Qərbi Azərbaycandakı anklavlarımız: Tarixi xəyanətin izi ilə...

post-img

44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan işğaldakı bütün torpaqlarını azad etsə də, bu gün Ermənistanda bizə məxsus anklavların olduğu heç kimə sirr deyil. Söhbət hazırda Ermənistanın nəzarəti altında olan 8 kənddən gedir. Bunlar: Bağanis-Ayrım, Xeyrimli, Aşağı Əskipara, Yuxarı Əskipara, Barxudarlı, Sofulu, Qızılhacılı və Kərki kəndləridir. 

Bəs bu kəndlər Ermənistanın nəzarətinə necə, hansı tarixi şə­raitdə keçib? Necə olub ki, bü­tün sakinləri azərbaycanlılardan ibarət olan kəndlərin taleyi hələ də müzakirə mövzusudur?

Sovet hakimiyyətinin Azərbaycana xəyanəti

Qeyd edək ki, sözügedən kəndlərin əksəriyyəti hələ sovet dönəmində Azərbaycandan alı­naraq, Ermənistanın idarəçiliyinə verilib. Lakin maraqlıdır ki, tarixi Azərbaycan torpaqlarının Ermə­nistana verilməsi ilə bağlı heç bir rəsmi sənəd tərtib olunmayıb. Başqa sözlə desək, bu kəndlər sovet hakimiyyəti tərəfindən Er­mənistana şifahi olaraq, yersiz arqumentlər əsasında verilib. Sovet hakimiyyəti Azərbaycan xalqına xəyanət edib. Nəticə­də, azərbaycanlıların hələ sovet dönəmində bu kəndlərdən sıxış­dırılıb çıxarılması prosesi baş­lanıb. Ancaq ermənilərin bütün səylərinə baxmayaraq, sovet rəh­bərliyi ilə Ermənistan hakimiyyəti arasındakı gizli razılaşmalar əsa­sında İrəvana verilən bu kəndlər­dən soydaşlarımızın çıxarılması elə də asan olmayıb. Ermənilərin bütün təzyiqlərinə rəğmən xalqı­mız öz tarixi yurdlarında yaşa­maqda, bu torpaqlarda öz möv­cudluğunu qorumaqda davam ediblər. 

Azərbaycanlıların öz doğma torpaqlarını tərk etmədiyini görən ermənilər məqsədlərinə çatmaq üçün bu dəfə də soyqırımına və cinayətə əl atıblar. 1990-cı il mar­tın 24-də haylar Bağanis-Ayrım kəndində dəhşətli soyqırımlardan birini törədib. Kəndə hücum za­manı insanları diri-diri alovların içinə atan ermənilər beşikdəki körpələri belə xüsusi amansızlıq­la qətlə yetiriblər. 1990-cı il yan­var 15-də – Bağanis-Ayrım qırğı­nından iki ay öncə isə Kərki kəndi ermənilər tərəfindən zəbt olunub. 

Xalqımıza qarşı işğal siyasəti­ni davam etdirən ermənilər 1992-ci il martın 8-də Xeyrimli, martın 12-də Aşağı Əskipara, aprelin 27-də Barxudarlı və Sofulu, mayın 11-də Qızılhacılı, iyunun 8-də isə Yuxarı Əskipara kəndlərini işğal edib. Bu kəndlərin hər biri hərbi güc Ermənistana ilhaq edilib. 

İnsan səsinə həsrət kəndlər...

Səkkiz kəndi silah yolu ilə ələ keçirən və burada yaşayan azərbaycanlılara divan tutan er­mənilər, sonrakı dönəmdə bu kəndlərdə heç bir məskunlaşma aparmayıb. Heç kimin yaşama­dığı, heç bir abadlıq işinin gö­rülmədiyi yaşayış məskənlərinin hər biri bəlli müddətdən sonra sıradan çıxmağa, baxımsızlıqdan dağılmağa başlayıb. Bu gün də Ermənistanın faktiki nəzarətində olmasına baxmayaraq, həmin kəndlərdə bir nəfər də olsun er­məni yaşamır. Bu faktın özü, Ermənistanı həmin kəndlərlə ta­rixi-mənəvi və ruhi baxımdan heç nəyin bağlamadığını, İrəvanın onları nəzarətdə saxlamaqla iş­ğalçılıq siyasətini davam etdirdi­yini göstərir.

