9 May faşizm üzərində Qələbə günüdür

post-img

Bu gün alman faşizminə qarşı müharibənin (1941–1945-ci illər) qələbə ilə başa çatdığı gündür. Bu, bəşəriyyət tarixində möhtəşəm, unudulmaz bir hadisədir. Bu böyük Qələbə münasibətilə böyük şairimiz Səməd Vurğun necə də gözəl demişdir: 

 

“Yazılsın tarixə qızıl hərflərlə,

1945-ci ilin 9 May günü!”

 

Bəli, düz 78 il əvvəl, 1945-ci il ma­yın 8-dən 9-na keçən gecə alman gene­ralı Vilhelm Keytel qeyd-şərtsiz təslim aktını imzalamış, bununla da uzun müd­dət davam edən qanlı döyüşlər başa çat­mışdır. 

Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı həmin ağır illərdə həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. Qısa müddətdə respublikada 87 qırıcı batal­yon, 1124 özünümüdafiə dəstəsi yara­dılmışdı. 1941–1945-ci illərdə Azərbay­canın 700 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdı. Azərbaycan divi­ziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. 

Azərbaycandan olan 170 min əsgər və zabit keçmiş SSRİ-nin müxtəlif or­den və medalları ilə təltif olunmuşdur. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İs­rafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abba­sov, Tərlan Əliyarbəyov, Hacıbaba Zey­nalov və bir çox başqaları öz şücaətləri ilə xalqımızın qəhrəmanlıq tarixinə yeni səhifələr yazmışlar.

Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alın­masının yeni texnologiyası yaradılmışdı. Neftçilərimizin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilmiş, 1941-ci ildə 23,5 milyon ton “qara qızıl” çıxa­rılmışdı. Bu, keçmiş ittifaqda çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. 

Azərbaycan xalqının faşizmə qar­şı şanlı savaşda göstərdiyi qəhrəmanlıq nümunələri haqqında çoxlu sayda şe­irlər, kitablar yazılmış, bədii və sənədli filmlər çəkilmiş, qəhrəmanların şərəfinə abidələr ucaldılmış və onların adları əbə­diləşdirilmişdir. 

Ulu öndər Heydər Əliyev 1941-1945-ci il müharibəsi veteranlarının xidmətlərini çox yüksək qiymətləndirir, onların hər cür qayğıya və hörmətə layiq olduqlarını vurğulayırdı. 

Ümummilli liderin bu siyasi kursu onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirlir. Ölkəmizdə faşizm üzərində müharibə veteranlarına yüksək diqqət və qayğı ilə yanaşılır, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl ad­dımlar atılır. 

Sonda fəxrlə qeyd edək ki, Azərbay­can xalqı 2020-ci ilin payızında Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə erməni faşistlərini doğma Qarabağdan qovaraq 44 günlük şanlı sa­vaşda tarixi Zəfər qazanmışdır. 

Bu gün hər birimiz böyük qürurla de­yirik: Sən azadsan, Şuşa! Qarabağ Azər­baycandır! Bu parlaq qələbəni bizə bəxş edən şəhidlərimizin müqəddəs ruhu qar­şısında baş əyir, qazilərimizə cansağlığı diləyirik. 

 

M.HACIXANLI, “Xalq qəzeti”

Siyasət