Qarabağ məsələsi və reallıqla bağlı müəmmalı fikirlər

post-img

“44 günlük Qarabağ müharibəsindən sonra Azərbaycan eyforiya içindədir və bundan da artığını əldə etməyə çalışır”. Bunu dünən Ermənistan baş naziri Nikol Paşinyan ölkə parlamentindəki çıxışı zamanı deyib. Əlbəttə, Nikol yenə anti-Azərbaycan ritorikasını işə salıb. Yəni, həm də ilk baxışdan görünən budur. Görünən həm də odur ki, Paşinyan Ermənistanın, haqqında söz açdığı 44 günlük müharibənin yekunlarına əsasən, üzərinə götürdüyü öhdəlikləri unudur və onlara riayət edilməsinin vacibliyini bir kənara qoyur, yeni reallıqlar formalaşdırmağa çalışır. 

Ancaq, gəlin, onun söylədiklərinə başqa rakurs­dan yanaşaq. Paşinyan çıxışında, bütövlükdə, ermə­ni cəmiyyətinin xəstə təxəyyülünə qarşı alternativ yol irəli sürür və müəyyən mənada subliminal mesaj ver­məklə, ölkənin ayrı-ayrı revanşist dairələrini ayıltmaq yolunu tutur. Nikolun təbirincə desək, Azərbaycan ar­tığına nail olmaq istəyirsə, deməli, onun bu gün istə­diyini verib məsələni bağlamaq lazımdır. 

Qeyd edək ki, Nikol oxşar taktikadan əvvəllər də istifadə edib, lakin xəstə cəmiyyət adekvat reaksiya verməyib, onu satqınlıqda, xəyanətdə günahlandırıb. Paşinyan isə təpkidən qorxaraq, cəmiyyətdən gələn ambisioz çağırışları hansısa formada reallığa çevir­məyə çalışıb. Buna nail olmağı bacarmayıb. Nəticə isə göz önündədir. İrəvan Azərbaycanla sülh prosesi­ni dalana dirəmiş ampluadadır.

Bəli, Nikol çıxışında subliminal mesaj verir. Onun sözlərinə görə, beynəlxalq vəziyyət Azərbaycanın daha artığına nail olmasına imkan yaradır: “Çünki Azərbaycan enerji və ya logistika kəsişməsinə çev­rilib və onun həm Rusiya, həm də Qərb ölkələri üçün əhəmiyyəti artıb”. 

Öz aramızdır, Paşinyan ölkəsindəki əbləhləri yola gətirmək üçün başqa nə deməlidir ki? Hər şeyi açıq­layır. Bir daha bildirək ki, belə görünür. O, dildə an­ti-Azərbaycan motivə köklənən şablonları ilə, başlıca olaraq, daxili ictimai rəyi yumşaltmaq yolunu tutur. Bunu Bakı ilə rəqabətin mənasızlığı eyhamını da vur­maqla edir. 

Paşinyan onu da bildirir ki, ölkəsi Azərbaycanla tezliklə sülhə gəlməyə, ürəkdən çalışır. Onun söz­lərinə görə, hər iki dövlət qarşılıqlı olaraq ərazi bü­tövlüyünü tanıyarsa və bir-birinə ərazi iddiaları irəli sürməməyi öhdəsinə götürərsə, sülh müqaviləsinin imzalanması reallaşacaq. Nikol bu baxımdan Soçidə və Praqada Azərbaycan Prezidenti ilə əldə etdiyi razı­laşmaları da yada salır: “Mən təsdiq etmək istəyirəm ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanı­yır və biz Ermənistan SSR-in bütün ərazisini Ermə­nistan Respublikası kimi tanımaqla, Azərbaycanın da eyni addımı atmasını gözləyirik”.

Bu yerdə Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin martında Novruz bayramı münasibətilə xalqa müraciətindəki bir məqamı xatırlayaq: “Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün bir şərt var – bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır”.

