Rusiya Baş nazirinin müavini Aleksey Overçukun Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin sədrliyi ilə keçirilən üçtərəfli İşçi Qrupunun iclasının yekunları barədə mətbuata açıqlaması nikbin notlara köklənib.
Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2023-cü il mayın 25-də Moskvada keçirilən görüşdə əldə etdikləri razılaşmaların həyata keçirilməsi məqsədilə iyunun 2-də üçtərəfli işçi qrupunun 12-ci iclası keçirilib.
Rusiya paytaxtında baş tutmuş iclasda Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan və Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk iştirak edib.
A.Overçuk görüşün konstruktiv şəraitdə keçdiyini, Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqələrinin bloklanmasının aradan qaldırılması üsullarının əlaqələndirilməsi sahəsində mühüm irəliləyişin əldə olunduğunu məmnunluqla qeyd edib. Onun sözlərinə görə, tərəflər arasında xüsusilə, Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların atılması ilə bağlı ümumi anlaşma əldə olunub.
Belə pozitiv notlara söykənən açıqlamasının ardınca Rusiya baş nazirinin müavini danışıqların nəticələri barədə Azərbaycan, Ermənistan və Rusiyanın rəhbərlərinə məlumat veriləcəyini, tərəflərin üçtərəfli işçi qrupu çərçivəsində işi davam etdirmək barədə ümumi razılığa gəldiklərini söyləməyi də unutmayıb.
* * *
Öncə qısa xatırlatmaya ehtiyac var. 10 noyabr üçtərəfli Bəyanatının imzalanmasından sonra sülhə nailolma istiqamətində atılan ilk addım məhz üç ölkənin baş nazirlərinin müavinlərinin iştirakı ilə işçi qrupu formatında oldu. Başlanğıcda səmərəli işləyən bu işgüzar format özünü doğrultmuş təsiri bağışladı. Amma təəssüf ki, 2021-ci ilin mayından sonra işçi qrupunun fəaliyyətində durğunluq mərhələsi başladı. Bunun da əsas səbəbi Avropanın, daha sonra ABŞ-ın Cənubi Qafqazda sühyaratma missiyasına qoşulmaq, prosesdə vasitəçi kimi çıxış etmək təşəbbüsləri ilə bağlıdır. Əslində üç ölkənin baş nazirlərinin müavinləri səviyyəsində yaradılan qrupun fəaliyyətsizliyi, faktiki olaraq, 10 noyabr Bəyanatının digər bəndlərinin də reallaşmasının qarşısını kəsən amilə çevrilmişdi. Nəticədə Rusiya ilə Avropa institutları, eləcə də Vaşinqton arasında qızışan “sülhyaratma yarışı” həmin bəyanata fərqli yanaşmaları ortaya çıxardı. İlkin üçtərəfli formatın çərçivəsindən kənarda gedən həmin Qərb-Rusiya rəqabəti müharibədən sonrakı iki il yeddi ay ərzində cəmi iki siyasi qərarın qəbulu ilə yadda qaldı.
Hər iki qərarın Avropa İttifaqının Brüssel formatı müstəvisində ərsəyə gəldiyini söyləyən politoloq Yeganə Hacıyeva bu kontekstdə sülh danışıqlarında Moskvanın rolunun zəiflədiyinə diqqəti çəkdi:
“Yaranmış situasiyada Rusiya sülh prosesində vasitəçi tərəf kimi artıq ikinci plana keçdi. Bu səbəbdən Moskvadakı üçtərəfli işçi qrupunun fəaliyyətinin əhəmiyyəti azalmış, ümumiyyətlə, Rusiyanın Cənubi Qafqazdakı maraqlarının zədələnməsinə səbəb olmuşdu. Son bir neçə ayda Vaşinqtonda, Brüsseldə, Moskvada və Kişineuda reallaşan sülh raundlarının fonunda Kreml üçün əsas vasitəçi kimi evsahibliyi etdiyi üçtərəfli görüşlərdə hansısa qərarın qəbulu çox vacib idi. Sülh danışıqlarının Moskva formatının əhəmiyyətini artırmaqdan ötrü mütləq real nəticə, qərar lazım idi”.
Üçtərəfli bəyanatın 9-cu bəndində Zəngəzur dəhlizinin açılması nəzərdə tutulsa da, İrəvanın bu məsələdə Fransa və İran kimi kənar aktorlara meydan verməsi, vəziyyətin, bir növ, dalana dirənməsi təəssüratını yaratdı. Əvvəlcə Tehranın, onun ardınca Moskvanın Ermənistanın Sünik (Zəngəzur) vilayətində konsulluqlarını açması isə dəhliz layihəsinin reallaşmasına yeni rənglər qatdı. Baxmayaraq ki, hələ 2021-ci ilin parlament seçkisindən öncə Ermənistanın baş naziri həmin yolun inşası üçün ərazi ayrılması barədə qərar qəbul etmişdi.
* * *
Zəngəzur layihəsinin ləngiməsini həm də Rusiyanın Ukraynada başlatdığı xüsusi hərbi əməliyyatlara bağlayan ekspert Y.Hacıyeva hesab edir ki, prosesin reallaşmasına maneçilik törədən ən başlıca səbəb Moskvanın qeyri-prinsipial mövqe nümayişi oldu:
“Çünki Rusiya bölgədə “nə müharibə, nə də sülh” siyasəti yeritmək xəttini tutdu və bunun nəticəsində Cənubi Qafqazda marağı olan digər aktorlar da mövqelərini genişləndirməyə və möhkəmlətməyə başladılar. Amma burada nəzərə alınmalı olduqca vacib məqam var. Azərbaycan uzaqgörən, balanslı diplomatiyası ilə böyük güclərin Qarabağ ətrafındakı geosiyasi mübarizəsini Zəngəzur uğrunda yarış mərhələsinə keçirməyi bacardı. Yəni, Qarabağın geosiyasi əhəmiyyətinin, bir növ, azaldılmasına nail olduq. Bu isə Bakının növbəti diplomatik uğurudur”.
Təkcə Zəngəzur dəhlizinin deyil, iki ölkə arasında bütün kommunikasiyaların açılmasında Rusiya da maraqlıdır. Çünki Ermənistanla Rusiyanın yeganə quru əlaqəsi Gürcüstan ərazisindən keçir və bu yol problemlidir. Moskva, Zəngəzur yolunu reallaşdırmaqla, Azərbaycan üzərindən Ermənistana rahat, həm də ucuz dəmir və avtomobil yolu əldə edəcək.
Azərbaycanın mövcud müstəvidəki mövqeyi həmişə dəyişməz olub. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, biz Zəngəzur dəhlizini açacağıq: istər danışıqlarla, istərsə də güc yolu ilə.
Bəli, bölgənin söz və qüdrət sahibinə çevrilmiş ölkəmiz qarşısına qoyduğu məqsədlərə, dəqiq müəyyənləşdirdiyi hədəflərə doğru addım-addım və qətiyyətlə irəliləyir. Azərbaycanı bu yoldan heç bir qüvvə yayındıra bilməz.
İmran BƏDİRXANLI, “Xalq qəzeti”