Hayların bayraq təxribatı əks-effekt verdi

post-img

 

 

Üçrəngli bayrağın kölgəsində mən

Qaraca torpağı Vətən görmüşəm.

Zəfər güllərini dövri-qədimdən

Bayraq işığında bitən görmüşəm.

Bayraq mənliyimdir, bayraq kimliyim,

Bayraq – öz yurduma öz hakimliyim.

Yazımız üçün epiqraf kimi istifadə etdiyimiz bu misralar görkəmli şairimiz Bəxtiyar Vahabzadənin “Bayraq” şei­rindəndir. Ölkəmiz XX əsrin sonlarında ikinci dəfə dövlət müstəqilliyini bərpa etdikdən sonra üçrəngli, ay-ulduzlu bay­raq milli kimliyimizin simvollarından biri kimi, hər birimiz üçün müqəddəs dövlət­çilik rəmzlərindən birinə çevrilib. Azər­baycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurə­sinə, milli-mənəvi dəyərlərə və ümum­bəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Xalqımızın tükənməz duyğuların­dan biri, heç şübhəsiz, bayraq sevgisi­dir. Bu sevgi tarix boyunca Azərbaycan xalqının əziz tutduğu müqəddəs duyğu olub, böyük dəyərə çevrilib. Vətənin bütövlüyünü, xalqın müstəqilliyini ifadə edən bayraq əsrlər boyu azərbaycanlı­ların milli kimliyinin, dilinin, mədəniyyə­tinin, dini-mənəvi əxlaqının daşıyıcısı kimi dəyərləndirilib.

Üçrəngli bayrağımız 44 günlük Vətən müharibəsində qazandığımız ta­rixi Qələbənin əsas amillərindən biri idi. Həmin günlərdə ölkəmizin hər yerində mənzillər, dövlət binaları, ictimai iaşə obyektləri, avtomobillər bayrağımızla bəzədilmişdi. Qəhrəman hərbçilərimiz şəhər və kəndləri azad etdikdən sonra Ali Baş Komandana məruzələrini məhz üçrəngli bayrağımızın ucaldılması ilə, onun fonunda edirdilər.

Onu da qeyd edək ki, bayraq Azər­baycan xalqı üçün müstəsna dəyərə malikdir. Xalqımızda bayraq sevgisi əlahiddə bir hiss, duyğudur. Azərbay­can Bayrağı azərbaycanlılar üçün hər şeyin fövqündə dayanır. Ölkəmizin ən yüksək ordenlərindən birinin “Azərbay­can Bayrağı” adlandırılması da məhz bu sevginin təcəssümüdür. Azərbaycan­lılar bağışlamağı bacaran xalqdır. Bir azərbaycanlı özünün təhqir olunmasını bağışlayar, ancaq bayrağın təhqir olun­masını bağışlamaz. Necə ki, 2004-cü ilin fevralında Azərbaycan Ordusunun zabiti Ramil Səfərov Budapeştdə Ermə­nistan silahlı qüvvələrinin zabiti Qurgen Markaryana bayrağımızı təhqir etməsini bağışlamadı.

***

Bugünlərdə bayrağımıza növbə­ti dəfə xain əllər uzandı. Aprelin 14-də İrəvandakı idman-konsert kompleksində ağır atletika üzrə Avropa çempionatı­nın təntənəli açılış mərasimində Azər­baycan Bayrağı bayraqdarın əlindən alınaraq yandırıldı. Bayrağımızı Aram Nikolyan yandırdı, sonra onunla birlik­də səhnədən qaçdı. O, tədbirin təşkili ilə məşğul olub. Bu hadisədən sonra atletlərimizin yarışda iştirakdan imtina edərək Vətənə qayıtması bayrağımızın azərbaycanlılar üçün daşıdığı mənəvi önəmin daha bir ifadəsi oldu. Dünyanın idman ictimaiyyəti, idman federasiyaları, ayrı-ayrı ölkələrin ictimai-siyasi xadim­ləri, rəsmi şəxsləri baş vermiş hadisəni pisləyən bəyanatlarla çıxış etdilər.

***

Təbii ki, ən önəmli reaksiya Türkiyə­dən gəldi. Qardaş ölkə Prezidentinin baş müşaviri Yalçın Topçu İrəvanda Azərbaycan Bayrağının yandırılmasının bütün dünya qarşısında Ermənistanın əsl simasını bir daha ortaya çıxardı­ğını bildirdi. “TurkicWorld”a açıqlama verən Yalçın Topçu dedi: “Ermənistan baş nazirinin və bir çox dövlət rəsmiləri­nin iştirak etdiyi idman yarışında qonaq ölkənin bayrağına qarşı bu cür iyrənc irqçi hərəkəti izləyən İrəvan hakimiyyə­tini şiddətlə qınayıram. Bu vəziyyət onu göstərdi ki, beynəlxalq idman yarışların­da iştirakçı ölkələrin təhlükəsizliyini tə­min etməyən Ermənistan kimi ölkələrdə yarışların keçirilməsi qadağan edilməli və bu çirkin əmələ görə, təşkilatçı ölkə­nin dövlət məmurları cavab verməlidir­lər”.

Azərbaycanın haqlı davasına səs­siz qalmayan rusiyalı jurnalist və hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko da İrəvanda Azərbaycan Bayrağının yandırılmasına münasibət bildirib. Bu barədə o “Teleq­ram” kanalında paylaşım edib. “Ermə­nistan, həmişə olduğu kimi, öz amplua­sındadır. Azərbaycandan ağır atletlərin də iştirak etdiyi Avropa çempionatının rəsmi açılış mərasimində Aram Nikolyan çirkin və alçaq hərəkət edib”, – deyə o vurğulayıb.

