Sülhdən qorxanların “Şər nəğmələri”

post-img

Təhlükəli təmayüldür. Özünün geosiyasi, hərbi-iqtisadi maraqlarını bəşəri dəyərlərdən üstün tutan tərəf indiki məqamda hətta sülhün özünü belə qurban verməyə hazır görünür... 

Azərbaycan nə istəyir? Ermənistan bizdən çox ehtiyac duyduğu sülhə gəl­sin, Cənubi Qafqazda əmin-amanlıq mühiti bərqərar olsun, qarşılıqlı etima­da söykənən qonşuluq münasibətlərinə start verilsin. Hazırda tərəflər arasındakı danışıqlar prosesinə vasitəçilik edənlərin də niyyət və məqsədlərinin buna yönəl­diyi duyulur. Avropa İttifaqının, ABŞ-ın sülh yolunda göstərdikləri davamlı səy­lərini yalnız təqdir etmək olar. Bəs sülh dialoqunda əsas vasitəçilik missiyasını boynuna götürən üçüncü tərəf necə, bu fəaliyyətində axıradək səmimidirmi? Söhbət 2020-ci il noyabrın 10-da üç­tərəfli Bəyanata imza atmaqla, üzərinə müəyyən öhdəliklər götürmüş Rusiya­dan gedir. Təəssüf ki, yuxarıdakı sualı müsbət cavablandırmağa mane olan görünən və görünməyən amillər var.

“Sülhün real əsası yoxdur”,- deyirlər? 

Rəsmi Moskvanın Ermənistan və Azərbaycan arasında davam edən sülh danışıqlarının müxtəlif məqamlarında sülh prosesinin müsbət dinamikasına xələl gətirə biləcək “jestlərinin” şahidi oluruq. Prosesə töhfəsini verməyə çalı­şan yardımçı aktorlar fəallaşdıqca, Rusi­ya bunda Cənubi Qafqazdakı nüfuzuna və maraqlarına təhlükənin təzahürlə­rini görür. Kreml əndişəsini diplomatik müstəvidə açıqlamağa çətinlik çəkən­də, dildə deyə bilmədiyini hökumətə yaxın qurumların və fərdlərin dili ilə çat­dırır. Bu günlərdə “Russia Today” bey­nəlxalq media mərkəzində düzənlənmiş “Kişinyovda böyük görüş: Ermənis­tan-Azərbaycan nizamlanmasının pers­pektivləri” mövzusunda dəyirmi masa iştirakçılarının kontingentinə və statusu­na diqqət yetirmək kifayətdir ki, onların əsl funksiyalarının nədən ibarət olduğu­nu biləsən. Rəsmi Moskvanın tapşırığı­nı yerinə yetirən politoloqlar – Aleksey Muxin (Siyasi İnformasiya Mərkəzinin baş direktoru Aleksey Martınov (Yeni Dövlətlər Beynəlxalq İnstitutunun direk­toru) və Nikolay Silayev (RF hökuməti yanında Beynəlxalq Araşdırmalar İnsti­tutunun məlumatların tədqiqi laborato­riyasının direktoru) qərbli vasitəçilərin fəaliyyətini əməlli-başlı təftiş etməyə və “qiymətləndirməyə” çalışıblar. Onların gəldiyi “yekdil qənaətə” görə, “hazırda sülh müqaviləsi bağlamaq üçün heç bir real əsas görünmür”. Sifarişli dəyir­mi masanın iştirakçıları hətta tərəflərin hansısa sənədə imza atacaqları təq­dirdə belə, bunun problemlərin həllinə gətirib çıxarmayacağını “əminliklə” bə­yan ediblər. Kremlin layihəsi olan “elmi konfransın” məruzəçiləri bir az da irəli gedərək, tərəflərin sülh sazişini imza­lamaları ilə yeni münaqişələrin əsası­nın qoyulacağı ehtimalını irəli sürüblər. Avropa İttifaqının və Vaşinqtonun sülh təşəbbüslərinin səmərəsizliyindən danı­şan “politoloqlar” diqqəti kənar güclərin Rusiyanın vasitəçi və sülhməramlı kimi nüfuzuna zərbə vurmağa çalışdıqları üzərinə yönəldiblər. 

Bütün kənar təşəbbüsləri buxovla­maq istəyən Kremlin siyasi züytutanları sifarişi icra edərkən, bəzən “özfəaliyyətə yol verərək”, birtərəfli, qərəzli mövqe nümayiş etdirməkdən də çəkinməyiblər. Dəyirmi masanın ekspertləri açıq mətn­lə izhar ediblər ki, Moskva Bakı və İrə­van arasında imzalanacaq istənilən xa­rakterli sazişin, yaxud çərçivə sənədinin icrasına imkan verməyəcək. 

