Rusiya–İran yaxınlaşması: qlobal risklər və mənafelər

post-img

Rusiya ilə İran yaxınlaşmaqdadır. Hazırkı şəraitdə, belə demək mümkünsə, əzəli düşmənlər dosta çevrilirlər. Yaxud, ortada “zorən nikahın” da olduğunu söyləyə bilərik. Əslində, mürəkkəb situasiya yaranıb və onun təsiri, heç şübhəsiz, yaşadığımız Cənubi Qafqaz siyasi akvatoriyası baxımından da aktualdır. Nəzərə alaq ki, Azərbaycan–İran münasibətləri gərginləşməkdədir. Bəzən elə təəssürat yaranır ki, fars molla rejimi ölkəmizə qarşı hərbi əməliyyatlara başlaya bilər. Mövcud xüsusda İran-Ermənistan əlaqələrinin artan dinamikası hərəkətverici faktor rolunda çıxış etməkdədir. Onu da nəzərə alaq ki, hazırda Rusiya–Ermənistan münasibətlərində də gərginlik hökm sürməkdədir. 

Bəli, Moskva–Tehran yaxınlaşması, məhz belə bir ziddiyyətlərlə dolu durum­da, maraq yaratmaqdadır. Yaxınlaşmanın nə dərəcədə səmimi olduğu məsələsi də, həmçinin. Əlbəttə, diqqətə çatdıracağı­mız bu təhlildə vurğu Rusiya–İran müna­sibətləri baxımından qlobal Qərb faktoru üzərinə qoyulub. Yəni, Cənubi Qafqaz, o cümlədən Azərbaycan seqmenti əsas götürülməyib. Bununla belə, ayrı-ayrı məqamların ölkəmizə də təsiri aktualdır.

Beləliklə, ABŞ-ın nüfuzlu beyin mərkəzlərindən olan Yaxın Şərq İnstitutu Ukraynada müharibə başlanandan bəri Rusiya və İran arasında münasibətlərin necə dəyişdiyinə dair araşdırmasını dərc edib. Bununla bağlı “haqqin.az” saytında məqalə yayımlanıb. Araşdırma müəllif­lərinin fikrincə, təhlükəsizlik və müdafiə sferası Moskva ilə Tehran arasında mü­nasibətlərdə əsas istiqamət olsa da, bir çox yeni əməkdaşlıq sahələri də var.

Maraqlıdır ki, Rusiyanın yenicə təs­diq edilmiş xarici siyasət konsepsiyasın­da İranla münasibətlərin gələcəyinə dair müəyyən eyhamlar yer alıb. Analitiklə­rin fikrincə, sənəd Kreml üçün Tehranı müsəlman dünyası ölkələri sırasında bi­rinci yerdə qərarlaşdırır. Bu isə Moksva­nın molla rejimi ilə tammiqyaslı və etibarlı əməkdaşlığının inkişafını tələb edir.

Araşdırmada qeyd edilir ki, Moskva və Tehran bir neçə cəbhədə əməkdaşlıq aparırlar. Onlar ikitərəfli ticarəti və biz­nesi asanlaşdırır, tranzit marşrutlarının tamamlanmasını sürətləndirirlər. Burada söhbət, həmçinin Şimal–Cənub Bey­nəlxalq Nəqliyyat Dəhlizi və onun Xəzər komponentindən gedir. Eyni zamanda əməkdaşlığa bank sistemlərinin birləş­dirilməsi, maliyyə əməliyyatlarının asan­laşdırılması da daxildir ki, bütün bunlar beynəlxalq sanksiyalardan qorunmaq və çoxtərəfli çərçivəni Qərb institutlarının tə­sirindən kənarda gücləndirmək məqsədi daşımaqdadır.

