Sahib Alıyev: Bayrağımızın yandırılması Azərbaycana qarşı dövlət səviyyəsində yürüdülən nifrət siyasətinin təsdiqidir

post-img

İrəvanda ağır atletika üzrə Avropa çempionatında Azərbaycan bayrağının yandırılması əvvəlcədən planlaşdırılıb və açılış şousunun tərkib hissəsi olub. Çünki bayrağı yandıran Aram Nikolyan həmin şounun stilistidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib.

Deputat bildirib ki, Aram Nikolyana qarşı Azərbaycan Cinayət Məcəlləsinin 324-cü maddəsi üzrə iş açılmalıdır. Bu terrorçu geni gəzdirən şəxsin Beynəlxalq Dizaynerlər Assosiasiyasınından qovulması məsələsi qaldırmalıdır.

“Ermənistanda bayrağımızın yandırılması orada Azərbaycana qarşı dövlət səviyyəsində yürüdülən nifrət siyasətinin, bu ölkədə irqçiliyin və ksenofobiyanın necə yüksək səviyyədə olmasının növbəti təsdiqidir. Belə bir vandallıq aktından sonra Ermənistanda hər hansı beynəlxalq tədbirin və yarışın keçirilməsi irqçiliyə, ksenofobiyaya dəstək anlamı daşıyacaq. Ona görə də mən beynəlxalq qurumları və idman federasiyalarını baş verənlərə ciddi yanaşmağa, Ermənistanda bu qəbildən olan hər hansı yarış və tədbirin keçirilməsinə qadağa qoymağa çağırıram”, - deyə Sahib Alıyev vurğulayıb.

Deputat, həmçinin idmançılarımızın Avropa çempionatında iştirak etmədən Vətənə dönmələri haqqında verilən qərarı yüksək qiymətləndirib.

Siyasət