Baronessa Koksdan Xocalı soyqırımına növbəti anti-bəşəri yanaşma

post-img

Qatı ermənipərəst mövqeyi ilə seçilən, Qarabağ işğalda olarkən ora səfərləri ilə diqqət çəkən, bununla da ölkəmizdə özünə münasibətdə böyük hiddət və qəzəb qazanmış Britaniya parlamentinin Lordlar Palatasının üzvü Baronesa Kerolayn Koks yenidən sərsəmləyib. Onun haqqında söz açdığı mövzu həssas olduğundan, azərbaycanlılar üçün ağrılı məsələyə qəddarcasına yanaşmanı ifadə etdiyindən, üzərində dayanmağı zəruri sayırıq. Beləliklə, Koks deyib ki, ermənilər 1992-ci ildə Xocalıya hücum barədə azərbaycanlıları xəbərdar edib, əhalinin təxliyəsinin vacibliyini bildiriblər. Yəni, təxminən belə: ərazini tərk edəydilər, qırılmayaydılar!

Haşiyə çıxaq ki, aprelin 17-də Brita­niya Parlamentinin Lordlar Palatasında Lord Flaytın Xocalı soyqırımı haqqında hökumətə ünvanlanmış şifahi müraciəti ilə bağlı qısa debat keçirilib. K.Koks er­mənipərəst mövqeyini, məhz bu debat əsnasında ortaya qoyub.

Qeyd edək ki, Lord Flayt Britaniya hö­kumətinin Xocalı faciəsinə münasibətdə mövqeyini sorğu edib, başsağlığı mesa­jının verilməsindən əlavə də addımlar at­mağa çağırıb. Debatda sualları hökumət adından Xarici işlər nazirinin müavini Lord Ahmad cavablandırıb.

Lord Ahmad 1992-ci ildə Xocalıda baş verənləri Azərbaycan tarixinin faciəvi epizodu kimi qəbul etdiklərini və Britaniya hökuməti tərəfindən baş verənlərin haqlı olaraq qınandığını vurğulayıb. O, ölkənin Bakıdakı səfirinin Xocalı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidə­sinə əklil qoymasını hökumətin başsağlı­ğı mesajı kimi dəyərləndirib. Təbii, bunlar məqbul qiymətləndirilsə də, yetərli deyil. 

***

B.Koks üçün Azərbaycanın ərazi bütövlüyü məsələsi heç nədir. Onun ya­rımçıq məntiqində Xocalı sakinlərinin nəyə görə öz dədə-baba yurdlarını tərk etməli olduqları sualı yoxdur. Ancaq onu da deyək ki, işğala haqq qazandıran bri­taniyalı parlamentarinin söylədiklərində həqiqət payı var. O anlamda ki, ümumən, Xocalı da daxil olmaqla, digər torpaq­larımızın işğalı öz təqsirimiz idi. Bu, konkret olaraq, ötən əsrin 90-cı illərinin əvvəllərində mövcud olmuş Azərbaycan hakimiyyətinin son dərəcə böyük təqsiri sayılmalıdır və sayılır. Həmin vaxt o hö­kumət ərazilərimizin müdafiəsinə laqeyd yanaşmışdı. Torpaqlarımız hakimiyyət uğrunda mübarizənin qurbanı olmuşdu. O cümlədən, qaçqın və məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qalmış bir milyona yaxın azərbaycanlı da daxili çəkişmələrin qurbanı kimi uzun illər məh­rumiyyətlər içərisində ömür sürmüşdü. 