Bütün mümkün riskləri və xərclə­ri nəzərə alaraq, Moskvanı və Tehranı ikitərəfli münasibətlərin möhkəmlən­məsinə sərmayə qoymağa vadar edən geniş səbəblər nədən, yaxud nələrdən ibarətdir? Təhlil müəllifləri maraqların toqquşması və rəqabət müstəvisində ölkələr arasında yeni fazaya qədəm qoy­maqda olan əməkdaşlığın pozulmasının mümkünlüyünü, Qərbin əks həmlələrini diqqətə alırlar. Onların fikrincə, işbirliyi­nin əsasında iki avtoritar dövlətin xarici və daxili təzyiqləri dərk etməsi dayanır, aktuallıq da elə bundadır. Hər iki ölkə Qərbə, ən azı, iki səbəbə görə ümumi təhlükə kimi baxır. Birincisi, Moskva və Tehran Qərb dövlətlərinin onların bey­nəlxalq müstəvidə fəaliyyət azadlığını və əsas təhlükəsizlik maraqlarını qorumaq imkanlarını məhdudlaşdırdığı qənaətin­dədirlər. İkincisi, hər iki ölkə Qərbi dövlət hakimiyyətinə qarşı yönəlmiş daxildəki etiraz aksiyalarının dəstəkçisi qismində görür. Konkret desək, Qərbi Rusiyada və İranda rejim dəyişikliyinə çalışmaqda ittiham edirlər. 

***

Bəli, Rusiya və İran arasında yaran­mış “strateji simpatiya” hissi əsas birləş­dirici amildir. Ancaq Tehran rejimi daxi­lində Moskvanın etibarlı strateji tərəfdaş kimi dəyəri və etibarı ilə bağlı fikir ayrı­lıqları mövcuddur. Bu təmayülün yaxın gələcəkdə aradan qalxma ehtimalı azdır. Qərb dövlətləri isə mövcud vəziyyəti bilir, ondan yararlanmağa çalışırlar və gələ­cəkdə də buna yönələn səylərini davam etdirəcəkləri şübhəsizdir. 

Yaxın Şərq İnstitutunun ekspertlə­ri hesab edirlər ki, Tehrandakı sərt xətt tərəfdarları üçün Moskva ilə daha sıx münasibətlərin mövcudluğu Qərbin regi­ona doğru yaxınlaşmasına qarşı etibarlı sığortadır. İranla Qərb arasındakı müna­sibətlərdə hər hansı yaxşılaşma ölkənin radikal düşərgəsi, o cümlədən, bir çox siyasi və iqtisadi maraqları olan İran İslam İnqilabı Keşikçiləri Korpusu (SE­PAH) üçün itkidir. İran rejiminin mötədil praqmatik qanadı, eləcə də ölkə ictima­iyyətinin əhəmiyyətli hissəsi isə əksinə, iqtisadi əməkdaşlıq məsələlərində Ru­siyanın heç də təbii müttəfiq və ya stra­teji tərəfdaş olmadığı qənaətindədir. Bu cinah əmindir ki, İranın beynəlxalq təc­rid və iqtisadi problemləri üçün yeganə çarə ABŞ-la birbaşa danışıqlar və ən azı, 2015-ci ilin nüvə sazişinin yenilənməsidir.

Amma mövcud parçalanmalara bax­mayaraq, habelə, sərt xətt tərəfdarlarının bütün vəsilələrə nəzarət etdiyini nəzərə alsaq, rejim daxilindəki balans Rusiyanın xeyrinə əyilib. Həm də ona görə ki, ölkə­nin ali dini rəhbəri Əli Xameneyinin nəzə­rində İran və Rusiya düşmən qarşısında özlərini müdafiə etmək üçün resursları birləşdirməli olan təbii müttəfiqlərə çevri­liblər. Deməli, həm Rusiya, həm də İran Qərbi bir nömrəli düşmən görürlər. 

