Tehran rejimi təlaş içərisində

post-img

Son aylar İranın molla rejiminin dövlətimizə qarşı artan təhdidləri, SEPAH rəhbərliyinin hədə-qorxu dolu bəyanatları ölkəmizdə olduğu kimi, Güneydəki soydaşlarımız tərəfindən də ciddi narahatlıqla qarşılanır. Müstəqil Azərbaycanın timsalında özlərinin mənəvi himayədarını görən güneylilər Tehran rejiminin anti-Azərbaycan siyasətinə qarşı bütün mümkün vasitələrlə etirazlarını bildirir, bununla həm də Bakıya dəstəklərini ifadə edirlər. 

Təhdidlərə meydan oxuyan güneylilər

Tehranın Azərbaycana yönəlik təx­ribatçı siyasətinə etiraz əlaməti olaraq İranın bir neçə şəhərində, o cümlədən Təbriz, Qərbi və Şərqi Azərbaycan, Kür­düstan, Ərdəbil, Mazandaran, Xuzistan və digər əyalətlərində kütləvi aksiya və yürüşlərə start verilib. Azərbaycan bay­raqları ilə meydana çıxan etirazçılar bu­nunla fars-molla rejiminin ölkəmizlə bağlı siyasətinə etiraz etdiklərini, bu siyasəti əsla dəstəkləməyəcəklərini bəyan edib­lər. Aksiyaların kütləviliyindən, yürüş­lərdə dalğalanan üçrəngli bayraqlardan qorxuya düşən Tehran rejimi sərt cəza tədbirlərinə əl atmaqla, onları yürüşlər­dən çəkindirməyə çalışır. Ancaq rejimin bütün təzyiqlərinə baxmayaraq, etirazla­rını davam etdirən güneyli soydaşlarımız molla rejimini cəsarətlə lənətləməkdədir. Aksiyaçılar “Xameneiyə ölüm!”, “Uşaq öldürən hökumətə ölüm!”, “Qadın, Həyat, Azadlıq!” kimi transparant və şüarlarla həm də anti-demokratik idarə üsuluna etrirazlarını bildirir, mövcud rejimin dəyiş­məsini tələb edirlər. Bu zaman yüzlərlə nümayişçi həbs edilsə də, etirazlar sən­gimir. Aksiya artıq polis-vətəndaş qarşı­durmasına çevrilməkdədir. 

İranı ağır zərbə gözləyir

Tehranın anti-Azərbaycan siyasətinə etiraz əlaməti olaraq gerçəkəşən yürüş və aksiyalar göstərir ki, İrandakı on mil­yonlarla soydaşımız fars-molla rejiminin müstəqil dövlətimizə yönəlik təxribatçı siyasətinə biganə deyil və bu siyasətə qarşı açıq şəkildə etiraz edir. 

Güneydəki soydaşlarımız öz həyat­larını təhlükəyə ataraq Azərbaycana sevgilərini bəyan etməkdə, Tehran re­jimi ilə çarpışmaqdadır. Bütün bunlar onu göstərir ki, Tehran anti-Azərbaycan siyasətini davam etdirəcəyi təqdirdə ən ciddi, ölümcül zərbəni məhz Güneydəki soydaşlarımızdan alacaq. Hazırda İranın bir çox şəhərlərində davam edən etiraz­lar bundan xəbər verir.

 

Seymur ƏLİYEV, “Xalq qəzeti”

Siyasət