Uğur diplomatiyası

post-img

Artıq Vaşinqtondan gələn xəbərlərdə də Azərbaycanın mövqelərinin dəstəkləndiyi açıq-aydın görünür, Brüssel də bizim məqsədlərimizlə razılaşdığını bəyan edir, Moskva da, digər güc mərkəzləri də. Təbii ki, Ermənistan və onun iki-üç himayədarı istisna olmaqla. Fikrimizcə, tezliklə rəsmi İrəvan da haqqa qayıdacaq, ona qəyyumluq edənlər də əbəs yerə zəhmət çəkdiklərini anlayacaqlar. 

Yəni otuz ilə yaxın müddətdə uğ­runda çalışdığımız siyasi-diplomatik mənzərəyə tam nail olmaq üzrəyik. Bu, uğurdur. Həm də göydəndüşmə və ya kiminsə hədiyyə etdiyi uğur yox, bila­vasitə əqlin, hissin, elmi təfəkkürün, siyasi uzaqgörənliyin, yorulmazlığın, müasir diplomatiya təcrübəsinin ən incə məqamlarına belə bələd olmağın nəticəsidir. Bu gün dünya ictimaiyyəti görür və etiraf edir ki, Bakının mövqeyi ədalətlidir, prinsipialdır, sülhsevərdir və bu ölkə istənilən dövlətlə əməkdaşlığa açıqdır.

Bəs biz bunlara necə nail olduq? Sadəcə, ənənəvi Şərq və Qərb diplo­matiyalarının təməl prinsipləri üzərin­də yeni diplomatik fəaliyyət normaları yaratmaqla. Heç kəs unutmayıb ki, İkinci Dünya müharibəsindən sonra beynəlxalq aləmdə yaranmış siya­si-diplomatik nizam ancaq gücə əsas­lanırdı. Kim güclüdürsə, onun sözü əsas götürülürdü. Ancaq İlham Əliyev sübut etdi ki, kim haqlıdırsa, hansı dövlətin mövqeyi ədalətlidirsə, onun dedikləri qəbul edilməlidir. Və cənab Prezident çoxsaylı bədxahlar ordusu­na qarşı təkbaşına mübarizə apararaq Azərbaycanın səsini hamıya eşitdirdi, dövləttimizin haqlı olduğunu sübut etdi, xalqımızın böyüklüyünü ortaya qoydu.

Bəlkə də, oxuculardan kimsə Azərbaycanın bütün bunlara tək­başına nail olduğu barədə söy­lədiyimiz fikirlə razılaşmayacaq. Məhz elə ona görə də xatırladaq ki, geridə qalan yetmiş ildə dünya diplomatları ancaq təmsil etdikləri ölkənin maraqları naminə fəaliyyət göstərirdilərsə, İlham Əliyev ha­mıya sübut etdi ki, əsl diplomatiya həm də bəşəri dəyərlərə xidmət etməlidir. Dövlət başçımız öz siya­si-diplomatik fəaliyyəti ilə bu düstu­run həlli yollarını da göstərdi. Məhz elə ona görə də Azərbaycanın dostları gündən-günə çoxaldı və qardaş Türkiyə Cümhuriyyəti baş­da olmaqla, onlarca dövlət bizim haqq işimizi dəstəklədi və məqsə­dimizə çatdıq. 

Biz həmin nümunəni necə göstərdik? Dünya ekspertləri Azər­baycan Prezidentinin koronavirus pandemiyası dövründə nümayiş etdirdiyi mənəvi zənginliyi də, si­yasi əxlaqı da hələ unutmur. Döv­lət başçımızın BMT tribunasından səsləndirdiyi islahat çağırışları da, ordusunu darmadağın etdiyimiz iş­ğalçı dövlətə sülh əli uzatmağımız da hamının gözü qarşısındadır. Əslində biz ərazilərimizin 20 faizi­ni viranəyə çevirmiş Ermənistanla heç bir danışığa getməyə bilərdik, ancaq sülh çağırışı etdik. İrəvan rəsmiləri bu humanist münasibəti, insani rəftarı anlaya bilməsələr də, dünya ictimaiyyəti gördü və alqış­ladı. Dünya siyasətçiləri və eks­pertləri arasında Prezident İlham Əliyevin “Biz müharibə səhifəsini bağlamağa çalışırıq!”– tezisinin fərqinə varanlar çoxdur. 