Digər tərəfdən, Moskva və Tehran hesab edirlər ki, qarşılıqlı əməkdaşlığın olmaması hər iki dövlətə baha başa gələ bilər. Deməli, son dinamika həmişəkin­dən daha çox, ölkələri bir-birindən asılı vəziyyətə salıb. Belə düşünülür ki, Putin Rusiyasının hansısa uğursuzluğu İslam Respublikası üçün strateji itki olacaq, re­jim beynəlxalq səhnədə əsas dəstəkçisi­ni itirəcək. 

Başqa bir məqam da var. Təhlilçilə­rin bildirdiklərinə görə, molla teokratiyası Ukraynadakı müharibəni, eləcə də Rusi­yanın Qərblə dolayısı ilə qarşıdurmasını öz mövqelərini gücləndirmək fürsəti kimi görür. Əli Xameneyinin fikrincə, Tehran üzərinə düşən rolu yaxşı oynaya bilsə, o zaman Rusiyanın Ukrayna müharibəsi ilə genişlənəcək təhlükəsizlik çətiri İran üçün də yaşam təminatıdır. Təbii ki, bu halda Moskva müharibədən qalib ayrıl­malıdır. Ayrılmasa...

***

Öz növbəsində, Rusiya da İran reji­minin dağılmasını istəmir. Moskva he­sab edir ki, belə bir perspektiv yaşansa, Qərblə münaqişədə müttəfiqini itirəcək. Yəni, nə qədər ki, Tehranda anti-Amerika rejimi var, Kreml cənub cinahında özünü təhlükəsiz hiss edə bilər, özü də mini­mum xərclə. 

Beləliklə, ekspertlər bildirirlər ki, Mos­kva ilə Tehran arasında tamhüquqlu itti­faq yaratmaq üçün heç bir rəsmi öhdəlik olmasa da, dərin dövlət səviyyəsində bə­yan edilməmiş qarşılıqlı müdafiə məramı mövcuddur. Amma analitiklər Rusiya–İran strateji müttəfiqlik müqaviləsinin bağlanmasına mane olan səbəblərdən də söz açırlar. Mövcud anlamda ölkələrin enerji sektorunda maraqlarının toqquş­duğunu önə çəkirlər. 

Prezident Vladimir Putinin 2022-ci ilin iyulunda Tehrana səfəri zamanı Ru­siyanın “Qazprom” şirkəti ilə İranın Milli Neft Şirkəti (NIOC) arasında İranın neft və qaz sektorunun modernləşdirilməsinə dair 40 milyard dollarlıq müqavilə imza­lanıb. Lakin Tehranda bu razılaşmaya şübhə ilə yanaşan müəyyən qüvvələr var. Məsələn, İranın Ticarət Palatasının Enerji Komissiyasının sədri Həmid-Reza Salehi müqavilə bağlayan tərəflərin rəh­bərliyini tənqid edib. O, Moskvanın İrana öz qazını Avropa bazarlarına çıxarmaq üçün lazımi infrastrukturun qurulmasında faktiki yardım edəcəyinə şübhə ilə yana­şıb.

Əslində, Tehrandakı skeptiklər rus­ların rejimin neft və qaz layihələrinə sırf nəzarəti ələ keçirmək üçün sərmayə qoy­mağı öhdəsinə götürdüklərinə inanmaq­da haqlıdırlar. Çünki sözügedən müqavilə Rusiyaya İranın Avropa bazarına alterna­tiv neft və qaz təchizatçısına çevrilmə­si prosesini ləngitmək imkanı verəcək. Yaxın Şərq İnstitutunun analitikləri bildi­rirlər: “İran və Rusiya arasında rəqabətin aydın əlamətləri artıq görünür. Neft-qaz sənayesinin bəzi rəsmiləri hesab edirlər ki, Rusiya təhlükəsi ilə mübarizənin ye­ganə yolu Asiyada neft ixracı bazarlarını ələ keçirməkdir. İran Asiyada ruslara neft qiymətlərində endirimlər etməklə rəqabət aparmaq əvəzinə, Avropaya daha çox neft ixrac etməyi hədəfləməlidir”.

