Qarabağ erməniləri və “pariyalıq”dan çıxmaq perspektivi

post-img

Azərbaycan–Ermənistan münasibətlərinin nizamlanmasına yönələn danışıqların intensivləşməsi fonunda həm rəsmi İrəvanın ayrı-ayrı təmsilçiləri, həm də ölkənin müxtəlif siyasi ekspertləri daha çox Qarabağ erməniləri ilə bağlı məsələnin üzərində dayanırlar. Mövcud xüsusda onların Bakı ilə dialoqunda, ümumən hüquq və təhlükəsizlik müstəvisində hansısa beynəlxalq mexanizmlərin tətbiqi məsələsindən söz açırlar. 

Aydındır ki, belə bir mexanizm Er­mənistanın Qarabağ kartından ən son tutacaq yeridir. Bir halda ki, əvvəllər qaldırılan status məsələsi tarixin arxi­vinə gömülüb, üstəlik, hazırkı vəziy­yətdə Azərbaycan diktə edən tərəfdir, vurğuladığımız məsələdə üstünlüyə nail olmaq İrəvan üçün, həm də mənəvi əhəmiyyət daşımaqdadır. Baş nazir Ni­kol Paşinyan administrasiyası mövcud istiqamətdə, azacıq da olsa, uğur qaza­nıb, daxili ictimai rəyə Qarabağ ermə­nilərinin taleyinə biganə yanaşmadığını isbatlamaq və beləliklə, rəqiblərini sus­durmaq niyyəti güdür.

Əlbəttə, Paşinyanın komandası yekdil deyil, xaricdəki müxtəlif siyasi dairələrə bağlı şəxslərdən təmsil olu­nub. Bu mənada həmin komandanın daxilində Qarabağ erməniləri ilə bağlı məsələni erməni avantürizminin da­vamına siyasi sərmayə kimi təsəvvürə gətirənlər də var. Məsələn, onlar dü­şünürlər ki, əgər mövcud istiqamətdə beynəlxalq mexanizmlər dövriyyəyə girsə, gələcəkdə o mexanizmlərə isti­nad edərək, yenidən bölgəyə sahiblən­mək mümkündür. Hər halda Nikolun özünün də belə bir düşüncədə olmadı­ğını söyləmək üçün heç bir əsas yox­dur. Nəzərə alsaq ki, Paşinyan gündə bir fikir dəyişmək təbiətinə malik qey­ri-ciddi və səmimiyyətdən uzaq perso­nadır, onun da eyni fikirdə ola biləcəyi istisna sayılmamalıdır. 

Fakt budur ki, hazırda erməni si­yasilərin Xankəndi–Bakı dialoqu kimi qabartdıqları məsələ müstəvisində beynəlxalq mexanizm yoxdur, üstəlik təcrübədə də bir müstəqil ölkənin öz tabeçiliyindəki xalqa xüsusi münasibə­tinin çərçivələrini müəyyənləşdirən təc­rübəyə rast gəlinmir. O zaman belə bir prosedurun Azərbaycana yanaşmada tətbiqi də mümkünsüzdür. Həm də ona görə mümkünsüzdür ki, buna razılıq vermərik. 

İstər ölkəmizin Prezidentinin, istər­sə də xarici siyasət rəsmilərinin fikirlə­rindən anlaşılan Bakının mövqeyinin qətiliyidir – Qarabağ erməniləri Azər­baycanın tərkibindəki digər xalqlar kimi yaşam hüquqlarına malikdirlər, onlara münasibətdə hansısa əlahiddə imti­yazın tətbiqindən söhbət açıla bilməz. Kim istəsə, ölkəmizin yurisdiksiyası al­tında ömür sürəcək, istəməyənlər böl­gəni tərk edib getməyə məhkumdurlar. 

***

Azərbaycan dövləti iki dəfə Qara­bağın erməni icmasının nümayəndələ­rini Bakıya danışıqlara dəvət edib. Mə­lum olduğu kimi, dəvətlər geri çevrilib. Ancaq nəzəri baxımdan hesab edək ki, onlar paytaxtımıza gəliblər. Nəzəri baxımdan onu da düşünək ki, Azərbay­canla Ermənistan arasında sülh müqa­viləsi imzalanıb. Bunun reallaşacağı təqdirdə, kimsə ümid etməsin ki, Qa­rabağ erməniləri qədim Hindistandakı kimi kasta halına gələcəklər. 

