Pekində ümummilli liderin yubileyinə həsr edilən sərgi və konsert

post-img

Aprelin 17-də Pekində Diaoyutay dövlət iqamətgahında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr edilən sərgi və konsert təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun, Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının və ölkəmizin Çindəki səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Asso­siasiyasının sədri Lin Sontien, Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Can Min, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr şöbəsinin, bu ölkənin Xarici İşlər Nazirliyinin, Mə­dəniyyət Nazirliyinin, Çin Xarici Dillər Nəşriyyatı Administrasiyasının və digər dövlət qurumlarının nümayəndələri, Çində akkreditə olunmuş 50-yə yaxın xarici diplomatik korpus rəhbərləri işti­rak ediblər.

Sərgidə Ulu Öndər Heydər Əliyevin həyatının müxtəlif dövrlərini, xid­məti fəaliyyətini, sovet dövründə və müstəqillik illərində Azərbaycana rəh­bərlik etdiyi illərdə gördüyü işləri, keçir­diyi görüşləri, ölkəmizin regionlarına və xaricə səfərlərini, o cümlədən 1994-cü ildə Çin Xalq Respublikasına səfərini əks etdirən fotoşəkillər və məlumatlar nümayiş olunur. Bu, Heydər Əliyev Fondunun xaricdə ümummilli liderinin 100 illiyinə həsr olunan mədəni tədbir­lərinin ilkidir. 

Sərginin açılış mərasimində Xa­rici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Lin Sontien Çin və Azərbaycan arasında dostlu­ğun tarixinin qədim İpək Yolu dövrünə gedib çıxdığını qeyd edərək, bu dost­luq sayəsində əsrlərdir xalqlarımızın bir-birindən öyrəndiyini deyib. Azər­baycanın gözəl və zəngin torpağının zəhmətkeş və istedadlı nəsillər yetiş­dirdiyini bildirən Lin Sontien görkəmli dövlət xadimi Heydər Əliyevin böyük nüfuz sahibi olduğunu deyib. O, Azər­baycanın müstəqilliyinin ilk illərində bir çox çətinliklə üzləşdiyi vaxtda Heydər Əliyevin tarixi məsuliyyəti öz üzərinə götürərək, uzaqgörən siyasi və bö­yük cəsarəti ilə Azərbaycanın tarixin­də yeni səhifə açmağa nail olduğunu bildirib. Qeyd edib ki, siyasi sabitliyin təmin olunduğu Azərbaycan sürətli inkişaf yoluna qədəm qoydu, əhalinin rifahı yaxşılaşmağa başladı.

Lin Sontien ümummilli lider Hey­dər Əliyevin Çinin yaxın dostu olduğu­nu, Prezident vəzifəsində Çinə uğurlu səfər edərək, iki ölkə arasında münasi­bətlərin inkişafına tarixi töhfələr verdiyi­ni diqqətə çatdırıb. Bildirib ki, Çin xalqı köhnə və yaxşı dostlarını heç vaxt unutmur. Məhz bunun nəticəsidir ki, Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası Heydər Əliyevin anadan olmasının 90-cı ildönümündə görkəm­li dövlət xadiminə həsr olunan kitabın Çin dilində nəşrinin təqdimatını təşkil edib. O, dahi insanların xatırlanması istiqamətində onların irsinin öyrənilmə­sinin vacibliyini vurğulayıb.

İki ölkə arasında münasibətlərin ha­zırkı vəziyyətinə toxunan Lin Sontien qarşılıqlı siyasi etimadın getdikcə möh­kəmləndiyini, birgə səylər sayəsində müxtəlif sahələrdə əməkdaşlığın də­rinləşdiyini diqqətə çatdırıb, Azərbay­canın və Çinin dövlət başçıları İlham Əliyevin və Si Cinpinin strateji rəhbərli­yi ilə son illər əlaqələrimizdə böyük sıç­rayışın müşahidə olunduğunu deyib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələk­bərov görkəmli dövlət xadimi Heydər Əliyevin ümummilli lider kimi Azər­baycanı çətin vəziyyətdən çıxararaq, inkişaf yoluna yönəltdiyini, ulu öndərin müasir Azərbaycanın qurucusu oldu­ğunu deyib. 

Heydər Əliyev Fondunun “Heydər Əliyev İli” çərçivəsində ölkəmizdə və xaricdə bir sıra mədəni tədbirlər keçirə­cəyini diqqətə çatdıran A.Ələkbərov bu çərçivədə ilk tədbirin Çində keçirilmə­sini iki xalq arasında dostluğun bariz nümunəsi olduğunu deyib. Ümummilli lider Heydər Əliyevin Azərbaycan-Çin münasibətlərinin möhkəmlənməsində əhəmiyyətli rol oynadığını vurğulayan A.Ələkbərov dahi siyasətçinin 1994-cü ildə Çinə səfərinin müasir dövrdə iki ölkə arasında münasibətlərin başlan­ğıcı kimi qiymətləndirildiyini deyib. O, Çinin böyük dostu kimi Heydər Əliyevin Azərbaycanın Çin ilə münasibətlərinin inkişafına böyük diqqət yetirdiyini, bu siyasətin hazırda Prezident İlham Əli­yev tərəfindən davam etdirildiyini bildi­rib. 

A.Ələkbərov iki ölkə arasında müxtəlif sahələrdə davamlı inkişaf edən münasibətlərdən söz açıb, bu əlaqələrin dostluğa əsaslanan strate­ji tərəfdaşlıq münasibətləri olduğunu vurğulayıb. O, Çin ilə münasibətlərin möhkəmləndirilməsinin ölkəmizin xari­ci siyasətinin əsas prioritetlərindən biri olduğunu diqqətə çatdırıb, dövlət baş­çılarının qarşılıqlı hörmət və etimadı sayəsində ölkələrimiz arasında fəal si­yasi dialoqun mövcud olduğunu deyib. 

Mərasim ziyafət və Azərbaycan in­cəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam edib.





Sosial həyat