ölkənin xarici işlər naziri Ceyhun Bayramov iyunun 6-da ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı Bakı və İrəvanın sülhə yaxın olduğunu bildirib. Onun sözlərinə görə, son danışıqlar tərəflərə bir-birini daha yaxşı başa düşməyə kömək edib: “Ermənistanın təcavüzü nəticəsində, təxminən otuz il davam etmiş silahlı münaqişənin başa çatması və öz müstəqilliklərini bərpa etdikdən sonra ilk dəfə olaraq bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət öhdəliyi ilə iki ölkə sülhün astanasındadır”.

Separatçıların yuxusu ərşə çəkilib

Ancaq Ermənistan cəmiyyətində Azərbaycanla sülhə, eləcə də Qarabağdakı ermənilər arasında reinteqrasiya prosesinə münasibət birmənalı de­yil. Sadə ermənilər sülh tərəfdarıdırlar. Ermənistan əhalisinin müharibədəki məğlubiyyətə rəğmən, iki il öncə – 2021-ci il iyunun 20-də keçirilmiş növbə­dənkənar parlament seçkisində Nikol Paşinyana səs verməsi də bunun göstəricisi sayıla bilər. Ancaq ba­şında Qarabağ klanının dayandığı radikallar, revan­şistlər, daşnaklar və Paşinyana müxalif olan digər qüvvələr mütərəqqi prosesin reallaşmasına imkan vermək istəmirlər.

Cənab İlham Əliyevin təslim olacaqları təqdirdə separatçı rejimin nümayəndələrinə amnistiya şa­mil oluna biləcəyinə dair fikirlərinin ABŞ tərəfindən alqışlanması isə separatçıları lap hiddətləndirib. Necə deyərlər, yuxuları ərşə çəkilib.

Vardanyan var gücü ilə reinteqrasiyanın qarşısını almağa çalışır

Qarabağda yuxusu ərşə çəkilənlərdən biri xüsusi missiya ilə bölgəyə göndərilmiş, oğurluq milyardlara sahib Ruben Vardanyandır. Azərbaycanın qəti tələ­bi, prinsipial mövqeyi Vardanyanın 2023-cü ilin fevral ayında qondarma rejimin “dövlət naziri” postundan getməsi ilə nəticələndi. Bu “istefa”dan cəmi 5 gün əvvəl – fevralın 18-də Münxen Təhlükəsizlik Konf­ransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqaz­da təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda Prezident İlham Əliyev demişdi: “Biz Qara­bağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırıq. Bu gün Dövlət katibi Blinkenin qarşısında mən Ermənistandan olan həm­karıma bu barədə dedim. Lakin biz bunu o zaman edə bilərik ki, Rusiya vətəndaşı, cinayətkar oliqarx, Avropada çirkli pulların yuyulmasında əli olan şəxs – Vardanyan bizim ərazimizi tərk etsin”. Beləliklə, “sta­tus” tarixin arxivinə gömüldüyü, müstəqillik xülyası statusun dalınca getdiyi, “Miatsum”, separatizm kita­bı bağlandığı kimi, Vardanyan da “dəfnə yarpağı”tək çıxdaş durumdadır. Ancaq o, son vaxtlar yenidən siyasi proseslərə boz rəng qatmaq istəyir. Ruben iyunun 1-də, yəni Kişineuda beştərəfli görüşün ke­çirildiyi gün “Artsax təhlükəsizlik və inkişaf cəbhəsi” adlı qondarma ictimai hərəkatın təsis yığıncağını ke­çirib. Görünür, rəsmi Bakının tələbi ilə “vəzifə”sindən uzaqlaşdırıldığı üçün Azərbaycana və azərbaycanlı­lara nifrəti artıq şəxsi müstəviyə keçib.

