Paşinyanın anti-Azərbaycan ritorikası davam edir

post-img

Ermənistan Azərbaycana qarşı qərəzindən, Qarabağ avantürasından əl çəkmir, ümumən, sülhə gəlmək istəmir. Ölkə hökuməti hesabatının ayrı-ayrı müddəaları da bunu təsdiqləməkdədir. 

Baş nazir Nikol Paşinyan hökumətinin 2022-ci il üçün proqramının icrasına dair hesabatında Azərbaycanla danışıqlar prosesinin istiqamətləri sadalanır ki, burada gündəmi təşkil edən normal­laşma, kommunikasiyaların açılması, sərhədlə­rin delimitasiyası və demarkasiyası, humanitar məsələlər kimi artıq şablona çevrilmiş məqamlarla yanaşı, Qarabağ münaqişəsinin həllinin vacibliyi vurğulanıb. Sual olunur: məgər münaqişə həllini tapmayıb? 

Azərbaycanın mövqeyi belədir ki, Qarabağ münaqişəsi ölkəmizin 44 günlük müharibədəki Zəfəri ilə həll olunub. Yəni, ölkəmiz güc yolu ilə problemin aradan qalxmasına nail olub. Ancaq İrəvan Qarabağ erməniləri ilə bağlı məsələni qa­bartmaqla, sanki, reallığı inkar yolu tutur, ən pisi isə budur ki, Xankəndi-Bakı dialoqu kimi səfeh məntiqi ortaya atır. 

Məlumdur ki, Qarabağ ermənilərinin hüquq və azadlığı məsələsi Azərbaycanın daxili işidir və dövlətimiz respublikamızda yaşayan digər az­saylı xalqlar kimi, erməni əhalisinin də hüquq və azadlıqlarına təminat verir. Bakı dəfələrlə bunun­la bağlı niyyətini ortaya qoyub. Ancaq fakt budur ki, Qarabağ ermənilərinin reinteqrasiyasına əngəl törədən, mövcud istiqamətlərdəki təkliflərə reaksi­ya verməyən, çağırışlara məhəl qoymayan rəsmi İrəvan və onun dəstəklədiyi Qarabağdakı separat­çı rejimdir. 

Azərbaycan və Ermənistan liderlərinin, elə­cə də müxtəlif səviyyəli rəsmilərin təmaslarının statistikasının əksini tapdığı hesabatda Bakı ilə Xankəndi arasında beynəlxalq müzakirə mexa­nizminin formalaşmasının zəruriliyi kimi avantü­rist baxışa söykənilir, mövcud xüsusda Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının həlli üçün xaricdən veriləcək zəmanətdən danışılır. Bu isə ölkəmiz üçün qəbuledilməzdir. Heç bir halda Qarabağ erməniləri ilə bağlı məqam Azərbaycan­la Ermənistan arasındakı sülh müqaviləsində yer ala bilməz. Habelə hansısa digər tərəfin mövcud istiqamətdə zəmanət tərəfi kimi çıxış etməsi müm­künsüzdür. Hər halda dövlətimizin mövqeyi bun­dan ibarətdir və dəfələrlə də açıqlanıb. 

Azərbaycan və Ermənistanın BMT Nizam­naməsinin müddəalarına və 1991-ci il Alma-Ata Bə­yannaməsinə uyğun olaraq, bir-birinin ərazi bütöv­lüyünü və suverenliyini tanıdıqlarının vurğulandığı hesabatda qeyd olunur ki, Bakı, guya, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 8-ci bəndinə zidd olaraq, Ermənistan vətəndaşlarını əsirlikdə saxla­yıb. Ancaq belə deyil. Çünki həmin şəxslər sərhə­di qeyri-qanuni keçiblər, ən əsası isə Azərbaycan ərazisində təxribat törətmək niyyəti güdüblər, faktiki olaraq, cinayətkar fəaliyyət gerçəkləşdirməyə cəhd göstəriblər. Yəni Azərbaycan hərbçiləri kimi, yolu azıb Ermənistan tərəfə keçməyiblər. Halbuki, İrə­vanın əsgərlərimizi cinayətkar kimi qələmə verdiyi göz önündədir. Nəzərə alaq ki, hesabatda istinad edilən üçtərəfli Bəyanatın müddəaları məhz İrəvan tərəfindən yerinə yetirilmir. Qarabağda qeyri-qanuni erməni hərbi birləşmələri qalır. 

