Türkiyənin xarici ticarət dövriyyəsi 500 milyard dollara yüksəlib

post-img

Türkiyənin son 20 ildə xarici iqtisadi əlaqələri ən yüksək səviyyəyə yüksəlib, beynəlxalq ticarət əməkdaşlığında uğurlu göstəricilər əldə edilib. Qardaş ölkənin xarici ticarət dövriyyəsi 500 milyard dollara çatdırılıb. Respublikamızın da Türkiyə ilə iqtisadi münasibətləri xeyli dərinləşib. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, təkcə cari ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin 12,5 faizi Türkiyə ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb. İxracın 12,3 faizini qardaş ölkəyə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Türkiyə Statistika Təşkilatının mə­lumatına görə, ötən il ixrac 2021-ci illə müqayisədə 12,9 faiz artaraq 254,2 mil­yard dollar, idxal isə 34 faiz artaraq 363,7 milyard dollar təşkil edib. Hesabat döv­ründə Türkiyənin ixracatında birinci yeri Almaniya tutub. Bu ölkəyə ixrac 21,1 mil­yard dollar olub. Siyahıda Almaniyanın ardınca 16,9 milyard dollarla ABŞ, 13,8 milyard dollarla İraq, 13,1 milyard dollarla Böyük Britaniya və 12,4 milyard dollarla İtaliya gəlib. İlk 5 ölkəyə ixrac ümumi ix­racın 30,4 faizini təşkil edib.

Onu da xatırladaq ki, cari ilin ilk iki ayı ərzində Azərbaycanın Türkiyəyə qey­ri-neft ixracı 78,7 faiz artaraq 273,9 mil­yon ABŞ dolları təşkil edib. Yalnız fevral ayında qardaş ölkəyə ixracın dəyəri 2 dəfə artaraq 167,2 milyon ABŞ dolları sə­viyyəsinə çatıb. Adıçəkilən ixrac dəyəri­nin əhəmiyyətli artımının əsas göstəricisi elektrik enerjisi ilə əlaqədardır.

Türkiyənin türk dövlətləri ilə 2021-ci ildə 4 milyard 661 milyon dollarlıq ticarət dövriyyəsi ötən il 5 milyard 842 milyon dollaradək yüksəlib. Keçən il Qazaxıs­tanla qardaş ölkə arasında ticarət dövriy­yəsi 6 milyard dollar olub, onun 10 mil­yard dollara çatdırılması barədə razılıq əldə edilib. 

Asiyanın ikinci böyük türk dövləti olan Özbəkistanın Türkiyə ilə qarşılıqlı ticarə­tinin həcmi 2022-ci ildə 3 milyard 233 milyon dollar təşkil edib. Türkmənistanla isə ticarətin dəyəri 926,3 milyon dollara yüksəlib.

Türkmənistan isə Türkiyə ilə qarşılıqlı ticarət dövriyyəsini 21,9 faiz artırmaqla 2021-ci ildəki 1,7 milyard dollardan ötən il 2 milyard 67 milyon dollara çatdırıb.

Türkiyə ilə Qırğızıstan arasında ti­carət dövriyyəsinin həcmi keçən il 1,5 milyard dollara yaxın olub. Qırğızıstana ümumi xarici investisiya qoyuluşunun 67 faizi Türkiyənin payına düşüb.

Beləliklə, son illərdə türk dövlət­ləri arasında qarşılıqlı iqtisadi-ticari əlaqələrin sürətlə dərinləşməsi müşahi­də olunub. “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” və “Türk Dövlətləri Təşkilatına üzv döv­lətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqın­da” sazişlər bu prosesin daha da sürət­lənməsinə, türk dövlətlərinin dünyanın ən mühüm ticarət yolunun sahibinə çevril­məsinə təkan verib. 

Türkiyə iqtisadi dirçəlişin ilk illərində xarici ticarət üzərində dövlət nəzarətini azaldaraq tədricən iqtisadi tənzimləmə yolu ilə müxtəlif bazarlar açıb və xalqa məxsus müxtəlif qurumları özəlləşdir­məyə başlayıb. Dövlət borcunun ÜDM-ə nisbəti 2010-cu ilin üçüncü yarısında 46 faizə yüksəlib. Həmin ərəfədə illik ÜDM artım tempi orta hesabla 6,8 faiz müəy­yənləşib. Bu rəqəm Türkiyəni ən sürətli böyüyən iqtisadiyyatlardan birinə çevirib. 

Türkiyə Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran dövlət kimi tanınıb. 1995-2021-ci illər ərzində qardaş ölkədən respublikamıza cəlb edilən birbaşa inves­tisiyaların həcmi 13,3 milyard ABŞ dolla­rı (10,4 milyard ABŞ dolları neft sektoru, 2,9 milyard ABŞ dolları qeyri-neft sekto­ru) təşkil edib. Türk şirkətlərinin fəaliyyəti enerji, sənaye, telekommunikasiya, bank və sığorta, inşaat, nəqliyyat, qida, yüngül sənaye (tekstil), səhiyyə kimi sahələrdə daha çox diqqət çəkib. 

Azərbaycan da Türkiyə iqtisadiyyatı­na ən çox investisiya yatıran ölkələrdən biridir və son zamanlar bu investisiya­larda mühüm artım müşahidə olunur. Belə ki, hazırda Türkiyədə Azərbaycan sərmayəli 2 minə yaxın şirkət fəaliyyət göstərir. 

Xatırladaq ki, 1995-2021-ci illər ər­zində Azərbaycandan Türkiyəyə yatırılan birbaşa investisiyaların həcmi 20,3 mil­yard ABŞ dollarına (17,1 milyard ABŞ dol­ları neft-kimya sektoru, 3,2 milyard ABŞ dolları qeyri-neft sektoru) çatıb. Sadəcə SOCAR-ın 2018-ci ilin sentyabr ayında 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda “Pet­kim” neft-kimya kompleksinin ərazisində inşasını tamamlayaraq istifadəyə verdiyi “Star” neft emalı zavodu Türkiyəyə bir­dəfəlik yatırılan ən böyük investisiya kimi qeydə alınıb. Ümumilikdə, Türkiyədə in­vestisiya qoyan azərbaycanlı iş adamları həm firma sayı, həm də investisiya həc­mi baxımından Mərkəzi Asiya və Qafqaz ölkələri arasında ilk yerdə qərarlaşıb.

 

V.BAYRAMOV, “Xalq qəzeti”

Sosial həyat