Amma bütün bunlar B.Koksun Xoca­lıdakı qətliama haqq qazandırmaq, ona leqal don geyindirmək cəhdindəki dəh­şəti, anti-bəşəri yanaşmanı ikinci plana keçirmir. Heyrət edirsən: necə ola bilər ki, Britaniya kimi qabaqcıl ölkənin parla­mentində təmsil olunan şəxs, vəhşiliyə, insanların kütləvi şəkildə qətlinə soyuq münasibət göstərə bilir? Görünür, ermə­nipərəstlik erməni xislətinə xas vanda­lizmə bəraət qazandırmaq kimi murdar təbiətə də malikdir. O da görünür ki, Koks Xocalı cəlladları Serj Sarkisyanın, Zori Balayanın dinc azərbaycanlıların başı­na gətirdikləri olmazın işgəncə faktlarını etiraf etmələrini təbii sayır. Yəni, onun məntiqi ilə ermənilər Xocalıdan çıxmaq barədə xəbərdarlıq etmişdilərsə, çıxa bilməyənləri amansızlıqla qətlə yetirmək düzgün imiş. K.Koks məlum çıxışında həqiqətləri təhrif etmək yolu da tutur. 

Əvvəla, Xocalıya hücumun baş verə biləcəyi kəşfiyyat materiallarına əsasən ehtimal olunsa da, burada ermənilər tərəfindən hər hansı xəbərdarlıq mahiy­yəti daşıyan çağırış səslənməmişdi, vaxt verilməmişdi. Ermənistan, sonradan ölkə prezidenti olmuş Serj Sarkisyanın təbi­rincə desək, azərbaycanlılara göstərmək istəyib ki, zarafat etmirlər, qəddar dav­ranmağı bacarırlar. 

İkincisi, Xocalının işğalı suveren Azərbaycanın ərazisinə qəsddir. Əlbəttə, insanlarda qorxu və vahimə yaratmaq lazım idi ki, növbəti işğallar asan olsun. Üçüncüsü, dinc azərbaycanlılar, məhz, Xocalını tərk edərkən qətlə yetirilmişdilər. Onlar pusquya salınmışdılar. Ən əsası, erməni silahlıları əhalini qətlə yetirmək bir yana, onlara - uşaqlara, qocalara, qadınlara qarşı amansız davranmış, in­sanlıq tarixində rast gəlinməyən zülmlər yaşatmış, hətta meyitləri belə təhqir et­mişdilər. 

Dördüncüsü, 1990-cı illərdəki mü­haribə zamanı dəfələrlə Qarabağa səfər gerçəkləşdirdiyini, hadisələrə şahidlik et­diyini deyən Koks həqiqətləri təhrif edir. Bildirir ki, guya, həmin dövrdə azərbay­canlılar Xocalını qondarma rejimin pay­taxtı kimi qələmə verdiyi Stepanakertə (Xankəndiyə - red.) raket atmaq üçün isti­fadə edirmişlər, şəhər ələ keçirilməsəydi, Xankəndi dağılardı.

K.Koksun çıxışındakı daha bir məqam da diqqətdən yayınmır. O, həm Xocalını tərk etmək üçün ermənilərin xə­bərdarlıq etdiklərini bildirməklə, bir növ, dinc azərbaycanlılara qarşı qətliama haqq qazandırır, həm də ermənilərin qət­liam kimi qiymətləndirdikləri Marağa ha­disəsini yada salır. Yəni, “ermənilər qətl törədiblərsə, azərbaycanlılar da törədib” məntiqini işə salır. Deməli, Lord Flaydın qaldırdığı məsələyə “müxalifliyini” orta­ya bu cür qoyur. Britaniya parlamentinin Lordlar Palatasındakı erməni sipəri “mis­siyasına” sadiqliyini göstərir. 

***

Xatırladaq ki, Marağa hazırkı Tərtər rayonunun Şıxarx kəndindəki yerdir. Adın mənşəyi İranın Marağa şəhərindən gö­türülüb. Vaxtilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ağdərə rayonunun ərazisinə daxil olan bu kənd 1991-ci ildə rayonun ləğvindən sonra Tərtərin tərki­binə qatılıb. 

