İran yenə məkrli simasını göstərir. Azad və çiçəklənən, eyni zamanda regionda və dünyada nüfuzu artan Azərbaycana qarşı bəd əməllərindən geri çəkilmir. Son günlər molla rejimi Azərbaycanın Təbrizdəki konsulluğu qarşısında teatrlaşdırılmış etiraz aksiyaları təşkil edir. Martın 31-də keçirilən “aksiyada” Azərbaycanın İsraildə səfirliyinin fəaliyyətə başlamasına etiraz bildirilib. Narahatedici məqam ondan ibarətdir ki, belə “aksiyaların” təşkili sonda vəziyyətin daha qorxulu hal almasına gətirib çıxara bilər.
Azərbaycanın İsraildə səfirlik açması molla rejiminin yuxusunu ərşə çəkib. Hər gün Azərbaycanın ünvanına hədyanlar yağdıran İran rəsmiləri, rejimə qulluq edənlər indi də Təbrizdəki konsulluğumuzu hədəfə alıblar. Konsulluq önünə toplaşan “aksiyaçılar” İsraildəki səfirliyimizi dərhal bağlamağı tələb ediblər. Eyni tələbi İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani də səsləndirib. O, Azərbaycan və İsrail xarici işlər nazirlərinin görüşündə səsləndirilən fikirlərlə bağlı “Azərbaycandan izahat tələb etdiklərini” bildirib. İranlı diplomatın çıxışı ilə eyni vaxtda bir qrup təşkil olunmuş şəxsin Azərbaycanın Təbrizdəki konsulluğu qarşısında aksiya keçirməsi bütün bunların rəsmi mənbədən idarə olunmasını təsdiqləyir.
Aydındır ki, İran rejimi belə “aksiyalar” keçirməklə Azərbaycana təzyiq etmək istəyir. Guya, əldəqayırma etiraz aksiyaları təşkil etməklə rəsmi Bakının bir çox məsələlərə haqlı mövqeyinə təsir göstərəcək. Əslində, İranın bizə qarşı fəaliyyəti yeni deyil. Müstəqillik əldə etdikdən sonra biz İranın hədəfindəyik. Azərbaycan siyasi müstəqilliyini bərpa etdikdən sonra 30 il torpaqları erməni işğal altında qalmışdı və İran bu vəziyyətdən razı idi. Ümumiyyətlə, İran Azərbaycanın güclənməsini heç vaxt istəməyib. Ölkəmizin 44 günlük müharibədə qələbə qazanması, güclənməsi və regionda nüfuzunun artması, həmçinin Türkiyə və Pakistanın verdiyi dəstək, İsraillə dostluq münasibətləri İranı qıcıqlandırır.
Molla rejimi görür ki, artıq Qafqaz regionunda nüfuzu yoxdur, ona görə də təhdidlərlə, Azərbaycanın maraqlarına zidd çıxışlar etməklə vəziyyəti öz xeyrinə dəyişmək istəyir və müxtəlif bəhanələrlə bu hərəkətlərinə haqq qazandırmaq niyyətindədir. İranın Azərbaycana qarşı yürütdüyü siyasətin bəzi təfərrüatlarını dəyişmək olar, lakin bu, onun mahiyyətinə təsir etməyəcək. Siyasi müşahidəçilərin sözlərinə görə, İran Azərbaycanın daim təhdid altında olmasını, onun maraqlarına cavab verən siyasət yürütməsini istəyir.
Regionda yaranmış yeni geosiyasi vəziyyətdə İranın yeri yoxdur və o, bununla barışmaq istəmir. İran Türkiyə və Azərbaycanın regionda artan nüfuzu fonunda ofsaydda qalması ilə barışa bilmir. O, regionun böyük dövlətləri ilə döyüşməkdən çəkindiyi üçün Azərbaycanı zəif tərəf bilərək, hədəfə götürüb. Hər vəchlə barışmadığı reallığı dəyişdirmək istəyir. Ancaq bunu bacarmayacağı gün kimi aydındır.
Xatırladaq ki, bu il yanvarın 27-də baş vermiş terror aktından sonra Azərbaycanın Tehrandakı səfirliyi qeyri-müəyyən müddətə fəaliyyətini dayandırıb. Hücum nəticəsində səfirliyin bir əməkdaşı həlak olub, ikisi isə yaralanıb. Təbrizdəki konsulluq fəaliyyətini davam etdirir. Amma belə görünür, molla rejimi vəziyyəti daha da gərginləşdirmək yolunu tutub. Mütəxəssislərin sözlərinə görə, Azərbaycanın Təbrizdəki konsulluğu qarşısında təşkil olunan “aksiyalar”, əslində, təbrizlilərin istəyi ilə keçirilmir. Belə bir fikir irəli sürülür ki, həmin ”aksiyaların” arxasında İranın xüsusi xidmət orqanları dayanırlar.
S.ELAY, “Xalq qəzeti”