Yeri gəlmişkən, məsələyə Hindis­tandakı tarixi iyerarxiya prizmasından yanaşsaq, hələlik Qarabağ erməniləri bizim gözümüzdə pariyalardır. Yəni toxunulmazlardır. Ancaq yada salaq ki, pariyaları toxunulmaz edən onların üstünlüyü deyil, murdarlığı idi. Bəli, Qarabağın erməni əhalisi də hazır­da bölgədəki separatçıların tabeçili­yində olmağa razılıq verdiklərindən, buna müqavimət göstərmədiklərindən, nəzərimizdə murdardırlar. Belələrinə isə ölkəmizdə yer yoxdur. Ancaq hu­manistlik göstərib onları pariyalıqdan çıxarmaq istəyirik, şans veririk. Şans isə heç də həmişə ələ düşmür.

Bəli, Qarabağ ermənilərinin Bakı­ya dəvət edilmələri daimi ola bilməz. Azərbaycan Prezidenti İlham Əliyev də Laçında yerli əhali ilə görüşündə məsələ ilə bağlı qəti mövqeyini orta­ya qoyub: "Biz oraya (Xankəndi - red) heyət göndərmişdik. Mənim nümayən­dəm gedib onlarla (erməni azlığının nümayəndələri - red) birinci görüş keçi­rib və ondan sonra onları dəvət etmişik Bakıya ki, gəlin danışaq. Onlar bundan imtina etdilər. Bundan sonra ikinci dəfə biz onları dəvət etmişik Bakıya. Yəni, Qarabağda yaşayan erməni azlığının nümayəndələrini. Ondan da imtina et­dilər. Daha üçüncü dəvət olmayacaq. Ya özləri boyunlarını büküb gələcəklər, ya da ki, indi hadisələr başqa cür inki­şaf edəcək".

Hesab edirik ki, həm Qarabağ er­məniləri, həm də Ermənistan rəhbər­liyi dövlətimizin başçısının “hadisələr başqa cür inkişaf edəcək” fikrinə ciddi diqqət yetirməlidirlər. Həm də ona görə ki, cənab İlham Əliyev elə həmin gö­rüşdə hər zamankı prinsipiallığı ilə bil­dirmişdi: “...Mənim sözüm qətidir, bunu hər kəs bilir, həm Azərbaycanda, həm dünyada, o cümlədən Ermənistanda. Nəyi deyiriksə, onu da edirik. Bir dənə də olsun sözümüz, necə deyərlər, ha­vada qalmayıb, bu söz də havada qal­mayacaq...”

***

Əlbəttə, hazırda Ermənistanda “Qarabağın müstəqilliyi”, eləcə də Qa­rabağ erməniləri ilə bağlı məsələnin beynəlxalq mexanizmlərinin olacağını düşünənlərin səsi daha çox çıxmaqda­dır. Ancaq mövcud istiqamətdə reallıq­ları nəzərə alıb fikir bildirənlərə də rast gəlinməkdədir. Sonuncu kəsimin sıra­sında, ümumən Azərbaycan Preziden­tinin hər sözünü və cümləsini havaya atmadığını deyənlər, dövlətimizin baş­çısının söylədiklərini yerinə yetirdiyini bildirib isterik duruma düşənlər də var, cənab İlham Əliyevin fikirlərindən rasi­onal nəticə çıxaranlar da. 

İsterik duruma düşənlərin bildirdik­lərinə o qədər də önəm vermək lazım deyil. Çünki belələri bir qayda olaraq, vəziyyətin çıxılmazlığı görüntüsü yara­dıb baş nazir Nikol Paşinyanı müqəssir sayır, Ermənistandakı mövcud iqtida­rın hakimiyyətdən uzaqlaşmasının va­cibliyi motivlərinə köklənirlər. İkincilərin isə məsələlərə nisbətən soyuq başla yanaşdıqlarını görmək mümkündür. Belələrindən biri İrəvan Mətbuat Klu­bunun rəhbəri, politoloq Boris Nava­sardyandır. 

B.Navasardyan bildirir ki, erməni xalqı həm Ermənistan, həm də Qa­rabağın erməni əhalisi üçün az-çox pozitiv nəticə əldə etmək istəyirsə, maksimal dərəcədə realist olmalıdır. “Başa düşmək lazımdır ki, kollektiv Qərb Qarabağ ermənilərinin hüquq və azadlıqlarına təminat baxımından beynəlxalq mövcudluğa dair məsələ­nin üzərində inad göstərməyəcəkdir. Məsələnin öhdəlik şəklində belə qoyu­luşunu nə Brüssel, nə Vaşinqton, nə də digər Qərb paytaxtları tərəfindən görü­rük. Mənim baxışıma görə, gündəmdə qalan Azərbaycan tərəfindən mümkün təklifdir. Azərbaycanın öz konstitusi­yasına əsasən Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi baxımından hansı mexanizmi təklif etməsi əsasdır. Bu (konstitusiya - red), çox ümumi­dir, heç nə demir. Ölkə hansı konkret mexanizmləri, yaxud hansı konkret prosesləri həyata keçirmək istəyir? Bu mənada hesab edirəm ki, Bakıda iş aparılır. Ola bilər, bu iş ictimaiyyətə açıqlanmır. Ancaq aparılır və hansısa mərhələdə Azərbaycan danışıqlar pro­sesinin iştirakçılarına şərtlərini təklif edə bilər”.

