Bakı–Təl-Əviv: dostluğun yeni üfüqləri

post-img

Yəhudilərlə azərbaycanlılar arasında əlaqələr hər zaman, ta­riximizin bütün dövrlərində çox yaxşı olub və yəhudilər əsrlərdir ki, Azərbaycanda yaşayırlar. Bu, onların evidir, onlar burada özlə­rini evlərindəki kimi hiss edirlər və ölkəmizi gücləndirmək üçün çox işlər görürlər. Bu, Azərbay­can Rusiya imperiyasının tərkib hissəsi olanda da, Sovet İttifaqı dövründə də belə olub, indi də – müstəqillik dövründə də belədir. Azərbaycanda yaşayan bütün xalqlar arasındakı əlaqələr mul­tikulturalizmin, qarşılıqlı hörmə­tin, bir-birinin ənənələrinə və di­ninə hörmətin bariz nümunəsidir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Diplomatik münasibətlərimizin 31 illiyi münasibətilə qələmə aldığımız yazının sərlövhəsində ölkəmizdə yəhudi dilli qəzetlərin nəşr olunduğunu xatırlatmağımız təsadüfi deyil. Çünki bizim İsraillə dostluq, tərəfdaşlıq etməyimizi, orada səfirlik açmağımızı qısqanclıqla qəbul edən, hətta bu faktdan qəzəblənən İran İslam Respublikasında yaşayan 40 milyonadək olan soydaşımıza ana dili, demək olar ki, yasaq edilib. Azərbaycanda isə rus, yəhudi, ləzgi, talış, kürd dillərində mətbuat vasitələri fəaliyyət göstərir. Ona görə də Azərbaycanın dost və tərəfdaşlıarı çoxaldıqca, Ermənistan və İran meydanda təklənir. 

Yeri gəlmişkən, bizim yəhudi xalqına və İsrail dövlətinə olan hörmət və ehtira­mımız qarşı tərəfdən də ən ali səviyyədə qiymətləndirilir və anoloji addımlar atı­lır. Rəsmi Təl-Əviv Azərbaycanın dövlət müstəqilliyini bu müstəqillik elan ediləndən təxminən iki ay sonra tanımışdır. Sonrakı il aprelin 7-də isə ölkələrimiz arasında dip­lomatik münasibətlər yaranmışdır. Azər­baycan Prezidenti İlham Əliyev 2016-cı il yanvarın 21-də İsveçrədə keçirilən Davos İqtisadi Forumu çərçivəsində İsrail Dövlə­tinin baş Naziri Benyamin Netanyahu ilə görüşmüş və onu ölkəmizə dəvət etmiş­di. Həmin ilin sonunda cənab Netanyahu Azərbaycanda işgüzar səfərdə olmuşdur. Beləliklə, qarşılıqlı səfərlər və müntəzəm xarakter alan təmaslar ölkələrimiz arasın­dakı siyasi-diplomatik münasibətlərin bu­günkü səviyyəsini formalaşdırmışdır. 

İsrail mətbuatı yazır ki, bu gün Azər­baycanda yəhudilərin iyirmiyə yaxın icti­mai-mədəni və xeyriyyə təşkilatı fəaliyyət göstərir. Buna “Yəhudi evi”, “Azərbaycan –İsrail” Cəmiyyəti, Azərbaycan Yəhudi Qadınlar Assosiasiyası, “Yəhudi Mədəniy­yət Mərkəzi”, “Soxnut” Beynəlxalq Yəhudi Təşkilatının Azərbaycan bölməsi və digər­lərini misal göstərmək olar. Dövlət başçı­mız dəfələrlə xatırlatmışdır ki, öz dininə və ənənələrinə hörmət, qonşunun, dostunun, vətəndaşının dininə və ənənələrinə olan hörmətdən başlayır.

Təkcə Azərbaycan – İsrail münasibət­lərində deyil, ümumiyyətlə, ölkələrarası ikitərəfli münasibətlərin inkişaf etdirilmə­sində diaspor təşkilatlarının böyük rolu vardır. Etiraf edək ki, bu baxımdan İsrail dövlətinin bəxti gətirmişdir. Çünki bizim ölkəmizdəki yəhudi icması Azərbaycanda ən fəal icmalardan biridir. Azərbaycanda 3 Yəhudi İcması mövcuddur: əsasən Quba (Qırmızı Qəsəbə) və Bakıda yaşayan dağ yəhudiləri, əsasən, Bakı və Sumqayıtda yaşayan yəhudi aşkenazlar, Gürcüstanla sərhəddə yaşayan Gürcüstan yəhudiləri.

