Suverenliyini bazara çıxaran ölkə

post-img

“Moskvaya qarşı açıq diplomatik demarşı özünə rəva bilən İrəvan artıq Rusiya üçün ciddi dəyər kəsb eləmir. Əksinə, diplomatik cəhətdən riskli və beynəlxalq hüquqa zidd hərəkətləri ilə, sadəcə, özünün siyasi qəbrini qazır”.

Bu fikirlər tanınmış siyasi ekspert Aleksey Naumova məxsusdur. 

Hayastan rəhbərliyi son vaxtlar Rusiya Federasiyasının ünvanına səsləndirdiyi təxribatçı açıqlama­ları ilə, şübhəsiz, Kremlin səbrini sınağa çəkməkdədir. Ermənistan rəsmilərinin, eləcə də siyasi eks­pertlərinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Roma Statusu, NATO-nun hərbi təlimləri və Avropa İttifaqının (Aİ) mülki missiyası ilə bağlı Rusiya­ya yönəlik əvvəlcə kəskin, daha sonra “köpü bir qədər alınmış” bəyanat və müraciətləri onsuz da neqativ çalara boyanmış Mosk­va-İrəvan arasındakı münasibət­lərin dinamikasını dərin siyasi böhranla daha da gərginləşdirir, onu yeni strateji məzmunla doldu­rur. Bu barədə “Caliber.Az” saytı­na danışan Beynəlxalq İşlər üzrə Rusiya Şurasının aparıcı eksperti Aleksey Naumov qeyd edir ki, Ru­siya və Ermənistanın müttəfiqlik münasibətlərinin böhran həddinə çatdığı indiki dönəmdə Moskva ilə Bakının qarşılıqlı əlaqələri yalnız möhkəmlənir. 

KTMT missiyası bölgəyə gələrsə...

Bakı ilə Moskva arasında bir çox sahələrdə əməkdaşlıqla bağlı, xüsusilə regional və transmilli layihələrin icrası məsələsində fikir ayrılığı yoxdur. Buna misal olaraq, Şimal-Cənub nəqliyyat dəhlizini göstərmək olar. Qarabağ mü­naqişəsinin son nizamlanma mərhələsin­də ən müxtəlif bəhanələrlə sülh prosesini ləngidən Ermənistan öz təqsiri ucbatın­dan bu kimi layihələrdən kənarda qalır və İrəvan iqtisadi dividend qazanmaq əvəzinə, özünün siyasi gələcəyini məhv etməklə məşğuldur. Məhz bu səbəb­dən İrəvan yaxın və ya uzaq perspek­tivdə Rusiyanın imtiyazlı müttəfiqi kimi qeyri-rəsmi statusunu da itirmiş olacaq. Bunu Ermənistanı gözləyən qaçılmaz aqibət kimi şərh edən A.Naumovun söz­lərinə görə, KTMT-nın sülhməramlı mis­siyasının Ermənistan-Azərbaycan sərhə­dində yerləşdirilməsini mümkün variant saymaq olar. Və belə bir qərarın qəbul edilməsi zamanı təşkilatın üzvü olan di­gər ölkələrin mövqeyi nəzərə alınacaq, İrəvanın ehtimal edilən etirazı isə heç bir rol oynamayacaq. Əlbəttə ki, Hayastan rəhbərliyi KTMT-nin sülhməramlı hərbi kontingentini sərhədində görmək istəmir, çünki bu halda missiya regionda sülhü arzulamayan, özlərinin çirkin maraqlarını güdən Ermənistanın revanşist-destruktiv dəstələrinin, “DQR”-ın “özünümüdafiə qüvvələrinin” pozuculuq fəaliyyətini qey­də ala biləcək. Axı, hər şeydən göründü­yü kimi, haylar hərbi təxribatlardan imtina etmək barədə düşünmürlər. Bu düşüncə­nin, belə zəhərli zehniyyətin sahibi olan erməni-daşnak “elitası” üçün barışıq və Qarabağın erməni icmasının sakinlərinin Azərbaycana reinteqrasiyası sərfəli deyil. Cənubi Qafqazda və MDB məkanında özünütəcrid vəziyyətində qalan Ermənis­tanın yeni hami axtarışları isə vaxt itkisin­dən qeyri heç nə deyil. 

Haylara verilən möhlət daralır 

Ermənilərin aprelin 11-də Gorusun Dığ kəndində əvvəlcədən planlayıb hə­yata keçirdikləri silahlı təxribatına bənzər hadisələrin yaxın gələcəkdə baş ver­məyəcəyi ehtimalı çox azdır. Amma hay­ların istər şərti sərhəd zolağında, istərsə də Qarabağ iqtisadi zonamızda bundan sonra davam etdirəcəkləri təxribatların, pozuculuq fəaliyyətinin qarşısı, Dığda olduğu kimi, Azərbaycan Ordusu tərə­findən ən qəti şəkildə və bütün mümkün üsullardan istifadə olunmaqla alınacaq. Bu məqamda Ermənistanın başbilənləri unutmasınlar ki, Azərbaycan öz ərazi­sinin bütövlüyünü tam təmin edənə qə­dər bu mübarizə səngiməyəcək. Hələlik hayların Azərbaycan və Rusiyanın birgə xeyir-duası ilə əldə etdikləri “müvəqqəti nəfəslik” iki il yeddi aydan sonra bağlana­caq. Əgər İrəvan bu müddət tükənəndən sonra beynəlxalq münasibətlərin sülh­məramlı subyekti və iştirakçısı olduğunu sübuta yetirməsə, rəsmi Bakı daha onun nazı ilə oynamayacaq. 2020-ci il noyab­rın 10-da imzalanmış üçtərəfli Bəyanat­la müəyyən edilən müddətin “əqrəbləri” daralmağa doğru hərlənir. Yəqin İrə­van bunun fərqindədir və onun reallıqla barışması, üzünü okeanın o tayındakı psevdohimayədarlarına deyil, Azərbay­cana və Türkiyəyə sarı çevirməsi üçün vaxtı və imkanı hələ tükənməyib. Son üç ildə özünə müttəfiq, arxa-dayaq bildiyi şərqli-qərbli dayılarından yağlı vədlər­dən başqa heç nə görməyən, eşitməyən Paşinyan iqtidarı bu gün nəinki dövləti və cəmiyyəti idarəetmə rıçaqlarını, hətta dövlətçiliyini, suverenitetini onların ayaq­ları altına sərib. 