Vardanyan son vaxtlar verdiyi açıqlamalarda hət­ta separatçı rejimin “qlavar”ı Arayik Arutyunyandan da “irəli gedir”. Necə deyərlər, papadan daha artıq katoliklik edir. Məsələn, rəhbəri olduğu qurama təş­kilat iyunun 6-da A.Arutyunyana tələblər ünvanlayıb. “Artsax vətəndaşları”nın Laçın yolunda yerləşən Azərbaycanın sərhəd nəzarət-buraxılış məntəqəsin­dən keçməsi ilə bağlı qərara dərhal yenidən baxıl­masını tələb edib. İyunun 4-dən etibarən Qarabağ erməniləri Laçın yolunda yerləşən Azərbaycanın nə­zarət-buraxılış məntəqəsindən keçməklə Ermənis­tana gedib-gəlirlər. Vardanyanın sarsaq məntiqinə görə, bu, qırmızı xəttin keçilməsidir. Sən demə, “Artsax prezidenti” nə zamansa Ermənistanla fasilə­siz və məhdudiyyətsiz əlaqəni təmin etməyi qırmızı xətt elan edibmiş. “Mövcud vəziyyəti nəzərə alaraq minlərlə tərəfdarımız (?) adından “Artsax hakimiyyə­tindən” tələb edirik ki, Laçın yolunda yerləşən Azər­baycan buraxılış məntəqəsindən vətəndaşlarımızın keçirilməsi ilə bağlı qərara dərhal yenidən baxılsın. Həmçinin, ictimai müzakirələr aparılmadan, həmin qərarlardan irəli gələn təhlükələri araşdırmadan strateji əhəmiyyət kəsb edən qərarların qəbul edil­məsi kimi çirkin fenomendən əl çəkilsin”, – deyə tələbdə bildirilib.

R.Vardanyan deyib ki, Ermənistanda heç bir hökumət Qarabağ erməniləri və bütün ermənilər ol­madan “Artsax”ın taleyi ilə bağlı qərar qəbul etmək səlahiyyətinə malik deyil: “Bu barədə danışan tək mən deyiləm. Bunu Ermənistanın, “Artsax”ın və er­məni dünyasının müxtəlif təşkilatlarının və ayrı-ayrı şəxslərinin, bizim kilsəmizin, Kilikiya Böyük Evinin ali ruhani şurasının və katolikosluğunun Ermənistan hakimiyyətinin “Artsax”ın Azərbaycan ərazisi kimi ta­nınması ilə bağlı açıqlamasını pisləyən bəyanatları sübut edir”.

Sözsüz ki, R.Vardanyanın bu tələbi və səslən­dirdiyi fikirlər absurdun kulminasiyasıdır və faktiki olaraq prosesləri qəsdən gərginləşdirmək məqsədi daşıyır. Həmçinin, Qarabağ ermənilərinin Azərbay­can cəmiyyətinə reinteqrasiyasının qarşısını almağa xidmət edir.

Paşinyanla Arayikin münasibətləri soyuyub

Son dövrlər Nikol Paşinyanla A.Arutyunyanın bir vaxtlar mövcud olmuş isti münasibətlərindən əsər-əlamət qalmayıb. Görünür, N.Paşinyanın mayın 22-də keçirdiyi mətbuat konfransında Azərbaycanın 86,6 min kvadratkilometrlik ərazisinə Qarabağın da daxil olduğunu bəyan etməsi öz sözünü deyib. A.Arutyunyan baş nazirin açıqlamalarına yalnız iki gün sonra münasibət bildirib və Ermənistan haki­miyyətinə müraciətində yenə də “müstəqillik, xalqın öz müqəddəratını təyinetmə hüququ və suveren­lik” nağılından dəm vurub: “Vəziyyət çətindir, lakin ümidsiz deyil və “Artsax hakimiyyəti” xarici və daxili çağırışlarla üzləşməmək üçün mümkün praktiki ad­dımlar atır və atacaq. Biz Ermənistan hakimiyyətini “Artsax”ı Azərbaycanın bir hissəsi kimi tanımaq üçün hər hansı hərəkət və bəyanatdan çəkinməyə çağı­rırıq”. Arutyunyan müraciətində Paşinyanın adını çəkməməsi, sadəcə Ermənistan rəhbərliyinə çağırış etməsi də diqqəti çəkməkdədir. Digərlərindən fərqli olaraq, o, Paşinyanı milli maraqlara xəyanət etmək­də suçlamayıb.