Bəli, hazırkı durumda, ali dini rəhbər Əli Xameneyinin özünün və SEPAH-ın yüksək rəhbərliyinin təmsil olunduğu bir qrup Rusiya ilə enerji sahəsində daha sıx əlaqələrin tərəfdarıdır və onlar Tehranın skeptiklərini uzaqgörən olmamaqda itti­ham edirlər. Bu cinahın fikrincə, Ukrayna­dakı müharibə Qərblə, o cümlədən Rusi­ya, Çin və İran kimi “qeyri-Qərb” ölkələri arasındakı savaşın xüsusi məqamıdır. Bu qütb, həmçinin belə qənaətdədir ki, Teh­ran qlobal orientasiya baxımından, daha böyük düşünməli, iqtisadi fayda taktika­sını Moskva ilə dərin siyasi əlaqələrdən üstün tutmamalıdır.

Yəni, araşdırma müəllifləri bu nəti­cəyə gəlirlər: Əli Xameneyi üçün Rusi­yanın Qərbdən uzunmüddətli uzaqlaşdı­rılması məhz ona görə vacibdir ki, onun fikrincə, bu, Qərbi daha da zəiflədəcək, nəticədə, İranın qeyri-Qərb dünyasındakı mövqeyi yüksələcək. Digər tərəfdən, Xa­meneyi hesab edir ki, Rusiyanın Qərb­dən ayrılması, birbaşa olaraq, İran İslam Respublikasının anti-Amerika siyasi mo­deli kimi sağ qalmasına köməkdir. 

Deməli, Xameneyi və SEPAH üçün Rusiyanın diplomatik dəstəklə, eləcə də milli təhlükəsizlik və hərbi sahədə fəal əməkdaşlıq vasitəsilə, kömək göstərə biləcəyi İslam Respublikasının ayaqda qalması, müvəqqəti iqtisadi faydalardan daha vacibdir. Bu cinah onu da yaxşı an­layır ki, artan təzyiqlər səbəbindən, Avro­panın neft və qaz bazarlarında Rusiyanın hökmranlığı qeyri-mümkün olacaqdır. 

***

Bəs Qərb Rusiya ilə İran arasında strateji yaxınlaşmanın qarşısını almaq üçün nə edə bilər? Amerikalı analitiklərin fikrincə, qısamüddətli perspektivdə ABŞ və Avropanın imkanları çox məhduddur. Qərb Rusiya və İrana sanksiyalarla təzyiq etdikcə, onlar “kollektiv cavab” platforma­sında inteqrasiyanı davam etdirirlər. 

Ortamüddətli perspektivdə isə Qərbin Rusiya–İran oxunun genişlənməsinə qar­şı çıxmaq üçün bir neçə yeni istiqaməti ola bilər. Birincisi, ABŞ bu məsələdə Çin­lə əməkdaşlıq etməlidir, çünki Pekinin Moskva ilə Tehranın yaxınlaşmasından məmnun olduğuna dair ciddi şübhələr var. 

İkincisi, Qərb İrana daha sərt və aydın hərbi-strateji siqnallar verməlidir. Mövcud xüsusda həlledici rolu NATO oynamalı­dır. Qurum intensiv fəaliyyəti ilə Tehranın təhlükəsizlik faydalarını minimuma endir­məli, onun Moskva ilə tərəfdaşlıq müna­sibətlərini əngəlləməlidir. 

Nəhayət, üçüncüsü, ABŞ İranın nüvə məsələsində Rusiya ilə texniki əməkdaş­lığını davam etdirməlidir. Nəzərə alaq ki, bu məsələ getdikcə aktuallaşır, çünki son təhlillər Moskvanın İranın nüvə proqramı ilə bağlı daha mülayim siyasi xətt yeritdi­yini göstərir. 

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

Siyasət