Bəli, B.Navasardyanın məntiqini müəyyən qədər real saymaq müm­kündür. O, çox doğru vurğulayır ki, (Fransa xaric) kollektiv Qərb tərəfindən Qarabağ ermənilərinin hüquq və təh­lükəsizliyinə dair hansısa beynəlxalq mexanizmi nəzərdə tutan təklif irəli sü­rülmür. Aİ Şurasının rəhbəri Şarl Mişe­lin açıqlamaları da bunu göstərməkdə­dir. Ancaq demək olmaz ki, vasitəçilər Navasardyan və onun fikrini bölüşənlə­rin söylədiklərini düşünmürlər. Psixoloji baxımdan yanaşsaq, onlar bir tərəfdən Ermənistanın bu məsələdə hara qədər gedəcəyini gözləyirlər, digər tərəfdən isə Azərbaycanı qıcıqlandırmaq istə­mirlər və bir növ, hazırkı qüvvələr ba­lansı baxımından qızıl orta prinsipinə riayət edirlər. Erməni politoloqun detal­larının azacıq təsvir etdiyi prosesə dair gözləntiləri mümkündür. 

***

Danışıqların qarşılıqlı kompromiss məntiqinə yanaşsaq, vasitəçilərin Azərbaycanın vəziyyəti yumşaltmaq və belə demək mümkünsə, sülh yo­lunu rəvanlaşdırmaq üçün məhz Qa­rabağ erməniləri mövzusunda nələri təklif edəcəyini gözləmələri mümkün­dür. Bu, elə bir təklif olmalıdır ki, va­sitəçilər Ermənistana onun da mövqe­yinin nədəsə nəzərə alındığını söyləyə bilsinlər. Əlbəttə, əgər təklif olacaqsa, bu təklifin Bakının öz prinsiplərindən geri çəkilməsi kimi interpretasiyası da mümkünsüzdür. 

Ancaq hələlik təklif yox, haqqında yuxarıda söz açdığımız dəvət var. Bir daha bildirək ki, söhbət Qarabağ ermə­nilərinin Bakıya dəvətindən gedir. Bu baxımdan Azərbaycan rəsmiləri vurğu­nu sosial məsələlər üzərinə qoyurlar, Qarabağın erməni əhali yaşayan his­sələrində çoxdandır yığılıb qalmış prob­lemlərin öyrənilməsini prioritet vəzifə kimi müəyyənləşdirirlər. Belə görünür, Bakıdan konkret təklif məntiqi məhz dəvət müstəvisində işə düşə bilər.

Sonda iki məsələyə diqqət yetirək. Birincisi, qeyd edək ki, vaxtilə, yəni sabiq Sovetlər Birliyi dönəmində Qa­rabağ erməniləri imtiyazlı təbəqə olub­lar. O dövrü xatırlayanlar bildirirlər ki, Xankəndidə və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin müxtəlif yerlərində yaşamış ermənilərin əmək haqları res­publikanın digər yerlərində yaşayanlar­dan yüksək olub. Bunun hansı prinsip əsasında gerçəkləşdirildiyi məlum de­yil. Hər bir halda hazırda belə ayrı-seç­kilik tətbiq oluna bilməz. Həm də ona görə ki, biz xüsusi yanaşmanın son­radan hansı “istəkləri” doğurduğunun, 30 ilə yaxın müddətdə torpaqlarımızın işğalda qaldığının şahidiyik. Bu məna­da vasitəçilərin də Qarabağ erməniləri­ni bizə yenidən, loru dildə desək, şirin satmağa cəhd göstərmələri əbəsdir. 

İkinci məqamı qabartmaqla isə söy­lədiklərimizlə əlaqədar bir növ ümu­miləşdirmə aparmaq istərdik. Hazırda Azərbaycan-Ermənistan nizamlama­sı baxımından, danışıqlar masasına, müəyyən mənada dürtülmüş kimi gö­rünən Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi, habelə onların təhlükə­sizliyi seqmenti gündəmə gətirilirsə, vasitəçilərin bu barədə söz açmadıqla­rını, Ermənistan rəsmilərinin isə onun üzərinə gəldiyini görürük. Hesab edirik ki, mövcud məqam sülh prosesinin diplomatik əsəb davasını şərtləndir­məkdədir. Hər bir halda Azərbaycanın davaya, daha doğrusu, özünün haqq davasına təmkinlə yanaşıb prinsiplərini qoruyacağı şübhəsizdir.

 

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”



Siyasət