Brüssel Azərbaycan Evi beynəlxalq birlikdən Ermənistanı cəzalandırmağı tələb edib

post-img

Belçikada fəaliyyət göstərən Brüssel Azərbaycan Evi bir neçə gün əvvəl Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinə işgəncə verilməsini kəskin pisləyib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Brüssel Azərbaycan Evinin beynəlxalq təşkilatlara ünvanladığı bəyanatda Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlunun və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Ermənistanda əsir düşmələrinin səbəbi barədə məlumat verilib.

Azərbaycan hərbçilərinə işgəncə verilməsi, onlarla qeyri-insani rəftar edilməsi Ermənistanın mühüm beynəlxalq aktlar, o cümlədən Cenevrə Konvensiyası üzrə öhdəliklərini yerinə yetirmədiyini göstərdiyi qeyd edilib.

Diqqətə çatdırılıb ki, müvafiq beynəlxalq təşkilatlar təkcə bu zorakılığı deyil, həm də Ermənistan tərəfindən son 30 ildən artıq müddət ərzində azərbaycanlı mülki və hərbi əsirlərə, itkin düşmüş 3890 nəfər azərbaycanlıya qarşı zorakılıq aktlarını araşdırmalı və lazımi qiymət verməlidir.

Brüssel Azərbaycan Evi beynəlxalq təşkilatları Ermənistan hökumətinin və bu cinayəti törətmiş şəxslərin hərəkətlərinə hüquqi qiymət verməyə, Ermənistandan beynəlxalq hüquq üzrə öhdəliklərini yerinə yetirməyi tələb etməyə, azərbaycanlı hərbi qulluqçuların dərhal və qeyd-şərtsiz azad olunmasını təmin etməyə çağırıb.

Siyasət