Göründüyü kimi, Azərbaycan Prezidentinin söylə­dikləri kifayət qədər sadə məntiqə əsaslanır. Ancaq Ermənistan hökumətinin bir neçə gün öncə açıqlan­mış hesabatında Qarabağ ermənilərinin hüquq və azadlıqları, Xankəndi-Bakı dialoqunun beynəlxalq mexanizmləri kimi sərsəm fikirlər yer almaqdadır. Belə olan halda sual yaranır: Paşinyanın Ermənistan hökumətinə dəxli yoxdur? 

Var! Nikol dünənki çıxışında münasibətlərdəki ziddiyyətli məqamların üzərinə gəlməsi ilə də diqqət çəkməkdədir. Nəzərə alaq ki, çətinlik, eyni zamanda, dövlətimizin başçısının Qarabağın Azərbaycan ərazi­si kimi rəsmən tanınmasının vacibliyini bildirməsinin qarşı tərəfdə yetərincə dərk edilməməsi ilə əlaqədar­dır. Paşinyanın sözlərinə görə, İrəvan təklif edir ki, Ermənistan və Azərbaycan SSR-in Sovet İttifaqında tərtib edilmiş xəritələri ölkələrin ərazi bütövlüyünün əsası kimi gələcək sülh müqaviləsinə əlavə olunsun: “Lakin burada ən çətin məsələ Dağlıq Qarabağdır”, – deyən Nikol bildirir ki, Qarabağ münaqişəsinin bütün dövrü ərzində öz müqəddəratını təyinetmə hüququ və ərazi bütövlüyü prinsipləri “yan-yana dayanıb”. 

Ermənistan baş naziri, əslində, agah edir ki, hazır­kı şəraitdə Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququndan danışmaq mənasızdır. Həm də ona görə ki, dünya Ermənistanı 29 min kvadrat­kilometr ərazidə tanıyır. “Əgər siz öz müqəddəratını təyinetmə məsələsini qaldırırsınızsa, bu, “ərazinin bir hissəsini” nəzərdə tutur”, –deyən Paşinyan vaxtilə “qəbuledilməz fəlsəfə” ortaya qoyulduğunu, nəticə­də həm erməni cəmiyyətinin və dövlətinin, həm də Qarabağ ermənilərinin aldadıldığına diqqət çəkir. Tə­sadüfi deyil ki, o, Ermənistana və regiona sülhün 29 min kvadratkilometr ərazi ilə kifayətləniləcəyi təqdirdə gələcəyini vurğulayır. Nikolun sözlərinə görə, məhz bu ərazi Ermənistanındır və bunun qəbul edilməsi ölkənin heç bir ölkəyə ərazi iddiasının olmadığının təsdiqidir. Əgər bu olmasa, Paşinyan hesab edir ki, o zaman Ermənistanın inkişafına heç kim imkan ver­məyəcək. Çünki sülhə nail olmaq dörd qonşu dövlətlə normal münasibət qurmaq lazımdır. Erməni baş nazir qeyd edib ki, Gürcüstan və İran məsələsində problem yoxdur. Əgər söhbət əməkdaşlığın daha da dərinləş­dirilməsindən gedirsə, Türkiyə və Azərbaycanla mü­nasibətlər də normallaşdırılmalıdır.

Deməli, başlıca məqam Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşmasıdır. Ancaq belə təəssürat yaranır ki, bunu Ermənistan cəmiyyətində Paşinyandan başqa heç kəs anlamaq istəmir. Digər tərəfdən, Nikolun özünün də sabit xa­rakteri yoxdur. O, reallıqları kifayət qədər görsə də, kənar təsirlərin nəticəsində qətiyyətli mövqe tuta bil­mir. Elə bunun özü də Ermənistan üçün növbəti iflas perspektivini doğuran kifayət qədər ciddi səbəbdir. 

Əvəz CAHANGİROĞLU, “Xalq qəzeti”

Siyasət