Bu arada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın iyunun 5-də parlamentdə müzakirələr zamanı səsləndirdiyi fikirlər geniş müzakirələr doğu­rub. O qeyd edib ki, rəsmi İrəvan Qarabağ xalqından (?) onun gələcəyi ilə bağlı danışıqlar aparmaq üçün mandat almayıb. “Ona görə də bizim onların statusu ilə bağlı məsələni həll etmək hüququmuz yoxdur, biz bunu iddia etməmişik və etməyə çalışmırıq. Ermə­nistan-Azərbaycan nizamlanması prosesində təmin etməyə çalışdığımız yeganə şey budur: bu nizam­lanma Azərbaycan və Qarabağ xalqı (?) üçün vacib olan bütün məsələlərlə bağlı dialoqun başlanması üçün platforma yaratmasa, real, tamhüquqlu, uzun­müddətli və davamlı ola bilməz”.

Beləliklə, proseslər separatçı rejimin İrəvanın tabeliyindən çıxmağa doğru getdiyini göstərir. On­suz da tabeçilik indiyədək maddi maraqlar əsasın­da idi. Bakı–İrəvan danışıqlarının son mərhələsində isə ziddiyyətlər özünün kulminasiya nöqtəsinə ça­tıb. Separatçıların müxtəlif nümayəndələrinin oxşar bəyanatlarının haradan körükləndiyi, haradan diktə edildiyi bəllidir. Bunu İrəvanda da, Bakıda da, o cüm­lədən Brüssel və Vaşinqtonda da çox yaxşı bilirlər. Bakının Qarabağdakı erməni icması ilə dialoq təşəb­büslərini iflasa uğradan da həmin güc mərkəzidir. Ancaq Şimalın soyuq küləkləri Qarabağda mülayim mehin əsməsinə maneçilik törətməyəcək.

 

İlqar VƏLİZADƏ, 

politoloq

– Ermənistan hakimiyyəti təzadlı siyasət aparır. Bir tərəfdən Qara­bağ ermənilərinin adından danışma­ğa mandat almadıqlarını, digər tərəfdən bölgə­nin blokadada olduğunu, məsələni tənzimləmək üçün hansısa beynəlxalq qüvvələrin regiona gəlməsinin zəruriliyini bildirirlər. Digər tərəfdən, qondarma rejim İrəvanı onu müdafiə etməməkdə ittiham edir. Eyni zamanda, rejimin adından heç kimin danışmağa hüququnun olmadığını car çə­kirlər. Yalan üzərində qurulan saxta ideologiyanın axırı belə də olmalıdır.

Nikol Paşinyan Qarabağ adlı yükü üzərin­dən atmağa çalışır. Digər tərəfdən, bunu edə bilmir. Buna cəsarət lazımdır. Yarımçıq addımlar­la, söz-söhbətlə nə isə etmək olmaz. İrəvandan yenə də separatçı rejimə yardımlar gəlir. Onun təxminən yarım milyard dollarılıq büdcəsini Ermə­nistan təmin edir. Separatçıların özlərini dolandır­maları üçün heç bir resursları yoxdur. Belə təzadlı siyasət son nəticədə bu cür çaxnaşmalara gəti­rib çıxarır. Eyni zamanda, qondarma rejim özü daha çox Rusiyadakı erməni diaspor və lobbisinə bağlıdır. Fikir verisinizsə, son vaxtlar Rusiyadakı erməni lobbisinə bağlı şəxslərin bir çox nümayən­dəsi rejimi, orada yaşayan erməniləri müdafiə edir. Bu, ona görə baş verir ki, illərdir Qarabağda separatizmi dəstəkləyən əsas qüvvələr Rusiya­dadır. Bunu Konstantin Zatulinin və digərlərinin fikirlərindən də görmək mümkündür. Ancaq onlar başa düşməlidirlər ki, 44 günlük müharibə regi­onda yeni reallıq yaradıb. Dünyada və regionda gedən geosiyasi proseslər illərlə yalan üzərində qurulmuş tandemləri darmadağın edib. Nəticədə həm dünya erməniləri daxilində siyasi böhran ya­ranıb, həm də İrəvanla separatçı rejim arasında.

 

Səxavət HƏMİD,

“Xalq qəzeti”



Siyasət