İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın mart sayına əsasən, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanın ümumi ixracı 4,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə isə ixrac 651,4 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin iki ayı ilə müqayisədə 36,6 faiz artıb.
Cari ilin yanvar–fevral ayları ərzində Türkiyəyə 273,9 milyon ABŞ dolları, Rusiya Federasiyasına 137,7 milyon ABŞ dolları, Gürcüstana 64,7 milyon ABŞ dolları, Qazaxıstana 19,4 milyon ABŞ dolları və İsveçrə Konfederasiyasına isə 19 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2023-cü ilin fevral ayının qeyri-neft ixracı 366,9 milyon ABŞ dolları təşkil edib. Hesabat ilinin fevral ayı ərzində yeyinti məhsulları üzrə ixrac 53,4 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 313,5 milyon ABŞ dollar səviyyəsinə yüksəlib.
Bu ilin fevral ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (167,2 milyon ABŞ dolları) birinci yerdə qərarlaşıb. Bu siyahıda Rusiya Federasiyası (69,6 milyon ABŞ dolları) ikinci və Gürcüstan isə (40,3 milyon ABŞ dolları) üçüncü sırada yer tutub.
“İxrac İcmalı”nda göstərilib ki, 2023-cü ilin mart ayında “Bir pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 17,5 milyon ABŞ dolları olub.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə “Azərenerji” ATSC başçılıq edir.
“Xalq qəzeti”