Mif və reallıq arasında: Böyük İskəndərin ölümünün elmi təhlili

post-img

Böyük Makedoniyalı İskəndər – tarix səhnəsində iz qoymuş ən qüdrətli sərkərdələrdən biri – eramızdan əvvəl 323-cü ilin iyun ayında, Babil şəhərində, Kral II Nebukadnezarın sarayında qəfil və müəmmalı şəkildə dünyasını dəyişdi. Ölümündən 13 gün öncəyə qədər tam sağlam olan İskəndər bir ziyafət zamanı qəfil şiddətli qarın ağrısı və yüksək hərarətlə yerə yıxıldı. Bu simptomlar zamanla ağırlaşaraq halsızlıq, su itkiləri, əzələ qıcolmaları, hissiyyat pozuntuları və qismən ifliclə müşahidə olunmağa başladı. Son günlərdə o, tamamilə şüurunu itirdi, nə danışa, nə də hərəkət edə bilirdi.

Ən maraqlısı isə ölümündən sonra baş verdi: cəsədinin üzərində heç bir çürümə əlaməti müşahidə olunmadı. Bu fakt qədim yunanlar arasında onun ilahi varlıq olduğuna dair inamı gücləndirsə də, sonrakı əsrlər boyu dünyanın maraqla araşdırdığı, lakin hələ də tam açıqlanmayan bir sirrə çevrildi. İskəndərin cəmi 32 yaşında və qəfil vəfatı zamanla tarixçilərin və alimlərin diqqət mərkəzinə düşdü. Bəzi qədim müəlliflər onun xəstəlikdən öldüyünü irəli sürsə də, çoxları – o cümlədən Plinius, Volter və Diodor – onu sui-qəsd nəticəsində zəhərləndiyini iddia etmişdi. Diodor yazırdı ki, “İskəndəri öldürmək cəhdi onun varislərinin gücü sayəsində gizlədildi”.

İskəndərin zəhərləndiyini düşünənlər zəhərin mənşəyi ilə bağlı da fərqli ehtimallar irəli sürüblər. Məsələn, II əsr Roma coğrafiyaşünası Pausanias “Stiks çayının ölümcül suyunun” bu məqsədlə istifadə olunduğunu yazmışdı. Bəzi müəlliflər isə zəhəri İskəndərin müəllimi Aristotelin verdiyini irəli sürsələr də, onun həmin dövrdə Afinada olması bu ehtimalı zəiflədir.

Maraqlıdır ki, Stiks çayı mifologiyada yeraltı dünyaya aid hadisələrlə assosiasiya olunur. Antik mənbələrə görə, ölənlərin ruhları Hadesə keçmək üçün bu çayı keçməliydi. Lakin müasir elmi araşdırmalar göstərir ki, “Stiks” adı ilə tanınan çay əfsanəvi deyil, reallıqda Yunanıstanın Korinf körfəzinə axan Karatis çayının bir qolu – Mavroneri ( “Qara Su”) ola bilər.

Stanford Universitetinin tanınmış tədqiqatçısı, klassik filologiya və elm tarixi üzrə mütəxəssis Adrien Mayerin son elmi məqaləsi bu əfsanənin gerçək zəhərlə əlaqəsini araşdırır. “Geoheritage” elmi jurnalında dərc olunmuş məqalədə Mayer bu bölgədə aparılan araşdırmalar nəticəsində Stiks çayının suyunda kalikeamisin adlı güclü toksinlərin yaranması üçün əlverişli ekoloji şəraitin mövcud olduğunu qeyd edir.

Kalikeamisin – 1980-ci illərdə Texasda kəşf edilən və risindən də təhlükəli hesab olunan bu toksin – kalsium karbonatla zəngin qayaların üzərində əmələ gələn və hətta keramik qabları belə zədələyə bilən bir maddədir. Araşdırmalara görə, bu maddə sinir, qaraciyər və hüceyrə səviyyəsində zədələr törədərək insan orqanizmini günlərlə, hətta həftələrlə zəiflədir, nəticədə çoxlu orqan çatışmazlığı ilə ölümə səbəb olur. Kalikeamisin alkoqolda həll olunduğundan, İskəndərin içki fincanına əlavə edilməsi mümkündür.

Əlavə olaraq, həmin ərazidəki qayalarda yaşayan liken növləri də mikotoksin adlı zəhərli maddələr ifraz edir. Əvvəllər zərərsiz sayılan bu orqanizmlərin təxminən səkkiz növündən biri insan qaraciyərinə ciddi zərər vura bilir. Bəzi hallarda isə bu likenlər oksalik turşusu ifraz edir – bu maddə metalların pasını təmizləməkdə istifadə olunur və qədim dövrlərdə “Stiksin sularının metalı əridən” gücünün təməli kimi görünür.

Mayerin qənaətinə görə, Böyük İskəndərin ölümündən sonra müşahidə olunan simptomlar və ölümün qeyri-adi gedişatı bu zəhərlərlə üst-üstə düşür. O yazır: “Əgər İskəndərin yaxın ətrafı onun zəhərləndiyindən şübhələnibsə, bu tamamilə məntiqidir. Onun ölümünə səbəb olmaq üçün kifayət qədər motiv və imkanları olan şəxslər çox idi. Həmçinin bu simptomlar Stiks çayının suyunun təsviri ilə üst-üstə düşür.”

Bununla belə, Mayer qeyd edir ki, bu araşdırma İskəndərin ölüm səbəbinə qəti cavab vermir. Bunun üçün yalnız zaman maşını ilə keçmişə dönüb, otopsiya aparmaq mümkündür. Lakin əldə olunan yeni elmi nəticələr tarixi mifologiyanın haradan qaynaqlandığını və niyə Stiks çayının İskəndərin ölümü ilə əlaqələndirildiyini aydın şəkildə göstərir.

Böyük İskəndərin ölümünün əsl səbəbi bəlkə də heç vaxt tam öyrənilməyəcək. Ancaq elmi araşdırmalar göstərir ki, miflərin kökündə bəzən real və təbii proseslər dayanır. Və bu, tarixin ən böyük liderlərindən birinin son nəfəsinin belə əfsanəyə çevrilməsinin əsas səbəbidir.

S.ELAY

XQ

 

Maraqlı