Qarşıdurma yeni müstəviyə keçmək üzrədir 

İkinci sualın məqamı yetişdi: bəs Rusiya nəyə nail olmaq istəyir? Bəli, Azərbaycan-Ermənistan münasibətləri­nin normal məcraya düşməsi Rusiyanı narahat edir. Bunun səbəbləri çoxdur. Ən vacib saydığımız üç məqam üzə­rində dayanaq. Moskva Bakı və İrəvan arasında sülh sazişinin imzalanmasına, iki dövlət arasında münasibətlərin nor­mallaşmasına, onlara təzyiq imkanını itirmək perspektivi kimi baxır. Bölgədə sülh və daxili sabitlik artıq keçmiş mü­naqişə tərəflərinin kənardan asılılığını sıfıra endirə bilər. İkinci məqam Cənubi Qafqaza sülhün Rusiyanın başı üzərin­dən gətirilməsini Kremlin özünə qarşı təhdid kimi qəbul etməsidir. Moskvada yaxşı bilirlər ki, yekun sazişin imzalan­masından dərhal sonra Qarabağda müvəqqəti yerləşdirilmiş rus sülhmə­ramlı kontingentinin tezliklə ərazini tərk etməsi zərurəti gündəmə gələcək. Axı sülhün bərqərar olduğu bölgədə hər­bi mövcudluq avtomatik aradan qalxır. Üçüncü məqam isə sülhə gələnlərin Qərblə inteqrasiyanı daha da geniş­ləndirməyə meyillənməsi ilə paralel olaraq, Rusiyanın bölgədəki nüfuzuna sarsıdıcı zərbənin vurulma ehtimalıdır. Bakı və İrəvanın ortaq məxrəcə gəlməsi Türkiyə–Ermənistan münasibətlərinin də normallaşmasına yol açacaq və bu halda Rusiyanın Gümrüdəki hərbi ba­zasına ehtiyac qalmayacaq. Üzünü in­didən Qərbə çevirən İrəvan iqtidarının uzaq olmayan perspektivdə Rusiyanın 102 saylı hərbi hissəsinin ərazisindən çıxarılması məsələsini müzakirə möv­zusuna çevirəcəyi heç kəsdə şübhə doğurmamalıdır. Rusiya-Qərb qarşıdur­masını tamamilə yeni fazaya daşıyacaq bu perspektivi önləməkdən ötrü Kreml sülh sazişinin imzalanması çağırışlarına belə irticaçı reaksiya göstərir. 

Öhdəliyi yerinə yetirməyəndə...

Üçtərəfli Bəyanatda göstərilən bənd­lərin icrasını İrəvandan daha təkidlə tələb etmək əvəzinə, sülh prosesini ən müxtəlif bəhanələrlə ləngitməyə çalışan Moskva indi dilemma qarşısında qalıb. Danışıqlarda təşəbbüsü əldən versin, bunun müqabilində açılacaq kommuni­kasiyalara nəzarətə sahib olsun, yoxsa üzünə ağ olan İrəvanla məqbul bildiyi dil və üsulla danışmağa başlasın. İntəha­sı, bu variantların hər ikisində uğursuz finalla üzləşmək ehtimalı çox böyükdür. Axı iki il yeddi ay əvvəllə müqayisədə indi bölgədə siyasi vəziyyət və yerli şərt­lər kifayət qədər dəyişib. 

Qayıdaq Moskvada “Russia Today” beynəlxalq media mərkəzində düzən­lənmiş dəyirmi masaya. Daha doğru­su, tədbir iştirakçılarının söylədikləri fikirlərə. Bildirdiyim kimi, onların hamısı hökumətə yaxın adamlar idi və Kremlin mövqeyini ifadə edirdilər. Yəni, Rusiya isteblişmenti dəyirmi masaya toplaşan­ların vasitəsilə həm Azərbaycana, həm də Ermənistana ciddi mesaj vermiş oldu: “Mən istəməyənə qədər bölgə­də sülh olmayacaq!”. İntəhası, Bakı və İrəvanın siyasi iradəsi ilə sülh sazişinin imzalanacağı təqdirdə, Moskvanın re­allıqla barışmaqdan savayı imkanı qal­mayacaq. Bunu da açıq söyləməliyik: Rusiya özünün ənənəvi siyasətindən əl çəkməyib və bu gün də imperialist si­yasətini davam etdirir. 

Dörd gündən sonra Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinq­tonda tet-a-tet görüşü planlaşdırılıb. ABŞ problemin həll edilməsinin, möh­kəm sülhün əldə olunmasının açarı kimi Bakı və İrəvan arasında birbaşa dialoqu görür. Fəqət Birləşmiş Ştatlar sülh da­nışıqlarının Vaşinqton trekində Ermə­nistanı o siyasi iradəni göstərməyə, sənədə imzasını atmağa məcbur edə biləcəkmi? Bu, heç də ritorik sual deyil. Əlbəttə, Ağ ev vasitəçisi olduğu ikitərəf­li danışıqların indiki mərhələsində real nəticəyə nail olmağı çox istəyir. Bununla o, həm də sülh təşəbbüsünü Moskvanın əlindən qoparmış olacaq. Mövcud pers­pektivi isə birmənalı proqnozlaşdırmaq asan deyil. 