Ölkəmizin Təl-Əvivdə səfirliyi açıldığı günlərdə Azərbaycan – İsrail əməkdaşlı­ğının müasir səviyyəsini özündə əks et­dirən qəzet materialı hazırladığıma görə, bu sətirləri qələmə alarkən ölkələrimiz və xalqlarımız arasındakı mədəni əlaqələr barədə nə isə söyləmək istədim. Bu məqsədlə bəzi mənbələrə və əvvəlki illə­rin mətbuat vasitələrində verilmiş yazılara da diqqət etdim. Öyrəndim ki, Azərbay­canda “Soxnut” yəhudi agentliyi, “Coynt” və “Vaad-L-Xetzola” komitələri yəhudi adət-ənənələrinin qorunması və saxlanıl­ması ilə məşğul olurlar. Həmçinin yəhudi icmasının mədəni mərkəzi, “Yeva” Qadın Cəmiyyəti, “Hesed-Qerşon” Xeyriyyə Cə­miyyəti, “Alef”, “Kilel” gənclər klubu, “Miş­paxa” videoklubu, yəhudi dini məktəbləri – ieşivlər, “Xabad Or-Avner” orta məktəbi fəaliyyət göstərir.

Ekspertlər yazırlar ki, Bakıda 2003-cü ildə açılmış sinaqoq Avropada ən böyük sinaqoqlardan biri sayılır. Quba rayonu­nun Qırmızı Qəsəbə kəndində sinaqoq və dini ayinləri icra etmək üçün mikva möv­cuddur. Bundan başqa, yazının əvvəlində də qeyd etdiyimiz kimi, ölkəmizdə “Az-İz”, “Qüllə” və “Amişav” kimi yəhudi dilində qə­zetlər nəşr olunur.

O ki qaldı, dost ölkədə səfirliyimizin açılması məsələsinə, mütəxəssislərin fikrincə, bu fakt ikitərəfli münasibətlərin inkişafına xüsusi töhfə verəcək. Çünki həm İsrail dövləti, həm də Azərbaycan bu əməkdaşlıqda səmimidir. Səmimiyyət, inam və etimad faktları bizim üçün olduq­ca böyük önəm kəsb edir. Çünki uzun illər inanıb etibar etdiyimiz bəzi ölkələrdən, sö­zün həqiqi mənasında, qeyri-səmimi mü­nasibətlər görməyimiz bizi kifayət qədər mütəəssir etmişdir. İsrail kimi sədaqətli dost və tərəfdaşdan gördüyümüz səmi­miyyətdən isə həmişə məmnun olmuşuq.

Sonda bir daha xatırladaq ki, Azər­baycan Prezidenti İlham Əliyev ötən il dekabrın 29-da Benyamin Netanyahuya İsral Dövlətinin Baş naziri kimi fəaliyyətə başlaması münasibətilə göndərdiyi təbrik məktubunda deyilirdi ki, biz tarixən dost­luq və qarşılıqlı anlaşma şəraitində ya­şamış xalqlarımızın iradəsindən qaynaq­lanan Azərbaycan–İsrail münasibətlərinə xüsusi əhəmiyyət veririk: “Bu ilin noyab­rında Azərbaycanın İsraildə Səfirliyinin təsis edilməsi barədə qərar qəbul edilmiş­dir. Ümidvaram ki, səfirliyimizin açılması Azərbaycan–İsrail münasibətlərinin inki­şafına töhfə verəcəkdir. Əminəm ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında əlaqələrin dərinləşdi­rilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”.

O ki qaldı, bizim İsrail dövləti ilə müna­sibətlərimizin gündən-günə yeni zirvələr fəth etməsindən təlaş keçirənlərə, həmin ünvanlara xatırlatmalı amillər çoxdur. Bu kiçik yazıda onların hamısını xatırlada bil­məsək də, bir neçəsini yada salırıq: Birin­ci. Azərbaycanın öz tarixi ərazilərini bərpa etmək üçün apardığı otuz illik mübarizə dövründə cənub qonşumuzdan gördüyü­müz münasibətlər həmişə saxta, riyakar, ikiüzlü və qeyri-səmimi olub. İsrailin bizə münasibəti isə həmişə səmimi, açıq, ina­nılmış və etibar ediləcək səviyyədədir.

İkinci. İran İslam Respublikası onlarca məscidimizi dağıdıb, qalan iki məsciddə isə donuz saxlayan İslam düşmənlərinə silah-sursat, yanacaq verəndə, İsrail Azər­baycanın haqq işini dəstəkləyirdi. 

Üçüncü. İşğal altında olan əraziləri­mizin varidatı talan edilərək İrana daşı­nanda, İsrail Azərbaycana maddi-texniki yardım göstərirdi. 

Bütün bunlar sübut edir ki, Azərbaycan öz dost və tərəfdaşlarını seçəndə daim obyektivlik, ədalət, halallıq prinsiplərini əsas götürür. Ona görə də halallığı yaxına buraxmayanlar bizdən dostluq ummasın­lar. 

 

İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

Siyasət