Ermənistanın öhdəliklərindən boyun qaçıraraq, öz silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmaması, yalnız humanitar məqsədlər üçün istifadə olunan Laçın yolundan ölkəmizin təbii sərvətlərini qanunsuz şəkildə daşıması, torpaqlarımızda milyondan artıq mina “əkməsi” regionda sülh və təhlükəsizliyin bərqərar edilməsinə maneə olur.
Laçın yolu ətrafında Ermənistanın bu kimi qeyri-qanuni fəaliyyətlərinə etiraz edən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin aksiyasına kölgə salmaq və beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə hesablanan “humanitar böhran”, “blokada” iddiaları həqiqəti əks etdirmir. Bu fikirləri Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurası (AŞ) Bakı ofisinin rəhbəri Petr Zix ilə görüşdə bildirib.
Azərbaycan ərazilərində Ermənistanın törətdiyi ekoterrora Türkiyə mediası da davamlı olaraq diqqət yetirir. Məqalələrdə Azərbaycandakı ekofəalların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, şəhid ailə üzvləri və qazilərin könüllülərlə birlikdə işğaldan azad olunmuş Qarabağ bölgəsində təbii sərvətlərin Ermənistan tərəfindən talan edilməsinə, ekoloji terror törədilməsinə etiraz məqsədilə dekabrın əvvəllərindən başlayaraq Laçın–Xankəndi yolunda fasiləsiz dinc aksiya keçirdikləri qeyd edilib. Ermənilərə “Siz 30 il işğal altında olan Azərbaycan torpaqları üçün nə etdiniz ki, indi Laçın və Xankəndinin ekoloji qətliamına qarşı çıxan QHT-lərin şərəfli mübarizəsinə etiraz edirsiniz?”, – deyə konkret sual ünvanlanır.
Azərbaycan Ermənistandan fərqli olaraq aqressivlik nümayiş etdirmir. Regionda sülhün tərəfdarı kimi addımlar atır. Sülhpərvərlik, xoşməramlılıq Azərbaycanın dövlət qurumlarında çalışan vəzifəli şəxslərinin, sıravi vətəndaşının da ruhuna hopub. Bunun ötən gün də şahidi olduq. Belə ki, Xankəndi–Laçın yolunda Qarabağda yaşayan erməni vətəndaşlarının halı pisləşib, azərbaycanlı həkimlər yardım göstəriblər. Rusiya sülhməramlılarının müraciətindən sonra əraziyə Şuşa şəhərində yerləşən modul tipli xəstəxananın təcili tibbi yardım maşını gəlib, ilkin müdaxilə edilib. Daha sonra erməni vətəndaşları təcili tibbi yardım avtomobili ilə Xankəndiyə aparılıb.
Xankəndi–Laçın yolunda halı pisləşən Qarabağ ermənilərinə tibbi yardım göstərən Şuşa modul tipli xəstəxanasının həkimi Vilad Əliyev deyib ki, ermənilərə yerindəcə ilkin tibbi yardım göstərildi. Dörd nəfərdən üçünün vəziyyəti nisbətən ağır idi. Daha sonra onları bizim nəzarətimiz altında Xankəndi xəstəxanasına sağlam şəkildə çatdırdıq. Xəstəxanaya təhvil verdikdən sonra Şuşaya qayıtdıq.
Gün ərzində ərazidən humanitar təyinatlı avtomobillərin sərbəst keçidinə şərait yaradılıb. Ümumilikdə, 100-dən çox nəqliyyat vasitəsi yoldan istifadə edə bilib. Onların sırasında beynəlxalq təşkilata aid maşınlar da keçib. Avtomobillərdə erməni ailələri və uşaqları da olub.
Rizvan FİKRƏTOĞLU, “Xalq qəzeti”