Ümummilli liderin halallıq sevgisi

post-img

...Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev 1980-ci ildə Əməkdar inşaatçı Məmməd Hüseynova Sosialist Əməyi Qəhrəmanının “Qızıl Ulduz”unu və ikinci Lenin ordenini təqdim etdi. 18 il sonra – 1998-ci ildə tale onları yenidən, bu dəfə Masallıda görüşdürdü. Prezident və onun seçicisi kimi. Zəhmətə layiqli qiymət verən dahi rəhbər və zəhməti ilə tanınmış sadə fəhlə obrazları beləcə göz önündə yenidən canlandı. Bu tarixi görüşün sonuncu olacağını heç kim bilməzdi. Haqq olan əcəlin nə zaman, nə də məkan anlayışı var. 

Bəxtinə Ulu öndərlə eyni gündə – mayın 10-da anadan olmaq düşmüş Məmməd Hüseynov Masallı rayonu­nun Xırmandalı kəndindən Bakıya köçərək orada tikdiyi binalarda, sözün əsl mənasında, silinməz avtoqraflar qoyub. AzTV-nin inzibati binası, A.Şə­rifzadə adına “Aktyorlar evi”, “Yaşıl teatr”, Parlament binası, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası, geoloqlar üçün doqquzmərtəbəli ya­şayış evi, Respublika Eksperimental Tibb Mərkəzi, Lökbatan, Sahil, Korgöz qəsəbələrində orta məktəb binaları, Gəmi təmiri zavodu, Binəqədi, Suraxa­nı, Yasamal və Qaradağ rayonlarında onlarca məktəb binaları, körpələr evi, uşaq bağçaları, mədəni-məişət obyekt­ləri onun əlinin izlərini yaşadır. 

Ulu öndərlə canlı ünsiyyətləri barədə Məmməd əmi həmişə iftixarla danışar, diqqət və qayğısını yüksək dəyərləndirərdi. Bu barədə onun özəl xatirələri, eləcə də şahidlərin söylə­dikləri kitab və qəzet materiallarında özünə yer edib. Məsələn, mərhum ya­zıçı-publisist Hacı Ağəddin Mənsurza­dənin qələmə aldığı xatirədən bir fraq­mentdə oxuyuruq: “Biz onunla mərhum Nəsir İmanquliyevin sayəsində tanış olmuşduq. Nəsir müəllim çox istəyir­di ki, Məmməd Hüseynov haqqında o vaxt – 1984-cü ildə kitab yazılsın...” Elə də oldu. Həmin kitaba M. Hüsey­novun şərəfli ömür yolundan bəhs edən “Halal adam” sənədli povesti ilə yanaşı, onun Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevlə görüşləri haqqında xatirələr də daxil edilib. 

Həmin xatirələrin birini dövlət xadi­mi, tarix elmləri doktoru Həsən Həsə­nov belə qələmə almışdır: “Mən Gəncə Şəhər Partiya Komitəsinin birinci katibi olanda bir dəfə MK-dan zəng vurub, Məmməd Hüseynovun Gəncədə oldu­ğunu və Heydər Əliyevin onu axtardı­ğını bildirdilər... O vaxt Məmmədin bir inşaatçı dostu vardı – İlyas Quliyev. Gəncə Şəhər Sovetinin sədri seçil­mişdi. Ona zəng etdim... Dedi, Həsən müəllim, elə indi kabinetimin qapısı açıldı, Məmməd içəri girdi... Bir neçə dəqiqədən sonra Məmməd gəldi... O mənim kabinetimdən Heydər Əliyev­lə danışdı. Məlum oldu ki, respublika rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti qonşu ölkəyə yola düşməyə hazırlaşır. Nümayəndə heyətinin tərki­bində olan Sosialist Əməyi Qəhrəmanı Məmməd Hüseynovu Bakıda axtarıb­lar, sorağını Gəncədən alıblar. Hiss et­dim ki, Heydər Əliyev səfərqabağı onu görmək istəyir. Ona görə də Məmməd təcili Bakıya qayıtdı...”

Həmin nümayəndə heyətində görkəmli oftalmoloq-alim, akade­mik Zərifə xanım Əliyeva, akademik Cəmil Quliyev, Azərbaycan KP Lənkə­ran Şəhər Komitəsinin birinci katibi İsa Məmmədov da təmsil olunmuş­du. Qonşu respublikaya səfər zamanı Heydər Əliyev xəbər tutur ki, Məmməd Hüseynovun oğlu burada hərbi xidmət­dədir. Və öz qol saatını əsgərə hədiyyə etmək üçün Məmməd Hüseynova ve­rir.

Bu fikir isə vaxtilə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri və­zifəsində çalışmış Süleyman Tatlıyevə məxsusdur: “Mənim fikrimcə, M.Hü­seynov öz xeyirxah əməlləri ilə Hacı titulunu elə Bakıda – quruculuq işləri görəndə qazanmışdı.” 

Xalq yazıçısı İmran Qasımov isə deyirdi: “Məmməd hazırca qəhrəman­dır ki, gözümüzün qarşısında durub. Eləcə “əlindən tutub” povest, roman səhifələrinə gətirən lazımdır”.

Məmməd Hüseynov Xalq artisti Nəsibə xanım Zeynalova, Xalq rəssa­mı Mikayıl Abdullayev, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Qa­raş Mədətovla qonşuluqda yaşayırdı. İnşaat meydançasında bu zəhmətkeş insanın portretini yaradan M. Abdulla­yev qonşusu haqqında deyirdi ki, insan həyatda müşahidəçi yox, iştirakçı ol­malıdır. Məmməd məni ikinci mənada çox düşündürdü... Axır ki, ürəyim güc gəldi. Ürəyim məni fırçaya, kətana sarı çəkdi...

Mərhum şair-publisist Səyavuş Sərxanlının “Əməkdar inşaatçı”, “So­sialist Əməyi Qəhrəmanı” fəxri adlarını şərəflə daşımış Məmməd Hüseynovun haqqında “Ulduz” jurnalının 1976-cı il 6-cı sayında dərc etdirdiyi “Yaxşılıq poeması” bu sözlərlə bitir: “Yaxşılıq əks-səda kimidir, mütləq sahibinə qa­yıdır...” Professor Zeydulla Ağayev M.Hüseynovu “Allahın seçdiyi adam” adlandırırdı. 

Ulu öndər Məmməd Hüseynovu təkcə zəhmət adamı kimi tanımırdı, həm də onun Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri olmuş Mirbəşir Qasımovla qohumluq əlaqələ­rindən, el-oba üçün etdiyi xeyirxahlıq­lardan xəbərdar idi.

Qarabağ münaqişəsi başlananda o bir ictimai xadim kimi millətimizin üzləş­diyi çətinlikləri ürək ağrısı ilə yaşadı. 28 iyun 1988-ci il tarixli “Veçernaya Mosk­va” qəzetində XIX Ümumittifaq partiya konfransının nümayəndəsi kimi çıxı­şında “Emosiyalar pis məsləhətçidir”, – deyərək Dağlıq Qarabağda baş verən oyuncaq tətillərə etirazını bildirmişdi.

Bəli, kişilər getsə də, dünyada ki­şilik qalır, insan ölsə də, insanlıq qa­lır. Ömür yoluna ümummilli liderin nur saçdığı M.Hüseynovun həyatı böyük bir sənədli romanın, kino əsərinin möv­zusudur. 

Nurəddin ƏDİLOĞLU,
yazıçı-publisist

Sosial həyat