Azərbaycan–Ermənistan münasibətlərinin tənzimlənməsi üzrə Qərb formatında aktivlik hiss olunmaqdadır. Aktivliyi şərtləndirən bir sıra səbəblər var ki, onlardan ən önəmlisinin Rusiya ilə rəqabət olduğu bildirilir. Bu rəqabətin başlıca hədəfi isə Moskvanı Cənubi Qafqaz regionundan çıxarmaqdır.
Bəs, hazırkı mürəkkəb geosiyasi şəraitdə Qərbin uğur qazanması nə dərəcədə realdır? Kreml yaşadığımız regionun müstəvisində özünə qarşı diplomatik təzyiqlərə sinə gərə biləcəkmi? Bu və buna bənzər suallar dünyanın ayrı-ayrı siyasi dairələrində müzakirə olunduğu kimi, Rusiyanın ekspert mühitində də geniş diskussiya predmetinə çevrilməkdədir. Mövcud kontekstdə isə Bakı-İrəvan normallaşmasının müxtəlif aspektləri gündəmə gəlir.
Digər tərəfdən, Qərb-Rusiya rəqabəti fonunda nəzərə çarpan başlıca məqam balanslı mövqe tutan və öz prinsiplərində ardıcıllıq gözləyən Azərbaycandan fərqli olaraq, Ermənistanın Qərb vasitəçiliyinə açıq maraq göstərməsidir. Ancaq niyəsə, rusiyalı siyasilər bundan danışmaq istəmirlər. Onların ötəri dilə gətirdikləri sözlərindən belə anlaşılır ki, ikinci birincinin ağlını başından çıxarır. Heç kəs isə soruşmur ki, ağıl niyə başdan çıxmalıdır?
Rusiyalı politoloqlar, onu da soruşmurlar ki, Kreml 44 günlük müharibəyə son qoymuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın ona verdiyi üstünlüyü hansı səbəbdən qoruya bilmədi? İndi, necə deyərlər, iki daş arasında qalıblar. Bilmirlər, Qərbi dağıdıcılıqda günahlandırsınlar, yoxsa Rusiyanı passivlikdə. Hərçənd, qeyri-ixtiyari birincinin fəallığını etiraf edənlər də var.
Müxtəlif səviyyələrdə aparılan danışıqların və görüşlərin intensivliyini, xüsusən, Azərbaycanın və Ermənistanın Xarici işlər nazirlərinin iyunun 12-də ABŞ-da yenidən görüşəcəyini nəzərə alsaq, Qərbin kifayət qədər tutarlı addımlar atdığını və gərginliyi azaltmaq üçün səylər göstərdiyini söyləyə bilərik. Belə bir fikri rusiyalı politoloq Andrey Areşev səsləndirib. Amma politoloq əmindir ki, bəzi erməni siyasətçilərinin ümidlərinə baxmayaraq, Qərbin vasitəçiliyi İrəvana heç bir üstünlük vermir, münaqişə tərəfləri arasında yalnız bərabər məsafənin qorunmasına əsaslanır. Areşev də məlum tezisi təkrarlayır: Qərbin missiyası regionda Rusiyanı sarsıtmaqdır. Moskva isə politoloqun fikrincə, postsovet məkanında yaranan qeyri-müəyyən vəziyyəti nəzərə alaraq, siyasi və diplomatik müstəvidə əlindən gələni edir ki, tarix boyu qazandıqlarını itirməsin.
Azərbaycan və Ermənistan liderlərinin iyunun 1-də Kişineuda Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi, Almaniya Kansleri Olaf Şoltsun və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə keçirilmiş qeyri-rəsmi görüşünə fokuslanmış rusiyalı analitiklər hesab edirlər ki, Moldovadakı təmasın nəticələrinə dair konkret məlumatlar hələ də kifayət deyil. “Görüş, mühakimə edə bildiyimiz qədər qeyri-rəsmi olub və təxminən 1,5 saat davam edib. Müəyyən mərhələdə Almaniya və Fransa liderləri də ona qoşulublar. Praktiki baxımdan əsas məqam növbəti görüşün dəqiq tarixinin – iyulun 21-də Brüsseldə müəyyənləşdirilməsidir”, – deyən Areşevin qənaətinə görə isə dəqiq tarix danışıqlar prosesinin intensiv xarakter daşımasından xəbər verir. Areşev, həmçinin, vaxtaşırı maneələrlə üzləşməsinə baxmayaraq, Bakı ilə İrəvan arasındakı sülh müqaviləsinin hazırlanması işinin irəliləməkdə olduğu düşüncəsindədir.
Məlumdur ki, bir neçə gün əvvəl Moskvada Azərbaycanın, Rusiyanın və Ermənistanın baş nazirlərinin müavinlərinin görüşü keçirilib. Areşev bildirib ki, görüşdə fundamental məqamlardan, demək olar, söz açılmayıb. “Sülh müqaviləsi məsələsi Qərb platformasına daşınıb. Rusiyada daha çox praktiki məsələlər, xüsusən, kommunikasiyaların açılması müzakirə olunur. Bunu səlahiyyətlilərin ranqı da təsdiqləməkdədir. Əslində isə görüş iqtisadiyyatdan daha çox, siyasətlə bağlı olan məsələdir. Digər tərəfdən, nizamlanmanın mümkün iqtisadi və siyasi aspektləri də Brüssel platformasında müzakirə oluna bilər. Çünki bu məsələlər bir-biri ilə sıx bağlıdır. Rusiya ilə Qərb arasında müşahidə olunan fikir ayrılıqlarını nəzərə alsaq, müxtəlif baxışların necə uyğunlaşacağını söyləmək hələ də çətindir. Gözlənilməzliyin yaşanmaması üçün Moskvanın prosesləri mümkün qədər yaxından izləməsi vacibdir”, – deyə politoloq vurğulayıb.