Ermənistanın Avropa İnsan Hüquqları Məh­kəməsinə Azərbaycana qarşı dörd iddiasından söz açılmış hesabatda, konkret olaraq, irqi ay­rı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı Bey­nəlxalq Ədalət Məhkəməsinə ünvanlanmış şikayət üzərində dayanılıb. Təsəvvür edin ki, Paşinyan administrasiyası ermənilərin azərbaycanlılara qarşı bəslədikləri bütün qəzəb hislərini kağıza kö­çürərək, azərbaycanlıların ermənilərə nifrəti adı ilə məhkəmə müstəvisinə daşıyıb. Həyasızlıq olar, ta bu qədəri yox! 

Guya, Azərbaycanda ermənifobiya mövcuddur. Tarix boyu türklərdən qorxan və qorxduqları üçün də mənfur xislətlərinin diktə etdiyi hər cür yaramazlıq­lara yol verən ermənilər olublar. İndi də qorxduqları üçün yer qalmayıb üz tutmasınlar, durub Azərbay­canı ittiham edirlər! Tarixi saxtalaşdıran bunlardır, iddialarına bax ki, öz əməllərini üstümüzə yıxırlar. Etnik təmizləmə, deportasiya siyasəti yeridənlər er­mənilər ola-ola, Paşinyanın hüquqşünasları ölkəmi­zin, guya, bunu reallaşdırdığını car çəkirlər. 

Hesabatda Azərbaycan-Ermənistan mü­naqişəsinin nizamlanması fonunda Ermənistanın üzvü olduğu Kollektiv Təhlükəzilik Müqaviləsi Təş­kilatından da narazılıq ifadə olunub. Bildirilib ki, qurum ötən ilin sentyabrında Azərbaycanın təca­vüzünə göz yumub. “2022-ci il sentyabrın 13-də KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbə­dənkənar iclası keçirilib. Bundan sonra qurumun Birgə Qərargahının əməliyyat qrupu monitorinq aparmaq üçün Ermənistana gəlib. 2022-ci il no­yabrın 23-də İrəvanda KTMT Kollektiv Təhlükə­sizlik Şurasının iclası keçirilib və bu iclasda Ermə­nistan tərəfi Azərbaycanın Ermənistanın suveren ərazisinə təcavüzü ilə bağlı təşkilatdan proporsio­nal reaksiyasının olmadığını vurğulayıb. 

Ermənistan tərəfi qeyd edib ki, sessiya zamanı imzalanmaq üçün təqdim olunmuş “KTMT-nin Kol­lektiv Təhlükəsizlik Şurasının Bəyannaməsi” və “Ermənistana yardım göstərilməsi üzrə birgə təd­birlər haqqında” layihələrində Ermənistana qarşı təcavüzə aydın siyasi qiymət verilmir və təcavü­zün nəticələrini aradan qaldırmaq üçün fəaliyyət göstərilmir” kimi fikirlərin yer aldığı hesabatda bir sıra KTMT üzvlərinin mövqelərinin qeyri-müəy­yənliyi səbəbindən qurumun məsuliyyət sahəsinin aydınlaşdırılması zərurətinin yarandığı önə çəkilib. 

Göründüyü kimi, Ermənistan hökumətinin hesabatı ölkənin anti-Azərbaycan mahiyyətini, mövcud xüsusda sülhdən yayınmaq cəhdlərini tamamilə vurğulamağa söykənmiş sənəddir. Bu yanaşma, heç şübhəsiz, konstruktiv deyil və prob­lemlər yaradacaq. 

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

Siyasət