Bütün bunları xatırlatdıqdan sonra dövlət başçımızın təxminən doqquz il fərqlə səsləndirdiyi iki arqumentini, daha doğrusu, iki çıxışından seçdiyim fikirlərini yada salmaq istəyirəm. Birinci. Cənab Prezident 2014-cü il aprelin 25-də Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunmuş sammitdəki çıxışı­nın sonunda dünya siyəsətçilərinə Azərbaycan xalqı adından müra­ciət etmişdi: “Azərbaycan xalqı bir sual verir: Niyə Ermənistana sanksiyalar tətbiq edilmir? Niyə Av­ropa Şurasındakı Ermənistan nü­mayəndə heyəti səsvermə və söz hüququndan məhrum edilmir? On­lar digər bir ölkənin ərazilərini işğal ediblər, beynəlxalq hüquq norma­larını pozurlar, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini kobud şə­kildə pozurlar və heç bir sanksiya tətbiq edilmir, heç bir cəza verilmir. Qanunsuz, kriminal Dağlıq Qara­bağ rejiminin qondarma nümayən­dələri Avropa paytaxtlarına vizalar alırlar. Bu, dözülməzdir və buna son qoyulmalıdır”.

O zaman “Xalq qəzeti” yaz­mışdı: “Təbii ki, son qoyulmalıdır və qoyulacaqdır. Biz buna əminik. Bu əminliyimiz isə dövlətimizin qüdrətindən, Prezidentimizin qə­tiyyətindən, xalqın iradəsindən və ən başlıcası bugünkü Azərbaycan həqiqəti olan “Xalq–İqtidar, İqtidar–Xalq” birliyindən qaynaqlanır. Biz inanırıq ki, Azərbaycan diplomati­yasının hücum taktikası tezliklə öz müsbət nəticələrini verəcəkdir”.

İndi isə cənab Prezidentin bu il mayın 28-də Laçında – buraya qayıdan əhali ilə görüşdəki çıxışın­dan bəzi məqamlara nəzər salaq: “Aprelin 23-də sərhəddə qoyulan sərhəd-buraxılış məntəqəsi bu gün Qarabağ bölgəsində yaşayan ermənilər üçün də bir dərs olmalı­dır. Əfsuslar olsun, onlar bu günə qədər kiməsə arxalanırlar ki, kimsə gələcək onları xilas edəcək, kimsə gələcək Azərbaycanla müharibə aparacaq. Bunlar hamısı cəfəngiy­yatdır. İkinci Qarabağ müharibəsi zamanı biz güclü iradə göstərmişik və əgər o vaxt heç kim bizə qarşı kənardan müdaxiləyə cürət etmə­disə, bu gün bütün bu torpaqlara yenə də sahib olandan sonra kim gəlib ermənilərin yerinə bizimlə vuruşacaq? Birincisi, bu, qanun­suzdur. Biz öz doğma torpağımız­dayıq və bu gün ermənilərin yaşa­dıqları Qarabağ bölgəsi bizim əzəli, hüquqi torpağımızdır. Sadəcə ola­raq, biz hesab edirik ki, onlar özləri başa düşəcəklər, özləri gəlib Azər­baycan Bayrağı altında yaşamağa addım atacaqlar. Biz bunu gözləyi­rik. Ona görə hər hansı bir başqa addım atmırıq və hesab edirəm ki, iki il yarım ərzində baş vermiş ha­disələr artıq onları da oyatmalıdır, bu yuxudan, bu xülyadan ayıltma­lıdır”.

“Xalq qəzeti” doqquz il əvvəl olduğu kimi yenə də öz münasibətini bildirir: “Biz əminik ki, daha heç kəs ermə­niləri müdafiə etməyəcək. İnanırıq ki, iki il yarım ərzində baş vermiş hadisələr artıq onları da oyadacaq, Ermənistan rəhbərliyi də, erməni kilsəsi də, onların ideoloqları da bu yuxudan, bu xülyadan ayılacaqlar. Çünki bunu zaman da tələb edir, Azərbaycanın yaratdığı yeni real­lıqlar da”. 

 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”



Siyasət