Ermənistanın dərdi var, İrəvan xəstədir

post-img

Ermənistanda əsəblər tarıma çəkilməkdə, səbr kasaları daş­maqdadır. Hazırda ölkədəki gər­gin durumu şərtləndirən bir-birilə bağlı iki məqam var. Birincisi, sülh danışıqlarının hazırkı axarı, ikinci­si isə ölkə rəsmilərinin həmin da­nışıqlar fonundakı açıqlamaları. 

Bilavasitə ikinci məqama diqqət ye­tirərkən, yada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın parlament­də bir neçə gün əvvəlki çıxışı zamanı səsləndirdiyi fikirlər düşür. Mirzoyan bildirmişdi ki, Qarabağ erməniləri baş nazir Nikol Paşinyana və onun şəxsin­də Ermənistan hökumətinə bölgənin statusu ilə bağlı danışıqlar aparmaq mandatı verməyib. XİN rəhbəri özünün yarımçıq diplomatiyası ilə çalışmışdı ki, Qarabağdakı separatçı rejimin, elə­cə də dünya erməniliyinin bölgə ermə­nilərinin taleyi ilə bağlı İrəvanın üzərinə yüklənmələrinin qarşısını alsın. Yəni, təxminən belə: mandatımız yoxdur, heç nə gözləməyin. Əlbəttə, məlumdur ki, söhbət heç də mandatdan getmir. Çünki Mirzoyan sözünə davam edərək demişdi ki, Ermənistan dövlətinin başlı­ca vəzifəsi Xankəndi ilə Bakının dialoq apara biləcək dəqiq platformasının və ya mexanizminin yaradılmasıdır. 

Əlbəttə, erməni siyasi dairələri yax­şı anlayırlar ki, sülh danışıqları onla­rın xeyrinə deyil. Gedişata etirazlarını Azərbaycan-Ermənistan nizamlama­sının Qərb formatı çərçivəsində ke­çirilmiş görüşlərin nəticələrinə qəzəb bəsləmək fonunda ifadə edirdilər və bildirirdilər ki, baş nazir Azərbayca­nın Qarabağın da daxil olduğu 86,6 min kvadratkilometr ərazidəki suveren hüquqlarını tanımalı deyildi. Çünki böl­gənin Ermənistana dəxli yoxdur və sair və ilaxır. 

Lakin sonradan onlar valı dəyişdilər və tapıb çıxardılar ki, Paşinyanın Azər­baycanın ərazi bütövlüyünü 86,6 min kvadratkilometrdə tanıması Ermənista­nın konstitusiyasına, ölkənin Müstəqil­lik bəyannaməsinə və digər sənədlərə ziddir. Görünür, Mirzoyan da bu səbəb­dən parlamentdə büdcə müzakirələri zamanı çıxış edərkən, mandat məsələ­sini qondarıb məsuliyyətdən yaxa qur­tarmaq fikrinə düşmüşdü. Yəni, demək istəmişdi ki, iqtidar konstitusiyaya zidd iş görmür. 

Əlbəttə, vurğuladığımız məqam, daha dəqiq desək, erməni XİN rəhbə­rinin Xankəndi-Bakı dialoquna dəstək məntiqi manipulyasiya olmaqla, əslin­də Qarabağa status məsələsinə fərqli prizmadan yanaşmaq cəhdidir. Hər bir halda diqqətçəkən cəhət Paşinyanın Azərbaycanın Qarabağla birlikdə əra­zi bütövlüyünü tanıdığını bildirməsin­dən sonra, onun buna ixtiyarının çat­madığını vurğulayanların, Mirzoyanın mandat söhbətindən sonra yenidən məsuliyyəti Ermənistan hakimiyyətinin üzərinə qoymalarıdır. 

Məsələn, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın “Respub­lika” Partiyasının sədr müavini Armen Aşotyan bildirir ki, ölkənin XİN rəhbə­rinin bildirdikləri absurddur, manipulya­siyadır. O, fikrini əsaslandırmaq üçün 2020-ci ilin 44 günlük müharibəsindən əvvəlki dövrə ekskurs edir və Nikolun Qarabağdakı separatçı rejimin lideri Arayik Arutyunyanın “andiçmə mərasi­mində” söylədiklərini yada salır: “Arayik Arutyunyanın andiçmə mərasimi za­manı Nikol Paşinyan söz verdi: “2018-ci ilin “məxməri inqilabı” “Artsax”ın öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq səviyyədə tanınmasına töhfə verəcək”.

