Qardaş ölkə seçkilərə hazırlaşır

post-img

Mayın 14-də qardaş Türkiyədə ümumi seçkilər, eyni vaxtda həm prezident, həm də parlament seçkiləri keçiriləcək. Bu mühüm siyasi kampaniya ilə əlaqədər ölkənin ictimai-siyasi həyatı özünün olduqca gərgin bir dönəmini yaşayır. Bu, taleyüklü seçimlərdir. 

Seçkilərin nəticələri ölkənin taleyinə ciddi dəyişikliklər gətirə bilər. Əlbət­tə, hər kəs bunun fərqindədir. Bu gün Türkiyə, belə demək mümkünsə, seçki ab-havası ilə nəfəs alıb yaşayır. Hər yerdə – küçə, park və meydanlarda, iş yerlərində, nəqliyyatda hamı bu barədə danışır, mövqeyini ortaya qoyur. 

Şübhəsiz, bu günlər ərzində seç­kilər prosesi ölkə mediasının da əsas mövzusudur. Belə ki, prezidentliyə namizədlərin seçicilər ilə tez-tez baş tutan görüşləri hər dəfə mətbu nəşr­lərdə ciddi müzakirə olunur. Bu zaman ən müxtəlif mülahizələr və proqnozlar səsləndirilir. 

Məlum olduğu kimi, Türkiyədə pre­zidentliyə dörd siyasətçinin namizədliyi qeydə alınıb. Bunlar hazırkı dövlət baş­çısı, 2002-ci ildən iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AKP) qurucusu və rəhbəri olan Rəcəb Tayyib Ərdoğan, ana müxalifət hesab olunan Cümhuriy­yət Xalq Partiyasının (CHP) başçısı Kamal Kılıçdaroğlu, “Məmləkət” Parti­yasının sədri Məhərrəm İncə və ATA it­tifaqının namizədi Sinan Oğandır. Əsas mübarizə AKP və CHP liderləri arasın­da gedir. Digər iki namizədin şansları o qədər yüksək qiymətləndirilmir. 

Yeri gəlmişkən, bu il Türkiyədə əv­vəlki illərdən fərqli olaraq, müxalifət partiyaları “Altılı masa” adlandırılan “Millət İttifaqı” blokunda birləşiblər. Bu ittifaqın lideri Qərbyönlü siyasətçi sa­yılan Kamal Kılıçdaroğludur. AKP və təcrübəli siyasətçi Dövlət Baxçalının başçılıq etdiyi Millətçi Hərəkat Parti­yası (MHP) bir neçə iqtidaryönlü siyasi təşkilat ilə birlikdə “Cümhur İttifaqı”nda bir araya gəliblər. Həmin seçki blokuna Prezident Rəcəb Tayyib Ərdoğan rəh­bərlik edir. 

Budəfəki seçkilər təkcə Türkiyənin deyil, regionun, bütövlükdə türkdilli dövlətlərin taleyi üçün mühüm əhəmiy­yət kəsb edir. Qərb siyasətçiləri və xa­rici KİV-lər seçkilərə hazırlıq prosesini və onun mümkün nəticələrini ciddi mü­zakirə edirlər. Təəssüf ki, bir çox əcnə­bi mətbu nəşrlərin Türkiyədə seçkilərə təsir etmək niyyətləri aşkar hiss olunur ki, bu, yolverilməzdir. 

Bu günlərdə ölkənin müxtəlif şəhər­lərində prezidentliyə namizədlərin se­çicilərlə görüşləri keçirilir. Son bazar günü “Cümhur İttifaqı”nın lideri R.T.Ər­doğan İstanbulda yüz minlərlə tərəf­darı qarşısında parlaq nitq söyləyib. Bildirib ki, son iyirmi ildə ölkədə bütün istiqamətlərdə uğurlu işlər görülüb, la­kin qarşıda bundan da böyük vəzifələr durur. Vurğulayıb ki, Türkiyə gələcəkdə özünün milli maraqlarına uyğun daxili və xarici siyasət həyata keçirmək əz­mindədir. 

Digər siyasətçi, CHP lideri Kamal Kılıçdaroğlu isə seçicilərlə görüşlərdə əhalinin sosial və maliyyə problemlə­rindən bəhs edir və başçılıq etdiyi “Mil­lət İttifaqı” blokunun seçkiləri udacağı təqdirdə insanların rifahını yaxşılaşdı­racağını vəd edir. O, eyni zamanda, Türkiyənin Avropa İttifaqı, NATO ilə əlaqələrini gücləndirmək niyyətindədir. 

“Məmləkət” Partiyasının lideri Məhərrəm İncə və ATA İttifaqından prezidentliyə namizəd Sinan Oğan sağ mühafizəkar mövqeləri ilə seçilirlər. Yeri gəlmişkən, S.Oğan Azərbaycan əsilli siyasətçidir. O, seçicilərlə görüş­lərində qeyd edir ki, hazırda Türkiyədə 13 milyon suriyalı, əfqan və digər xari­ci ölkə vətəndaşları yaşayır. S.Oğanın fikrincə, onları mütləq öz ölkələrinə geri göndərmək lazımdır. Çünki Türkiyə­də həyatın bahalılığının bir səbəbi də məhz budur. 

S.Oğan dünən bu barədə yerli mət­buata verdiyi növbəti müsabibəsində deyib: “Türkiyə həmin əcnəbilərə indiyə qədər 150 milyard dollar pul xərcləyib. Bu, həm də Türkiyə üçün demoqrafik bir təhdiddir. Biz ölkədəki ədalət siste­mini də inkişaf etdirəcəyik. Türkiyənin adil bir ölkə olması üçün çalışacağıq. Həmçinin, xarici siyasətdə türk dünya­sına üstünlük verəcəyik”.

