Azərbaycan – İsrail əməkdaşlığı sülhə və tərəqqiyə xidmət edir

post-img

İsraildə səfirlik və Fələstində nümayəndə­lik açılması haqqında qərar bizim milli ma­raqlarımıza əsaslanıb. Əminəm ki, bu qərar sülhün möhkəmlənməsi işinə xidmət edəcək və faktiki olaraq bu dövlətlərlə bizim uzun­müddətli, çox səmərəli əməkdaşlığımızın formallaşması deməkdir.

Prezident İlham Əliyevin “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışından 

Bakı, 25 noyabr 2022-ci il

Dost ölkənin kütləvi informasiya vasitələri xəbər verirlər ki, İsrail Xarici işlər naziri Eli Kohen aprelin 18-də Bakıya səfərə gəlib. Əlavə olunur ki, nazir Azərbaycan –İsrail hökumətlərarası komissiyasının iclasında iştirak edəcək. Elə həmin məlumatda o da bildirilir ki, bu ölkənin Prezidenti İshaq Hersoqun da may ayında Azərbaycana səfəri gözlənilir. Yəni otuz il davam edən siyasi-diplomatik münasibətlərimiz özünün ən yüksək səviyyəsinə çatmaqdadır. 

Xatırladaq ki, cənab Eli Kohenin Azərbaycan səfəri İsrail–Azərbaycan Hökumətlərarası Birgə Komissiyası­nın həmsədri, İsrailin Turizm naziri Yoel Razvozovun ölkəmizə səfərinin tam bir illiyinə təsadüf edir. Belə ki, ötən ilin bu günlərində israilli naziri qəbul edən dövlət başçımız vurğulamışdı ki, İsraildə Azər­baycan ticarət nümayəndəliyinin fəaliy­yət göstərməsinin və Turizm Mərkəzinin açılmasının bizim üçün böyük önəmi var. Prezident həyata keçirilən qarşılıq­lı səfərlərin də əlaqələrimizin inkişafına töhfə verdiyini bildirmişdi.

Məlum olduğu kimi, ölkələrarası əməkdaşlığın artmasına iqtisadi sfera­dakı əlaqələr daha böyük töhfələr verir. Üstəlik, İsrail şirkətləri işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərində fəal iştirak edirlər və bu bizdə məmnunluq yaradır. Elə hər­bi-texniki sahədə də ölkələrimiz arasında uzun illərdir uğurlu əməkdaşlıq davam etdirilir. Bu əməkdaşlığın inkişafında həm Azərbaycanda, həm də İsraildə fəa­liyyət göstərən diaspor təşkilatlarının rolu böyükdür. Xalqlarımızın nümayəndələri əsrlər boyu birgə dostluq şəraitində yaşa­mışlar. Yəhudi icması üzvlərinin birinci və ikinci Ermənistan –Azərbaycan mühari­bələrində iştirak etmələri, şücaət göstər­mələri ölkəmizdə ehtiramla qeyd olunur.

Xatırladaq ki, Azərbaycanla İsrail Dövləti arasında ikitərəfli münasibətlər 1991-ci il dekabrın 25-də yaranıb. Həmin tarixdə İsrail Azərbaycan Respublikası­nın dövlət müstəqilliyini tanımışdır. İki ölkə arasındakı diplomatik münasibətlər isə 1992-ci il aprelin 7-də qurulmuşdur. Dövlət başçımızın 2016-cı il yanvarın 21-də İsveçrədə keçirilən Davos İqtisa­di Forumu çərçivəsində İsrail Dövlətinin Baş naziri cənab Benyamin Netanyahu ilə keçirdiyi görüş əməkdaşlığın geniş­ləndirilməsinə stimul olmuşdur. Həmin il dekabrın 13-də isə İsrail Dövlətinin Baş naziri cənab Benyamin Netanyahu Azər­baycan Respublikasında işgüzar səfərdə olmuşdur. 

Təmaslar sonrakı dövrdə daha da intensivləşmiş və əlaqələr tərəflərin ar­zuladığı səviyyəyə qaldırılmışdır. Nəticə­də ölkəmizdə yəhudilərin iyirmiyə yaxın ictimai-mədəni və xeyriyyə təşkilatı fəa­liyyət göstərir. Respublika səviyyəsində “Yəhudi evi”, “Azərbaycan-İsrail” Cəmiy­yəti, Azərbaycan Yəhudi Qadınlar Asso­siasiyası, “Yəhudi Mədəniyyət Mərkəzi”, “Soxnut” Beynəlxalq Yəhudi Təşkilatının Azərbaycan bölməsi və digərlərini buna misal göstərmək olar. 

Əməkdaşlığın müqavilə-hüquq baza­sına gəlincə isə xatırlatmalıyıq ki, Azər­baycan Respublikası ilə İsrail Dövləti arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında iyirmiyə yaxın sənəd imzalan­mışdır.

Ekspertlərin fikrincə, Azərbaycanın İsraillə olan yaxın münasibəti yalnız Azər­baycan –İsrail arasında yox, regiondakı digər ölkələrlə də siyasi-iqtisadi əlaqələ­rin genişləndirilməsinə və inkişaf etdi­rilməsinə rəvac verəcək. Azərbaycanla İsrail arasında münasibətlərin genişlən­dirilməsi məsələsində isə Təl-Əvivdə açılan səfirliyimizin xüsusi rolu olacaq. 

Mətbuat yazır ki, Azərbaycanın İsra­illə hərbi əməkdaşlığı 44 günlük müha­ribədə Qələbə qazanmağımızın mühüm səbəblərindən biridir. Məlum olduğu kimi, Azərbaycan tolerant ölkədir. Burada yə­hudilər azərbaycanlılarla eyni hüquqlara malikdirlər. Hazırda Bakı şəhərində yə­hudilərin 3 sinaqoqu mövcuddur. Azər­baycanda yəhudilərə həmişə yaxşı mü­nasibət bəslənib və burada heç zaman antisemitizm halları olmayıb. 

Hər iki ölkəni yaxınlaşdıran daha bir amil isə Azərbaycanda yəhudi diasporu­nun və İsraildə Azərbaycandan getmiş 80 mindən artıq yəhudinin yaşamasıdır. Buna görə də İsrail dövlətinin Azərbay­canla əməkdaşlıqda maraqlı olmasını təkcə bu ölkənin zəngin enerji resursları, strateji geosiyasi vəziyyəti, sırf iqtisadi-si­yasi amillərlə bağlamaq düzgün deyil. İki ölkə arasında əməkdaşlıq, tarixən möv­cud olmuş, bu əlaqələrin kökündə insani dəyərlər, milli-dini tolerantlıq, qarşılıqlı anlaşma olub.

Xüsusilə vurğulanmalı məqamlardan biri də budur ki, tərəflərin hər ikisi bu əməkdaşlığın qorunmasında və inkişaf etdirilməsində maraqlıdır. Təbii ki, mü­nasibətlərin bu səviyyəyə çatması təkcə Azərbaycanın cəhdləri nəticəsində müm­kün olmazdı. Necə ki, regiondakı bəzi dövlətlərlə səmimi əməkdaşlıq və dost­luq etmək səylərimiz cavabsız qalır. İsrail rəhbərliyi isə öz xalqının və dövlətinin maraqlarına cavab verən heç bir təklifi cavabsız qoymur. 

Biz inanırıq ki, Təl-Əvivdən gələn növbəti rəsmi nümayəndənin səfəri əməkdaşlığımızın daha da dərinləşdiril­məsinə öz töhfəsini verəcəkdir. 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Siyasət