Azərbaycan sülhə hansı müstəvi­də və kimin vasitəçiliyi ilə çatılmasın­dan asılı olmayaraq, müsbət nəticədə maraqlıdır. İrəvanda da bununla bağlı müəyyən kövrək pozitivlər var. Sülhə aparan yolun ortasına kötük diyirlət­məyə çalışanlar gec-tez bu reallıqla ba­rışmalı olacaqlar. 

 

Rasim MUSABƏYOV, 

Milli Məclisin deputatı, politoloq 

Moskvada ekspertlərin nə danış­dıqlarının bizim üçün heç bir əhəmiy­yəti yoxdur. Onlara şərh verməyə də dəyməz. O ki qaldı Kremlin mövqe­yinə, biz Azərbaycan-Ermənistan münasibətlərində onun rolunu inkar etmirik. Bəli, Rusiyanın Qarabağda sülhməramlı hərbi kontingenti möv­cuddur və hələ iki il yarım orda qa­lacaqlar. Faktı hələlik kənara qoya bilmərik. Moskva həm də Ermənis­tanın sərhədlərini mühafizə edən, dəmir yollarını idarə edən bir dövlət­dir. Yəni, bu amilləri mütləq nəzərə almaq lazımdır. 

Azərbaycan süni şəkildə Rusi­yanı sülh danışıqlarından kənar­laşdırmağa səy göstərmir. Əslində, bu yöndə mənfi impulslar ora İrə­vandan gedir. Moskva və İrəvan arasında davam edən gərginlik isə xeyrimizədir. Amma Bakı Avropa İtti­faqının və Vaşinqtonun dialoq üçün pozitiv səylərini də kənara qoymur. Yəni, Azərbaycan sülh prosesinin hər üç platformasında danışıqları aparmağa hazırdır. Bizə real nəticə lazımdır. İyunun 12-də Vaşinqtonda keçiriləcək Ermənistan-Azərbaycan danışıqları da buna xidmət edir. İyu­lun 21-də isə Brüsseldə Şarl Mişelin moderatorluğu ilə yüksək səviyyəli görüş gözlənilir. Nəqliyyat kommu­nikasiyalarının açılması ilə bağlı Moskvada keçirilən üç ölkənin baş nazirlərinin müavinlərindən ibarət işçi qrupunun toplantısında da iştirak edirik. Bakı üçün müsbət səylərin ha­radan gəldiyinin o qədər fərqi yoxdur. Eləcə də sülh danışıqlarının əleyhinə kimlərinsə nələrisə bəyan etməsi heç bir əhəmiyyət kəsb eləmir. 

 

Fərhad MƏMMƏDOV, 

politoloq

Ötən ilin yayında Rusiya sülh layihəsinin öz variantını hazırladı və tərəflərə təqdim elədi. Həmin layihədə Qarabağın “statusu” ilə bağlı məsələ də qeyd olunmuşdu. Məsələyə gələcəkdə baxılacağı və həll ediləcəyi əksini tapmışdı. Yəni, o dövr gələnədək Rusiya özünün sülhməramlı hərbi kontingentini böl­gədə saxlamağı düşünürdü. Azər­baycan bu müddəanı rədd etdi və beləliklə danışıqların fəlsəfəsi də­yişdi. Moskvanın mövqeyinə görə, əvvəlcə Rusiyanın tərəf kimi çıxış etdiyi kommunikasiya məsələləri həllini tapmalı, ardınca sərhədlərin müəyyənləşmə prosesi başlamalı idi. Moskva burada tərəf olaraq qa­lır. Sülhməramlılar da öz yerlərində dururlar. Faktiki olaraq, Rusiya pro­sesin bütün mərhələlərində iştirakçı olur. Amma danışıqlar Azərbaycanın təkidi ilə tamamilə fərqli məcrada inkişaf etməyə başladı və indi artıq sülh sazişinin imzalanması, ərazi bü­tövlüyü məsələsi aktuallaşıb. 

Kremlə yaxın siyasi ekspertlərin çıxışları həm danışıqlar prosesinə, həm də sülh müqaviləsinin imzalan­masına maneə yaratmaqdan başqa bir şey deyil. Rusiya rəhbərliyi iki ölkənin XİN rəhbərlərinin, həmçinin dövlət başçılarının Qərb təmasla­rından məlumatlıdır və Moskva gö­rüşündən sonra rusiyalı ekspertlə­rin İrəvana səfəri təsadüfi deyildi. Bununla Ermənistan iqtidarını və ictimaiyyətini sülh müqaviləsini im­zalamaqdan daşındırmağa çalışırdı. Əslində sülh prosesinin sürəti qar­şısında acizliyini göstərmiş olurdu. Dəyirmi masaya toplaşan ekspertlə­rin çıxışları da Kremlin sülh sazişinin imzalanmasına maneçilk törətməyə hesablanmış fəaliyyətinin tərkib his­səsidir.

İmran BƏDİRXANLI, “Xalq qəzeti”







Siyasət