Yeri gəlmişkən, ermənilər 1978-ci ildə Marağada abidə də ucaltmışdılar ki, həmin abidə onların İrandan əraziyə gəl­mələrinin 150 illiyini vurğulayırdı və bu, Ermənistanın ermənilərin bölgənin qədim sakinləri olduğuna dair iddialarını puça çıxaran növbəti nümunədir. Hər halda, 150 il qədimlik göstəricisi sayıla bilməz. Tarixdən də yaxşı məlumdur ki, ermənilər İrandan və Suriyadan Azərbaycan ərazi­sinə 1828-ci ildə Rusiya-İran müharibəsi­nin yekunlarını təsdiqləyən Türkmənçay müqaviləsindən sonra köçürülüblər. 

Beləliklə, Azərbaycan ordusunun böl­mələri Şıxarxdan Tərtər şəhərinin mütə­madi atəşə tutulduğunu nəzərə alaraq, ora hücum etmişdilər. Hadisə 1992-ci il aprelin 10-da səhər saatlarında baş ver­mişdi. Günortaya yaxın kənd işğaldan azad edilmişdir. Ancaq ertəsi gün işğala məruz qalmışdır. Sözlərinə inansaq, gö­rünür, Koks da məhz bu zaman Şıxarxda olub. 

Lakin Azərbaycan qoşunları bir həftə sonra yenidən hücum edərək kəndi geri qaytarmışdılar, özü də birdəfəlik. Ermənistan tərəfinin iddialarına görə, guya, Şıxarx əməliyyatı əsnasında mül­ki şəxslər öldürülmüşdür ki, bu, Marağa qətliamıdır və azərbaycanlıların Xocalı soyqırımının qisasını aldıqlarının təsdiqi­dir. Halbuki yalnız miqyas baxımından da bunu doğru saymaq mümkünsüzdür. Xocalıda 613 dinc azərbaycanlı qətlə yetirilmişdi. Hələ yaralananlar və əsir gö­türülənlər də var. Marağada isə söhbət cəmi 50 nəfərdən gedir. 

***

Bəli, indi B.Koks da erməni təbliğa­tından çıxış edərək, Xocalı ilə Marağanı eyniləşdirir. Halbuki, belə yanaşma yol­verilməzdir. Ona görə ki, birincisi, əgər həqiqətən də həmin vaxt dinc ermənilər həlak olmuşdularsa, bu, hərbi əməliyyat gedişində yaşanmışdı. Yəni, Marağadan fərqli olaraq, Xocalı məqsədli şəkildə törədilmiş qəddarlıq aktı, soyqırımı idi. Digər tərəfdən, elə Koksun məntiqinə söykənsək, Marağada yaşananlara görə də günahkar qarşı tərəfdir, çünki erməni əhalisinin təxliyəsini düşünməyib. Üçün­cüsü, Azərbaycan ərazisi olan Qara­bağda erməni qoşunları nə gəzirdilər? Ölkəmizdə yaşayan mülki ermənilər tələf olublarsa, burada erməni avantürizmi­nin rolu var. Necə ki, 1988-ci ildə həmin avantürizm Sumqayıtda işə salındı və dinc ermənilər qətlə yetirildilər. 

Sonda onu da deyək ki, Koks kimi qatı ermənipərəstlərin nə çərənləməsin­dən asılı olmayaraq, Britaniya dövlətinin Xocalı faciəsinə yanaşması məlumdur. Lord Flaytın ölkə hökumətinə, əvvəldə haqqında söz açdığımız, şifahi müraciəti də onu deməyə əsas verir ki, Britaniya­da vaxtilə azərbaycanlılara qarşı törədil­miş vandalizm aktına münasibətin daha dərin götürülməsini istəyən qüvvələr var və heç şübhəsiz, onların zamanla aktiv­ləşəcəyini gözləmək mümkündür. Müva­fiq olaraq, Koks kimi ermənipərəstlərin aktivliyi, necə deyərlər, süngü ilə qarşı­lamaları da proqnozlaşdırılandır. Ancaq bunun heç bir faydası yoxdur. 

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

Siyasət