Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingenti erməni silahlı separatçılarına loyal münasibət bəsləyir, təxribatçı fəaliyyətlərinə göz yumur, bəzi hallarda onları himayə edir.
Təkcə 2023-cü il iyunun 2-də baş vermiş olayın təhlili göstərir ki, sülhməramlıların fəaliyyətsizliyi fonunda erməni avantürizmi aktivləşməkdə, yeni təxribatlar hazırlanmaqdadır. Bunun ən böyük isbatı Xocalıdakı erməni separatçılarının sülhməramlıların gözü önündə atəş məşqləri həyata keçirmələri, yeni qarşıdurmalara hazırlaşmalarıdır. İyunun 2-də sosial şəbəkələrdə Xocalıda atəş məşqləri həyata keçirən erməni separatçıları ilə bağlı üç videoçarx yayılıb. Həmin kadrlarda silahlı terrorçuların növbəti təxribatlara hazırlaşdıqları aydın şəkildə görünür.
* * *
Bəli, narahatlıq doğuran ən vacib məqam isə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən erməni separatçılarını tərk-silah etməli olan sülhməramlıların baş verənləri sadəcə seyr etmələri, terrorçulara qarşı hər hansı addımı atmamalarıdır.
Qarabağdan çıxmağa tələsməyən erməni separatçıların sülhməramlılar tərəfindən himayəsi ilə bağlı növbəti fakt erməni terrorçuların mütəmadi olaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutmasıdır. İyunun 2-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ordumuzun Kəlbəcər və Ağdamdakı mövqelərinin atəşə tutulması ilə bağlı məlumat yayıb. Məlumatdan aydın olur ki, mövqelərimizə atəş Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidəki separatçılar tərəfindən açılıb. Bu isə onu göstərir ki, sülhməramlılar 10 Noyabr Bəyanatının şərtinə uyğun olaraq, öz üzərilərinə götürdükləri missiyanı ya yerinə yetirə bilmir, ya da bunu etmək istəmirlər.
Erməni silahlı quldur dəstəsinin yeni təxribatlara hazırlaşdığını sübut edən üçüncü fakt onların həmin tarixdə Xankəndi-Xəlfəli-Qaybalı yolu ilə “döyüş mövqeləri”nə hərbi yüklərin daşınmasını həyata keçirməsidir. Bu dəfə də separatçılara məxsus hərbi yükləri sülhməramlılar müşayiət edib və onların təhlükəsizliyi təmin olunub. 2 iyunla bağlı dördüncü fakt isə separatçıların Xankəndidə Azərbaycana etiraz məqsədi ilə çadır-qərargah qurmaları, bütün erməniləri mübarizəyə səsləmələridir.
“Kavkazski uzel” nəşrinin yaydığı məlumata görə, “Laçın dəhlizinin açılması uğrunda xalq hərəkatı” adlanan qurumun təşəbbüs qrupunun üzvü, bloqçu David Vanyan bildirib ki, etirazların keçirilməsində əsas məqsəd Laçın-Xankəndi yolunun girişindəki sərhəd-keçid məntəqəsinin götürülməsinə nail olmaqdır.
* * *
Onu da qeyd edək ki, Xankəndidəki separatçıların bu addımı da sülhməramlılar tərəfindən heç bir müqavimətlə üzləşməyib və bu gün də davam etməkdədir. 2 iyunla bağlı yuxarıda sadalanan dörd fakt erməni separatizminin yeni təxribatlara hazırlaşdığını əyani şəkildə ortaya qoyur. Bir daha bildiririk ki, separatçıların törətdiyi və törədəcəyi təxribatlara görə bütün məsuliyyət Qarabağdakı erməni terrorçuları ilə yanaşı, həm də Rusiya sülhməramlılarının üzərinə düşür. Təbii ki, Ermənistanın siyası rəhbərliyinin də.
Seymur ƏLİYEV