Xatırladaq ki, Ermənistan 30 il ərzində işğalda saxladığı Qa­rabağ və ətraf ərazilərdə də heç bir məskunlaşma aparmayıb, ək­sinə, bu yerlərdəki bütün obyekt­ləri qarət edərək yaşayış üçün mümkünsüz hala gətirib.

Kəndləri qaytarmamaq üçün səslənən bəhanələr

Azərbaycan Ermənistan­dakı anklavlarının qaytarılması məsələsini dəfələrlə gündəmə gətirsə də, İrəvan müxtəlif bə­hanələrlə bu kəndləri azad et­məkdən boyun qaçırmağa çalı­şır. 

Bu, məsələyə yanaşmada Ermənistanda iki fərqli qütb möv­cuddur. Bunlardan biri həmin kəndlərin tarixi Ermənistan ərazisi olduğunu iddia edən kəsimdir ki, onların Azərbaycana qaytarılma­sını tamamilə yolverilməz hesab edir. Digər qütb isə məlum kənd­ləri Azərbaycana qaytarmağın Er­mənistan üçün ciddi təhlükəsizlik problemi yarada biləcəyini iddia edir, bununla yanaşı, onların qay­tarılmasını ümumilikdə mümkün­süz hesab etmirlər. Mövcud kə­simin təmsilçiləri iddia edirlər ki, əgər Ermənistandakı Azərbaycan anklavları Bakıya qaytarılarsa, o zaman bir sıra erməni yaşayış məntəqələri Azərbaycan Ordu­sunun tam nəzarətinə düşəcək. Bundan başqa, anklavlar qayta­rılacağı təqdirdə bu gün ermə­nilərin istifadəsində olan nəhəng örüş sahələri, habelə kənd təsər­rüfatına yararlı torpaqların da iti­riləcəyi iddia olunur. 

Başqa sözlə desək, Ermənis­tandakı Azərbaycan anklavlarının qaytarılmasının ermənilər üçün həm təhlükəsizlik, həm də sosial baxımdan ciddi problemlərə yol açacağı bildirilir. Məhz bu iki amil­dən çıxış edən erməni siyasət­çiləri həmin anklavların Azər­baycana qaytarılmasının “riskli” olduğu qənaətindədir: “Bu kənd­lər Azərbaycana yalnız o halda verilə bilər ki, “Azərbaycandakı erməni anklavı” da İrəvana qay­tarılmış olsun. “Azərbaycandakı erməni anklavı” dedikdə erməni politolqoları öz dillərində Artsva­şen adlandırdıqları kəndi nəzər­də tutur ki, ölkəmizdə bu kənd Başkənd adı ilə məlumdur və Gədəbəy rayonu ərazisindədir. Ermənistanın məsələni bu şəkil­də qoyması müharibəni uduzmuş terror dövlətinin bu gün də ölkə­mizə qarşı ərazi iddiasında oldu­ğunu, xam xəyalların arxasınca düşdüyünü göstərir.

Ən böyük anklav Ermənistanın özüdür

2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra anklavlar məsələsi yenidən, daha əhatəli şəkildə gündəmə gəlib ki, bu da rəsmi Bakının prinsipal mövqe­yi ilə bağlıdır. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, bir qarış torpağının belə Ermənistan işğalı altında qalması ilə barışmayacaq və həmin ərazilərin geri qaytarıl­masına nail olacaq. 

44 günlük Vətən müharibə­sindən sonra “dəmir yumruğun” nəyə qadir olduğunu yaxşı anla­yan ermənilər Azərbaycanın gec-tez anklavlar məsələsində də istəyinə nail olacağını yaxşı başa düşür. Məhz elə bu səbədən də öncədən “Azərbaycanda erməni anklavı” kimi süni əngəllər yarat­mağa, problemin həllini uzatma­ğa çalışırlar. Halbuki, Azərbay­canda heç bir erməni anklavının mövcud olmadığı tarixçilərə də, siyasətçilərə də yaxşı məlumdur. 

Əslində, Azərbaycanın Ha­yastandakı ən böyük anklavı elə Ermənistanın özüdür. Çünki bu dövlət paytaxt İrəvan şəhəri daxil, bütövlükdə tarixi Azərbaycan tor­paqları üzərində yaradılıb. Bu isə o deməkdir ki, Azərbaycan İrə­vandan anklavlarını tam şəkildə tələb etsə, o zaman dünyadakı bütün ermənilər əvvəlki əsrlərdə olduğu kimi yenə vətənsiz qala­caqlar.

Seymur ƏLİYEV, “Xalq qəzeti”

Siyasət