Azərbaycanın, Rusiyanın və Ermənistanın baş nazirlərinin müavinlərinin Moskvadakı təmasından söz düşmüşkən, həmin görüşdə nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı razılığın əldə olunmasında irəliləyiş müşahidə olunur. Bunu üçtərəfli işçi qrupunun iyunun ilk günlərindəki fəaliyyətinin yekunları ilə bağlı söz açan Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk bildirib. “Görüş konstruktiv atmosferdə keçdi. Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında nəqliyyat kommunikasiyalarının bərpası üsullarının əlaqələndirilməsi sahəsində mühüm irəliləyiş məmnunluqla qeyd olundu”, – deyən Overçukun açıqlamasındakı konkret məqam budur ki, üçtərəfli işçi qrup Yerasx-Culfa-Meğri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası üçün konkret addımlar barədə ümumi razılığa gəlib.
Qeyd edək ki, Ermənistanın ictimai rəyində də Qərb formatının ölkə üçün ciddi nəticələr doğurmayacağı qənaətində olanlar var. Mövcud zəmində erməni mediasının danışıqlar müstəvisində anti-Qərb köklənişi hiss olunmaqdadır. Nəzərə alaq ki, erməni mediası daha çox Rusiya təmayüllüdür və ölkənin baş naziri Nikol Paşinyanın siyasətini gözdən salmaqla, cəmiyyətdə Nikolun satqın və xain obrazını formalaşdırmaqla, böyük planda isə xalqın iqtidarı devirmək əzmini körükləməklə məşğuldur. Deməli, onun rusiyalı politoloqların fikirlərinə yer verməsinin tendensiya halını alması anlaşılandır. Erməni jurnalistlərin düşüncələrinə yer verdiyi politoloqlardan biri də Rusiyadakı Siyasi İnformasiya Mərkəzinin direktoru Aleksey Muxindir.
Muxin, Areşevdən fərqli olaraq, Kişineu sammitinin tam səmərəsizliyini iddia edir. Onun sözlərinə görə, görüşdə Ermənistanla Azərbaycan arasında heç bir ziddiyyətli və mürəkkəb münasibət həllini tapmadı, yalnız anti-Rusiya görüntüsü nümayişə qoyuldu. “Əslində, Qərb formatı yoxdur, yalnız prosesə girmək cəhdi var və Qərb ölkələrinin Ermənistana və Azərbaycana təklif edə biləcəyi həll yolları, heç bir şəkildə, təmin oluna bilməz. Bu həllər siyasi baxımdan əhəmiyyətsizdir”, – deyən politoloqun fikrincə, Cənubi Qafqazdakı vəziyyətin tənzimlənməsi üzrə aydın iş alqoritmi var. Bu, Rusiya–Azərbaycan–Ermənistan oxudur. Mövcud durumda Rusiya formatı işlək, “Ermənistan–Azərbaycan–Avropa İttifaqı” və “Ermənistan–Azərbaycan–ABŞ” formatları isə passivdir. Məqsəd yalnız Rusiyanın təcridi, onu regiondan sıxışdırıb çıxarmaq və faktiki həll olmadan, münaqişənin həllini imitasiya edəcək müəyyən sayda sənədlər imzalamaqdır.
Ancaq görünən budur ki, Muxinin imitasiya məntiqindən daha çox istifadə edən Vaşinqton və Brüssel deyil, məhz Moskvanın özüdür. Ancaq onu da nəzərə alaq ki, Ermənistan Kremlin təşəbbüsü ilə indiyədək imzalanmış sənədlərə məhəl qoymur. İrəvan üçün üçtərəfli bəyanatlar məntiqi yalnız anti-Azərbaycan ritorikası baxımından əlverişlidir. Yəni, Paşinyan nə zaman reallıqlardan uzaqlaşmaq, mətləbdən yayınmaq istəyirsə, o zaman həmin bəyanatları yada salır.
Başqa bir məqam da var ki, hazırda Kremlin tutarlı nizamlama mexanizmi və bununla əlaqədar real təklifi yoxdur. Maraqlıdır ki, politoloq Muxin bu məqama diqqət yetirməkdədir. O açıq tekstlə deyir ki, hazırda Rusiya başqa alternativ təklif etmir. “Belə təəssürat yaranır ki, Rusiya “Artsax”ın statusunun müəyyənləşdirilməsinin gələcəyə saxlanılması variantından imtina edib və əslində Qərb variantına oxşar variant irəli sürür”, – deyən rusiyalı ekspert bunu Moskvanın öz oyununun mövcudluğu ilə əsaslandırır.
Ancaq Muxin şikayətindən də qalmır. O, Rusiya rəhbərliyinin planlarına mütəxəssisləri cəlb etmədiyini bildirərək təəssüflənir: “Biz prosesləri təhlil edə, öz proqnozlarımızı verə bilərik, lakin təəssüflər olsun ki, onlar bəzən Rusiya rəhbərliyinin mövcud istiqamətdə gördüyü işlərlə uyğun gəlmir”.
Ə.RÜSTƏMOV, “Xalq qəzeti”