Lənkəranda yaz qaçışı

post-img

“Heydər Əliyev İli” çərçivəsində Lənkəran şəhərində Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı, Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə kross qaçışı üzrə Azərbaycan yaz çempionatı keçirilib. 

Şəhər Olimpiya İdman Kompleksin­də baş tutan tədbirin rəsmi hissəsində Lənkəran Şəhər İcra Hakimiyyətinin baş­çısı Taleh Qaraşov çıxış edərək bildirib ki, ulu öndərin əsasını qoyduğu uğurlu idman siyasəti bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən laiqincə davam etdirilir və bu sahəyə xüsusi diqqət göstərilməsi dövlətin prioiritet istiqamətlərindəndir. O, həmçinin federasiyanın yeni rəhbərliyinə fəaliyyətində uğurlar arzulayıb, bölgələr­də kütləvi idman yarışlarının keçirilməsi gənc nəslin sağlam ruhda böyüməsi baxı­mından xüsusi önəmi olduğunu söyləyib. 

Rəqəmsal İnkişaf və Nəqliyyat nazi­rinin müavini, Atletika Federasiyasının prezidenti Cavid Qurbanov çıxışında bil­dirib ki, baş tutan kütləvi idman tədbiri gənclərin idmana olan maraqlarının daha da stimullaşdırmasına xidmət edəcək. O qeyd edib ki, keçirilən yarışlar idman­çıların dərəcələrini daha da artırması, beynəlxalq yarışlara vəsiqə qazanması və bütövlükdə bölgələrdə idmanın təşviqi və inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.

Gənclər və İdman Nazirliyinin sektor müdiri Sevda Mirzəyeva yarış iştirakçıla­rına uğurlar diləyib. Dövlət Himninin səs­lənməsindən sonra çempionata start veri­lib. Yarışda 11 komanda (Bakı, Naxçıvan, Gəncə, Bərdə, İsmayıllı, Xızı, Lənkəran, Astara, Təhsil - RİM, Təhsil 1 və Təhsil 5), ümumilikdə 170 idmançı iştirak edib. Qa­liblər medal, hədiyyə və pul mükafatları ilə təltif olunublar.

Ə.ƏLİYEV, “Xalq qəzeti”



Sosial həyat