İqor Korotçenko əlavə edib ki, İrə­vanda baş verənlər milli nifrət və düş­mənçiliyi qızışdırır.

***

Avropa Ağır Atletika Federasiyası İrəvanda Azərbaycan Bayrağının yan­dırılmasını qəti şəkildə pisləyib. Bu barədə federasiya bəyanat yayıb. Bəya­natda deyilib: “Avropa Ağır Atletika Fe­derasiyası son dərəcə ciddi və təəssüf doğuran bu jesti idman dəyərlərinin bü­tövlüyünə və ədalətli oyunun universal prinsiplərinə dair hücum kimi nəzərdən keçirir. Avropa Ağır Atletika Federasi­yası bu hadisəyə dərhal reaksiya verib, təşkilat komitəsinə mövqeyini bildirib. Federasiya daim Azərbaycan Respubli­kasından olan nümayəndə heyətinə, id­mançılara, məşqçilərə və vəzifəli şəxs­lərə tam həmrəylik və dəstək ifadə edir”.

***

Beynəlxalq İdman Mətbuatı Asso­siasiyası (AIPS) öz qitə seksiyaları ilə birlikdə Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) yaydığı kəskin bəyanatı öz rəsmi saytlarının manşetinə çıxararaq dünyaya yayıb. Eyni zaman­da, 167 ölkənin milli idman jurnalistləri təşkilatına və 20 minə yaxın AIPS üzvü­nün elektron ünvanına göndərib.

AİJA-dan bildiriblər ki, bəyanatda İrəvanda keçirilən ağır atletika üzrə Av­ropa çempionatının açılış mərasimi za­manı bayrağımıza qarşı törədilmiş bar­barlıq aktı kəskin şəkildə pislənib.

Avropa İdman Mətbuatı İttifaqı (AIPS Europe) AİJA-nın bəyanatına sosial şə­bəkələrdəki rəsmi səhifələrində geniş yer verməklə özü də bu hadisəni pis­ləyən bəyanatla çıxış edib.

***

Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı beynəlxalq idman yarışının açı­lışında Azərbaycan Bayrağına edilən hücumun qəbuledilməz olduğunu, olayı qınadıqlarını vurğulayıb. Həmçinin Be­nilüks Azərbaycanlıları Konqresinin və Niderland Krallığında fəaliyyət göstərən digər təşkilat və icma üzvləri aidiyyəti qurumlara bəyanat göndəriblər. Alma­niyada fəaliyyət göstərən Heydər Əliyev adına Dünya Boks Komitəsi və Diaspor Boks Liqası Azərbaycan Bayrağının yandırılmasını kəskin şəkildə pisləyiblər.

Dünyanın aparıcı media orqanları da hadisəyə etinasız qalmayıb. Xarici me­diada yer alan xəbərlərdə bu çirkin ha­disə idman dəyərlərinin bütövlüyünə və ədalətli oyunun universal prinsiplərinə hücum kimi dəyərləndirilib.

***

Göründüyü kimi, Azərbaycan Bayra­ğının yandırılması kimi təxribatçı hərəkət hayların etnik dözümsüzlüyünün nü­munəsi olmaqla onların özünə qarşı çevrilmiş oldu. Onlar bununla Azərbay­cana nifrət hissi ilə yanaşdıqlarını ortaya qoydular. Düzdür, hayların arasında bu hadisəyə qarşı çıxanlar da tapılıb. An­caq, bütövlükdə, erməni cəmiyyəti olaya haqq qazandırıb. Azərbaycan Bayrağı­nın bütün dünyanın gözü önündə yandı­rılması hadisəsi ilə Ermənistanın siyasi və dövlət imicinə bundan böyük zərbə vurmaq mümkün deyildi. Bunu başqası yox, Ermənistanın öz vətəndaşı etdi. Bir təxribatla beynəlxalq qurumlar, xüsusən də siyasi institutlar bu ölkənin hansı xis­lətə malik olduğuna bir daha şahidlik etdilər.

Fərhad MƏMMƏDOV,
politoloq

– Görünən odur ki, ermənilər Azərbaycan Bayrağının yandırıl­ması ilə nəticələnən insidentə görə üzr istəməyəcəklər. Əvvəla, bu təxribatı törədən şəxs saxlanıldıq­dan sonra sərbəst buraxılıb. Çox maraqlıdır ki, onun hərəkətlərində cinayət tərkibi müəyyən etməyiblər.

İkincisi isə demək olar ki, sülh sazişi imzalanmadan, qarşılıqlı öh­dəliklər götürülmədən ermənilərə və Ermənistana görə azərbaycan­lılar, azərbaycanlılara və Azərbay­cana görə isə ermənilər heç vaxt bir-birini ittiham etməyəcək. Biz bunu nəzərə almalıyıq. Yalnız sülh sazişi imzalandıqdan sonra bir-bi­rinə qarşı edilən hörmətsizlik qınaq obyektinə çevriləcək. Çünki sülh sazişi elə böyük bir məfhumdur ki, onu şübhə altına almaq və qarşı­lıqlı təhqiramiz hərəkətlər etmək yenidən hər iki ölkəni münaqişə ilə üz-üzə qoya bilər.

Səxavət HƏMİD, “Xalq qəzeti”



Siyasət