Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Şuşa konfransı

post-img

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 7-də Şuşada “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda beynəlxalq tədbir keçirilib. Tədbirdə müxtəlif ölkələrdən 30-dan çox xarici nümayəndə iştirak edib.

Mərkəzin həmsədri İsmail Seragel­din və Azərbaycan Prezidentininin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov açılış nitqi ilə çıxış edərək, azad olunmuş torpaqlarımızda enerji məsələlə­ri, ərazilərin minalardan təmizlənməsi, eləcə də keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması ilə bağlı işçi qruplarının fəaliyyət göstərdiyini bildi­riblər. Qeyd edilib ki, “yaşıl” enerji potensi­alı bölgəni davamlı inkişafa aparacaq.

Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciyanın mode­ratorluğu ilə “Yenidənqurma, sülh və in­teqrasiya” mövzusunda keçirilmiş birinci panel iclasında Amerika Xarici Siyasət üzrə Milli Komitəsinin prezidenti səfir Su­zan Elliott, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 75-ci sessiyasının Prezidenti Volkan Bozkır, Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Res­publikası Prezidentinin xüsusi nümayən­dəsi Emin Hüseynov çıxış edərək, azad olunmuş ərazilərimizdə böyük infrastruk­tur işlərinin görüldüyünü və bölgədə sül­hün bərqərar olmasının inkişaf üçün va­cibliyini vurğulayıblar. 

İrqçiliklə Mübarizə üzrə Avropa Şəhər­lər Koalisiyasının (ECCAR) prezidenti Benedetto Zakçirolinin moderatorluğu ilə keçirilən “Mədəni irs və ortaq dəyərlər” mövzusunda ikinci panel iclasda çıxış edən Nizami Gəncəvi Beynəlxalq Mərkə­zinin həmsədri İsmail Serageldin, Azər­baycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, ICESCO-nun sabiq Baş direkto­ru Əbdüləziz əl-Tüveycri və UNESCO-nun xoşməramlı səfiri Hedva Ser “yaşıl” ener­ji potensialının bölgəni davamlı inkişafa aparacağını vurğulayıblar. Çıxışlar za­manı Qarabağın gələcəyinin və burada ətraf mühitin bərpasının iqtisadi artıma töhfə verdiyi qeyd edilib, ərazilərin işğal­dan azad olunandan sonrakı və bugünkü mənzərəsi arasında çox böyük fərqlərin olduğu söylənilib.

Moldovanın sabiq Baş naziri Kirill Qa­buriçin moderatorluğu ilə keçirilən 3-cü panel iclasda “Kapital və iqtisadi inkişafın uyğunlaşdırılması” mövzusunda müza­kirələr aparılıb.

Monteneqronun sabiq Prezidenti Filip Vuyanoviç, Xorvatiyanın sabiq Preziden­ti İvo Yosipoviç, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Res­publikası Prezidentinin xüsusi nümayən­dəsi Vahid Hacıyev işğaldan azad edilmiş ərazilərə investisiyaların qoyulmasının, böyük şirkətlərin işğaldan azad edilmiş ərazilərə cəlb olunmasının əhəmiyyə­tindən danışıblar. Diqqətə çatdırılıb ki, şirkətlərin “tax-free” xidmətindən istifadə edərək bu cür məskunlaşmalar üçün ya­tırımlar edə bilmə imkanları mövcuddur. Natiqlər, həmçinin işğaldan azad olunmuş ərazilərə qayıdış prosesindən, insanların əsas ehtiyaclarının ödənilməsi istiqamə­tində görülən işlərdən və qazanılan təcrü­bənin gələcəkdə məskunlaşma prosesin­də istifadə olunacağından danışıblar.

Gürcüstan Baş nazirinin keçmiş müa­vini Eka Tkeşelaşvilinin moderatorluğu ilə “Enerji və dayanıqlı inkişafın ekoloji çətin­likləri” mövzusunda keçirilən dördüncü pa­nel iclasda Rumıniya parlamentinin üzvü, Rumıniya Baş nazirinin keçmiş müavini Ana Birçall, Maltanın sabiq Baş naziri Cozef Muskat, Bolqarıstanın sabiq Prezi­denti Rosen Plevneliyev, Serbiyanın sa­biq Prezidenti Boris Tadiç və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi­nin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov müasir dünyadakı ən son çağırışlarla əlaqədar bərpaolunan enerji mənbələrinin çox vacib məsələyə çevril­məsindən dnaışıblar. Azərbaycanın Avro­pa üçün bərpaolunan enerji resurslarının ən böyük tədarükçüsünə çevrildiyi qeyd edilib, ölkəmizin “təmiz enerji”nin Avropa ölkələrinə nəqlinə mühüm töhfə verməyə hazır olduğu diqqətə çatdırılıb.

Son xəbərlər