Minalar həyat və sağlamlığa ciddi təhdiddir

post-img

Ermənistan zaman-zaman azərbaycanlılara qarşı müxtəlif terror aktları törətmiş, günahsız insanların qətlinə və ömürlük şikəst qalmalarına bais olmuşdur. Faşist xislətli bu millətin mayası sanki terrordan tutulub. İşğalçı ölkə dünya ictimaiyyətinin yaddaşında XXI əsrin mina terrorunun yaradıcısı kimi qalıb. Düşünmək olardı ki, Vətən müharibəsindəki məğlubiyyətindən sonra Ermənistan bu qəddarlığından əl çəkəcək. Amma... 

İrəvanın mina terroru ilə beynəlxalq hüququ kobud surətdə pozması dünya birliyinin gözü qarşısında baş verir. Ancaq nüfuzlu beynəlxalıq təşkilatlar bu istiqamətdə də ikili mövqeyindən əl çəkmir, bu ölkənin beynəlxalq hüquq norma­larına hörmətsizliyinə laqeyd yanaşırlar. Bu, danılmaz faktdır ki, Ermənistan “Müharibə qur­banlarının müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyasını, 10 oktyabr 1980-ci il “Hədsiz zərərli sayıla bilən və ya seçim­siz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında” Konvensiyanın İkin­ci Protokolunun tələblərini kobud şəkildə pozur. BMT-nin 1999-cu ildə qəbul etdiyi “Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, is­tehsalı və verilməsinin qadağan edilməsi haqqın­da” Konvensiyanın müddəaları da Ermənistan tərəfindən açıq-aydın pozulur. Sözügedən kon­vensiyaya əsasən, münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizlənəcək sahələrin xəritələrinin təhvil verilməsi, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürüb. Təəssüf ki, İrəvan bu öhdəliyə də əməl etmir.

Otuz il ərzində Ermənistanın hərbi-siya­si rəhbərliyi bütün beynəlxalq konvensiyalara, hüququn norma və prinsiplərinə hörmətsizlik nü­mayiş etdirib. İşğal olunmuş ərazilərdə minalar elə quraşdırılıb ki, hadisə zamanı minaya düşən şəxsin sağ qalmaq ehtimalı olmasın. Bütün bun­larda məqsəd daha çox insan qətlə yetirmək üçün partlayışın dalğasını maksimum böyütmək­dir. Ermənistan işğal etdiyi ərazilərdə hərbi təyi­natı olmayan əraziləri də minalamışdı. Bu faktın özü Ermənistanın terrorçu xislətindən xəbər verir.

Azərbaycan torpaqlarını işğaldan azad etdiyi kimi, onu minalardan təmizləməyi də bacaracaq. Ermənistan isə nə qədər gec deyil, terrorçuluq­dan əl çəkməli, səylərini təhlükəsiz, firavan, sabit region yaratmağa yönəltməlidir. Düşmənin bütün cəhdlərinə baxmayaraq, Azərbaycan öz ərazilə­rini minalardan təmizləyir, işğaldan azad edilmiş torpaqları təhlükəsiz, yararlı hala gətirir, soydaş­larımız doğma dədə-baba yurdlarına qayıdırlar. Bu işlərdə ərazilərin minalardan təmizlənməsində fəaliyyət göstərənlərin əməyi xüsusi qeyd edilmə­lidir.

Bugünlərdə Milli Məclis “Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respub­likasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikası orden və medallarının təsis edilməsi haqqında” Qanununda dəyişiklik edib.

Nizami SƏFƏROV,

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü

– Azərbaycan Respub­likasının Prezidenti qanun­vericilik təşəbbüsü qay­dasında “Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikası medalının təsis edilməsi ilə bağlı “Azərbaycan Respub­likasının orden və medalları haqqında” qanunda dəyişik­lik edilməsi barədə qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim etmiş və qəbul olunmuşdur. 

Dövlət başçısının belə bir zəruri təşəbüslə çıxış etməsi xü­susi rəmzi məna daşıyır. Müasir şəraitdə minalar və müharibə­nin partlayıcı qalıqları dünyanın bir çox regionlarında, ilk növ­bədə, mülki əhalinin həyat və sağlamlığına, inkişafa, tərəqqiyə ən ciddi təhdiddir. Azərbaycan dünyada minalarla çirkləndiril­miş ölkələr sırasında ilk yerlərdən birini tutur. 1991-ci ildən 2023-cü il mayın 2-dək Ermənistanın törətdiyi beynəlxalq cinayətlərin bariz nümunəsi olan minalanma fəaliyyəti nəticə­sində 3377 nəfər vətəndaşımız zərər çəkmişdir. Onlardan 358-i uşaq, 38 nəfəri qadındır. 2020-ci ilin 10 noyabrından, yəni üçtərəfli Bəyanat imzalandığı tarixdən bugünədək 140 mülki şəxs və 161 nəfər hərbi qulluqçu, ümumilikdə, 301 nəfər mina partlayışları nəticəsində həlak olmuş və ya müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

Göründüyü kimi, mənfur qonşu Azərbaycana qarşı hələ də mina müharibəsini davam etdirir. 2022-ci ilin avqust ayından başlayaraq Azərbaycan tərəfi Kəlbəcər və Laçın istiqamətin­də 3 minə yaxın mina aşkarlamışdır ki, bunların işarələnməsi birmənalı olaraq həmin sursatların 2021-ci ildə Ermənistanda istehsal olunduğunu sübut edir. Ümumilikdə, 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra 77 min 890 hektar ərazi mi­nadan təmizlənib, 87 min mina və partlamayan hərbi sursat aşkarlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi bu istiqamətdə öz fəaliyyətini davam etdirir. Həmçinin dövlətimiz minatəmizləmə sahəsində bir sıra ölkələr və beynəlxalq təşki­latlarla səmərəli əməkdaşlıq edir. Minatəmizləmə Agentliyi Türkiyə Respublikası, Böyük Britaniya mütəxəssisləri, ABŞ-ın Aerokosmik Mühəndislik Korporasiyası, Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi və digər dövlətlərin mü­vafiq qurumları ilə əməkdaşlıq edir. Həmçinin Avropa İttifaqı, BMT-nın İnkişaf Proqramı və Azərbaycan Respublikasının Mi­natəmizləmə Agentliyi ölkəmizdə məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının dəstəklənməsi məqsədilə yeni layihəni icra etməyə başlayıb. 

Minatəmizləmə mühüm fəaliyyət növüdür və bu sahə­də fəal iştirak edən, səmərəli əməkdaşlığa əhəmiyyətli töhfə verən, dövlətimizin beynəlxalq əlaqələrinin inkişaf etdirilmə­sinə və möhkəmləndirilməsinə görə Azərbaycan Respublika­sının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər adıçəkilən medalla təltif oluna bilərlər.

Ə.BƏDƏLOV, “Xalq qəzeti”



Siyasət