Əlbəttə, Paşinyan bildirə bilər ki, töhfə vermək istəyirdi, amma alınmadı. Mirzoyanın həyasızcasına yalan da­nışdığını deyən Aşotyan isə vurğulayır ki, Ermənistan əhalisi ölkənin baş na­zirinə etimad göstərərkən, həm də ona Qarabağla bağlı inamını ifadə etmişdi və burada başlıca məqsəd bölgənin müstəqilliyinə nail olmaq idi. Paşinyan isə etimadı doğrultmadı. Deməli, buna görə hakimiyyətdən getməlidir. Hər halda aşotyanlar və onun kimilər belə deyir. 

Əslində, erməni partiya funksione­rini, müəyyən mənada haqlı saymaq mümkündür. Ona görə ki, Nikolun 44 günlük müharibədən əvvəl “Cəbrayıla yol çəkmək”, “Qarabağ Ermənistan­dır, nöqtə” və sair bu sayaq avantürist fikirləri olmuşdu. Hələ qeyri-ordinar hərəkətlər siyahısına Şuşada, Cıdır düzündə sərxoş olub yallı getməyi də əlavə etmək mümkündür. Paşinyan “dəmir yumruğ”un gücünü hiss etdik­dən sonra ağlını başına yığdı. Həmin vaxtadək hər şey onun üçün, necə deyərlər, yağ kimi gedirdi.

Qeyd edək ki, A.Mirzoyanın məlum mandat bəyanatından sonra meydana bir sual da çıxırdı. Necə ola bilər ki, “Qarabağ xalqı”nın statusu ilə bağlı danışıq aparmaq mandatı olmayan Er­mənistanın baş naziri Qarabağ ermə­nilərinin hüquq və təhlükəsizliyi ilə bağ­lı məsələləri Azərbaycanla danışıqlar müstəvisinə gətirməkdən dəm vurur? Bu mənada Ermənistanın Paşinyan iqtidarına əks mövqedə dayanmış qüt­bünün reaksiyası daha sərtdir. Sərtliyi özünə xas üslubda ifadə edən Aşotya­nın sarsaqlamalarından belə nəticəyə gəlmək mümkündür ki, Mirzoyanın da təmsil olunduğu hakim komandanın danışıqlarda Qarabağ əhalisinin hüquq və təhlükəsizliyi məsələsini qabartma­sı, guya, bu əhalinin haqlarını məh­dudlaşdırmaqdır. “Nikol, sənin belə bir mandatın yoxdursa, nə haqqın var ki, “Artsax xalqı”nın Bakı ilə mümkün da­nışıqlar məzmununu hüquq və təhlükə­sizliklə məhdudlaşdırırsan?”

Aşotyan kimi digər avantüristlərin gəldikləri bir qənaət də var. Amma bu qənaət çarəsizliyin göstəricisi olaraq özünü göstərməkdədir. Onlar Paşin­yana da, Mirzoyana da, eləcə də ha­kim komandadakı digərlərinə təxminən belə bir sual ünvanlayırlar: əgər Ermə­nistan Azərbaycanla beynəlxalq gücə malik sənəd imzalamaq niyyətində­dirsə və bu sənəd Qarabağ da daxil olmaqla, Azərbaycanın müstəqilliyinin tanınmasını özündə ehtiva edəcəksə, o zaman “Artsax xalqı” hansı geosiya­si gücün köməyi ilə öz müqəddəratını təyinetmə hüququnu müdafiə edə bilə­cək? Göründüyü kimi, erməni siyasi istebleşmentinin xəstəliyi keçmir. Əgər, xəstə təfəkkürləri bircə anlıq kənara qoysaydılar, Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərinə diqqət yetirər­dilər. Dövlətimizin başçısı dəfələrlə bil­dirib ki, Ermənistana nə xaricdəki lobbi və diaspor təşkilatları, nə böyük kimi təsəvvürə gətirdiyi güclər kömək edə bilər.

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

Siyasət