2023 – Paşinyan üçün son şans 

Daxildə dalana dirənmiş, xaricdə dəstəksiz qalmış baş nazir Paşinyan üçün 2023-cü il, bəlkə də hakimiyyətdə olduğu müddət ərzində, ən həlledici mər­hələ olacaq. Onun ölkəsini nəzarət altın­da saxlamağı və özünün siyasi kursunu davam etdirməyı bacaracağını məhz bu il görəcəyik. Əgər o, sələfləri ilə müqa­yisədə, doğrudan da, ölkəsinin gələcəyi barədə düşünürsə, onda Azərbaycanla sülh sazişini imzalamağa tələsməlidir. İlin əvvəlində Azərbaycan Prezidenti İl­ham Əliyev yeni sülh təşəbbüslərinin danışıqlar masası üzərinə qoyulduğunu İrəvanın diqqətinə çatdırıb. İndi Paşinyan hökuməti həmin təşəbbüslərin heç də sonsuzluğa qədər o masanın üzərində qalmayacağını anlamalı və bunu onlara verilən son şans kimi dəyərləndirməlidir. 

Hayastan baş nazirinin iki seçim va­riantı qalıb: ya qətiyyət nümayiş etdirib Azərbaycanla sülhə gəlməli, ya da daş­nakların, lobbiçilərin, erməni diasporunun təzyiqlərindən və qisasından qorxub iste­faya getməlidir. İkinci variantda onun kür­süsünə yiyələnəcək yeni baş nazir üçün miras kimi qəbul edəcəyi və indikindən daha çeşidli problemlərin öhdəsindən necə gəlməli sualına cavab tapması çətin olacaq. O zaman xələfinin aqibətinə heç Nikol Paşinyanın özü də qibtə etməyə­cək. Hayların bu acı həqiqəti, başlarının üstünü kəsdirmiş reallığı qəbul etməkdən savayı çarələri yoxdur. Reallıqla barışıb, üzlərinə dirənən həqiqəti nə qədər tez qəbul etsələr, itirdiklərinin sayını bir o qədər azalda bilərlər. Onların qazancı isə Bakının xoşməramlı rəftarı və təqsirləri­nin qalan qismini bağışlaması olacaq...

Rasim MUSABƏYOV,
politoloq

Moskva ilə İrəvan araslndakı möv­cud gərginlik Nikol Paşinyan hakimiy­yəti ilə Putin hökuməti arasındadır. Kreml artıq Paşinyana etimad etmir, onu da gözəl alnayır ki, o, hakimiyyətə gələnədək MDB, KTMT və Avrasiya İttifaqına qarşı çıxışlar edirdi. Rusiya­nın İrəvandakı səfirliyinin qarşısında Putinin, Moskvanın əleyhinə təhqira­miz şüarlar səsləndirirdi. Düzdür, baş nazir olandan sonra Rusiyaya loyallıq göstərirdi, amma Qərbə meyili oldu­ğunu da gizlətmirdi. İrəvan gözləyirdi ki, Moskva Qarabağda onun əvəzinə Azərbaycanla vuruşacaq, Türkiyəyə qarşı çıxacaq, fəqət, bu baş vermədi. Çünki, artıq Türkiyə də, Azərbaycan da güclənmişdi. Axı, Kreml Ermənista­nın beynəlxalq hüquqa zidd, cılız ma­raqlarını, işğalı qəbul etmədi. Üzbəüz döyüşdə isə darmadağın oldu. Nəticə­də Ermənistan cəmiyyətində Rusiya­ya olan əvvəlki münasibət korlandı. 

Ortalıqdakı reallıq ondan ibarətdir ki, bu gün Rusiyada yaşayan ermə­nilərin sayı Ermənistandakı hayların sayından az deyil. Təbii ki, bu, İrəvanı Moskvaya bağlayan amildir. Keçən il Rusiyadan Ermənistana üç milyard yarım dollar pul köçürülüb. Bu məb­ləğ az qala Ermənistanın büdcəsinə bərabərdir və daxili məhsulun iyirmi beş faizini təşkil edir. Bu vəsait olma­dan Ermənistan yaşaya bilməz. Qazın min kubmetrini 120 dollara alır, amma Avropada bu qiymət 500-600 dollar­dan yuxarıdır. Ermənistanın işıq, qaz xətləri, dəmir yolu rabitəsi Rusiya ilə bağlıdır. Bu ölkədə Rusiyanın hərbi bazası var, sərhədlərini rusiyalı sər­hədçilər qoruyur. Bütün bunları kəna­ra qatmaq qeyri-mümkündür. Dövlət olaraq Ermənistanın Rusiyanın girov­luğundan qurtulması mümkün deyil. Hesab edirəm ki, İrəvan-Moskva mü­nasibətlərinin bu sınaqdan çıxmaq eh­timalı azdır. 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”



Siyasət