Rusiya-Ukrayna müharibəsi: hər iki tərəf kritik vəziyyət qarşısında

post-img

Rusiya-Ukrayna cəbhəsində olduqca gərgin vəziyyət hökm sürür. Rusiya uzun müddətdən bəri Baxmut uğrunda əzablı döyüşlər aparsa da, hələ nəinki heç nəyə nail ola bilməyib, hətta “Vaqner” rəhbəri Yevgeni Priqojin mayın 4-də silah çatmazlığı səbəbindən yüzlərlə əsgərinin məhv edildiyini bəyan edib. O, eyni zamanda, Rusiyanın hərbi rəhbərliyini onu lazımınca təchiz etməməkdə, ümumiyyətlə, müharibənin taleyinə məsuliyyətsiz yanaşmaqda ittiham edib.

Ukrayna isə hələ gözlənilən səs-küylü əks-hücuma başlamayıb. Bununla belə, Ki­yev rəsmiləri kifayət qədər müasir silahlar əldə etdiklərini, həmin silahlarla davranmaq üçün lazımi əsgəri hazırlıqları həyata keçir­diklərini bildiriblər.

Beynəlxalq müşahidəçilər isə son vaxt­larda Rusiyanın kifayət qədər zəiflədiyini, Ukraynanın isə gücləndiyini, başlanacaq əks-hücumun effektiv olacağı təqdirdə Rusi­yanın danışıqlar masası arxasına oturacağını iddia edirlər.

Bununla bərabər, hər iki tərəf özünün cəbhədə üstün mövqelərdə qərarlaşdığı qə­naətindədir. Rusiyanın Müdafiə Nazirliyi, faktiki olaraq, hər gün Ukraynaya ciddi zərbələr endirildiyini, qarşı tərəfin PUA-la­rının, tank və digər texnikalarının, yüzlərlə canlı qüvvəsinin məhv edildiyini bildirir. Ukrayna da geri qalmır. Ümumən hər iki tərəf bir-birinin məhv edilmiş canlı qüvvəsi haqqında dəhşətli rəqəmlər açıqlayır.

Rusiyanın son məlumatlarına görə, ölkənin Ukraynanın xüsusi hərbi əməliyyat zonasındakı zenit-raket komplekslərinin köməyi ilə Qara dəniz üzərində Kiyevin 22 pilotsuz uçuş aparatı və digər texniki vasitələri məhv edilib. Bundan əlavə, ötən sutka ərzində Hava Hücumundan Müda­fiə vasitələri Ukraynanın HIMARS reaktiv yaylım atəşi sisteminin 5 reaktiv mərmisini, eləcə də “Qrom-2” operativ-taktiki raketini və bir ədəd “Toçka-U” taktiki raketini ha­vada tutub. Xarkov və Zaporojye, eləcə də Donetsk və Luqansk vilayətlərində 10 ədəd pilotsuz aparat məhv edilib.

RF Müdafiə Nazirliyinin rəsmi nü­mayəndəsi general-mayor İqor Konaşenkov bildirib ki, Rusiya ordusunun yeni hücum əməliyyatları nəticəsində Baxmutun daha iki məhəlləsinə nəzarəti ələ keçirmək müm­kün olub: “Ümumilikdə, son sutkada Donet­sk istiqamətində Ukrayna Silahlı Qüvvələ­rinin 340 əsgəri və muzdlusu məhv edilib”.

Amma Ukrayna tərəfinin və ümumiy­yətlə, müxtəlif KİV-in məlumatlarına görə, rus ordusu Ukraynada çətin durumdadır. Ukrayna Müdafiə Nazirliyi Rusiyanın Uk­raynaya məxsus 22 ədəd zərbə PUA-sını vurması barədə xəbərinin də yalan olduğunu bəyan edib: “Rusiya Müdafiə Nazirliyi mə­lumat yayıb ki, guya ötən gecə Qara dəniz üzərində Ukraynanın 22 ədəd zərbə PUA-sı məhv edilib. Amma heç bir detal, foto və vi­deo təqdim olunmayıb”.

Ukrayna tərəfinin məlumatında o da vurğulanır ki, Rusiya uzun illər hipersəsli raket, “super silah” olan “Xəncər”i yaratma­sı ilə öyünürdü. Bununla bağlı dünyaya ciz­gi filmləri göstərir, deyirdi ki, bütün HHM sistemlərini keçə bilərik. Amma “Patriot” hava hücumundan müdafiə sistemi Ukrayna səmasında “Xəncər”i də asanca vura bildi.

Ukraynalı hərbi ekspert Oleq Jdanov bu barədə deyib: “Əlvida, məğlubedilməz si­lah! Qərbdə, Ukraynada hər kəs “Patriot”la “Xəncər”in qarşılaşmasını gözləyirdi. Bu onu göstərdi ki, X-22, aeroballistik kimi köhnə sovet raketlərini də vura bilərik”.

Ukrayna Silahlı Qüvvələri Şərq qoşun qruplaşmasının nümayəndəsi Sergey Çere­vatıy isə Priqojinin Baxmutdan çıxmaqla bağlı qərarını məsuliyyətdən yaxa qurtar­maq cəhdi kimi qiymətləndirib. Onun söz­lərinə görə, “Vaqner” rəhbərinin silah çatış­mazlığı barədə dedikləri bəhanədir. Çünki təkcə son sutkalarda Rusiya hərbçiləri Uk­rayna mövqelərinə 520 artilleriya zərbəsi endiriblər.

S.Çerevatıy qeyd edib: “Priqojinin Bax­mutdan çıxmaq qərarı onunla bağlıdır ki, ar­tıq insan ehtiyatları tükənib. Qarşıya qoyu­lan vəzifə belədir ki, Ukrayna mövqelərinə aramsız hücum edilsin, ancaq onun bu qədər adamı yoxdur. Ukrayna qüvvələri “vaqner­çilər”in çoxunu məhv edib, Priqojin isə yeni qüvvələr cəlb edə bilmir”.

Bütün bunlarla bərabər, dünya Ukray­nanın əks-hücumunu və onun nəticələrinin necə olacağını narahatlıqla gözləyir. Ona görə də rəsmi Kiyevə bununla bağlı müxtə­lif məsləhətlər verənlər var. “Nyu York Tayms” hesab edir ki, Ukrayna əks-hücum əməliyyatlarından uduzmuş vəziyyətdə çıx­mamalıdır, çıxarsa, Qərbin dəstəyini itirə­cək. Qəzetin fikrincə, bu günlər Kiyev Qərb müttəfiqləri tərəfindən güclü təzyiq altında­dır. 

Çexiya Prezidenti Petr Pavel isə bəyan edib ki, Ukrayna əks-hücuma keçməyə tələsməməlidir, çünki onun bu il ikinci dəfə belə bir şansı olmayacaq: “Görünür, ukray­nalılarda hələ də belə bir hiss var ki, əməliy­yatın uğurlu başlaması üçün hər şeyə malik deyillər. Bu əks-hücum uğursuzluğa düçar olsa, Ukrayna üçün son dərəcə əlverişsiz olacaq, çünki onların ən azı bu il başqa şans­ları olmayacaq”.

Beləliklə, hər iki tərəf üçün olduqca çətin olan hazırkı vəziyyətdə mübarizə da­vam edir. Sonda tale kimin üzünə güləcək, bu sual indi bütün dünyanı düşündürür. Elə bizi də...

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Siyasət