Bəli, mayın 14-də Türkiyədə səs­vermə hüququ olan 64 milyon vətən­daş bu və digər namizədin lehinə səs verəcək. Yeri gəlmişkən, ölkədən kə­narda yaşayan və səsvermə hüququ olan 3,6 milyon vətəndaş üçün səsver­mə proseduru aprelin 29-dan başlayıb. Onlardan iki milyona yaxın insanın öz seçimini etdiyi bildirilir. 

Səsvermə Avropanın Albaniya, Be­larus, Belçika, Bosniya və Herseqo­vina, Bolqarıstan, Çex Respublikası, Estoniya, Finlandiya, İrlandiya, İtaliya, Kosova, Litva, İspaniya və s. ölkələrdə başa çatıb. Lakin Avstriya, Danimarka, Fransa, Almaniya və Lüksemburqda səsvermə bazar günü axşama qədər davam edib. Böyük Britaniyada isə Türkiyə vətəndaşları üçün London, Mançester, Edinburq və Lester şəhər­lərində səsvermə məntəqələri təşkil olunub. 

ABŞ-dakı Türkiyə vətəndaşları isə paytaxt Vaşinqton, Nyu-York, Boston, Hyuston, Mayami, Los -Anceles şəhər­lərində səs veriblər. Burada səsvermə mayın 7-də başa çatıb. Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşlarının səs­vermədə iştiraklarının nəticələri mayın 14-də ölkədəki seçkilərin nəticələri ilə bərabər elan olunacaq. 

Mübariz MƏMMƏDLİ,
filologiya üzrə fəlsəfə doktoru, politoloq

Sirr deyil ki, Türkiyədə baş verən bütün siyasi proseslər, ölkədə ge­dən geniş iqtisadi dəyişikliklər, inki­şaf qanunauyğunluqları dünyanın nəzər-diqqətindədir. Qardaş ölkədə dövlətin qüdrətinin və xalqın rifah halının yaxşılaşması Azərbaycan üçün də çox mühüm əhəmiyyət kəsb edən faktordur. Strateji partnyorluq və “bir millət, iki dövlət” prinsipindən çıxış edən ölkələrimiz üçün başqa bir status-kvo təsəvvür etmək də olmaz. 

Azərbaycan Prezidenti İlham Əli­yevin TEXNOFEST sərgisində bu prinsipi xatırladan zaman iki ölkənin müxtəlif fors-major situasiyalarda, həm də vahid yumruq nümayiş etdirə biləcəyi də çox şeydən xəbər verir. Bölgədə baş verən hər hansı proses bu gün mütləq şəkildə Türkiyədən və Azərbaycandan yan keçmir. Bu baxımdan mayın 14-də Türkiyədə keçiriləcək seçkilər Azərbaycan cə­miyyətinin diqqət mərkəzindədir. 

Əminliklə deyə bilərik ki, icti­mai-siyasi baxışlarından asılı olma­yaraq, ölkəmizin hər bir vətənda­şı qardaş ölkənin çiçəklənməsinə yönəlmiş inkişaf xəttinin davam et­dirilməsinə ümidlidir. Təkcə fevral ayında baş verən dağıdıcı zəlzələ­nin ilkin fəsadlarının aradan qaldı­rılmasında Azərbaycanın əvvəldən axıradək Türkiyənin yanında olması qardaş ölkədə baş verən istənilən hadisəyə Azərbaycanın biganə qala bilməməsindən xəbər verir. 

Bəllidir ki, hər bir vətəndaşımız bu məsələdə qardaş ölkəyə öz dəstəyi­ni əsirgəmədi. Bu mənada Türkiyə­dəki seçkilərin nəticələri hər iki döv­lət üçün həyati əhəmiyyətə malikdir. Dünyada yaranan siyasi böhran fonunda seçkilər həm Türkiyə, həm Azərbaycan, həm də gələcək dünya nizamı üçün çox mühüm əhəmiyyət kəsb edir. Əslində dəyişən maraqlar dünyasında böyük türk dünyasının səsinin ucalmasında güclənən Tür­kiyənin rolu böyükdür. 

Gələcəkdə yüksək tribunalardan nəinki Türkiyənin və Azərbaycanın, eləcə də digər türk dövlətlərinin sö­zünü demək üçün ölkələrimizin güc­lənməsi vacibdir. Təsadüfi deyil ki, həm regional məsələlərin həllində, həm də beynəlxalq problemlərin ni­zamlanmasında bu gün siyasi güc, hərbi qüdrət beynəlxalq hüququ üstələyib. Bu baxımdan bütün türk dövlətləri üçün güclü bir dostun, tərəfdaşın olması çox önəmlidir. 

Əmin olmaq istərdik ki, keçirilən seçkilərin nəticələrinə görə Türkiyə daha güclü, daha sabit olacaq və qə­bul edəcəyi qərarlarda milli iradənin əsas götürülməsi qarşıdakı illərdə təkcə Türkiyənin deyil, eyni zaman­da bütün Türk dünyasının taleyini müəyyən edəcək çox mühüm amil olacaq. Deyə bilərik ki, Türkiyənin mövcud daxili və xarici siyasətinin davam etməsi, əlbəttə ki, Türk dün­yasının xeyrinə və faydasına xidmət edəcək. Bütün Azərbaycan vətən­daşları qarşıdakı seçkilərdə qardaş türk xalqına böyük uğurlar əldə et­məyi arzulayırlar.

 

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”



Siyasət