Təcili Xankəndiyə...

post-img

“Azərbaycan erməni sakinlərin reinteqrasiyasında qərarlıdır”. Bu fikri xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycana yeni təyin olunmuş nümayəndəsi Bik Lum ilə görüşündə bildirmişdir. 

Ümumən, ölkəmizin rəsmiləri qeyd etdiyimiz məsələdən həmişə söz açıblar. Mövcud xüsusda Azərbaycan Prezidenti İlham Əliyevin də fikirləri olub. Dövlətimi­zin başçısı martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda ke­çirilmiş X Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında müxtəlif etnik qrupların və konfessiyaların nümayən­dələrinin Azərbaycanda ləyaqətli və dinc şəraitdə yaşadıqlarını vurğulamaqla yanaşı, qeyd etmişdi ki, Qarabağ regio­nunda yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq, bundan sonrakı dövrdə daha yaxşı olacaq. 

Bundan əvvəl isə Laçın–Xankəndi yolunda aksiya keçirən azərbaycanlı fəallar onlardan siqaret istəyən erməni sakini əlidolu yola salmışdılar. Həmin erməniyə nəinki siqaret, eyni zamanda, zəruri ərzaq malları da verilmişdi. Bu, onu göstərir ki, Azərbaycan Qarabağın erməni sakinlərilə dinc, birgəyaşamın qurulmasında maraqlıdır və mövcud is­tiqamətdə əlindən gələni edir, səmimiy­yət göstərir. Aprelin 4-də Laçın–Xankən­di yolunda halı pisləşmiş ermənilərin Xankəndiyə bizə məxsus təcili tibbi yar­dım avtomobili ilə çatdırılması da dedik­lərimizin təsdiqidir. 

Xatırladaq ki, Laçın–Xankəndi yo­lunda Rusiya sülhməramlıları Şuşa hə­kimlərindən yardım istəyiblər. Ruslar La­çın–Xankəndi yolunda aksiya keçirilən əraziyə yaxınlaşaraq, həkimə ehtiyac olduğunu bildiriblər. Əraziyə gətirilən er­məni xəstələrə ilkin tibbi yardım göstə­rildikdən sonra onlar təcili tibbi yardım maşını ilə Xankəndi xəstəxanasına çat­dırılıblar.

İlkin tibbi yardım göstərənlərdən biri – Şuşa şəhər modul tipli xəstəxananın tibb bacısı Gülsüm Həsənova deyib ki, Xankəndidə onları görən ermənilər həyə­canlandılar. Şuşa modul tipli xəstəxana­sının həkimi Vilad Əliyev isə əlavə edib ki, tezliklə bu həyəcan yerini xoş rəfta­ra verdi: “Azərbaycan Respublikasının erməni əsilli sakinlərinə tibbi xidmət göstərmək bizim vəzifə borcumuzdur. Bizi Xankəndi xəstəxanasında çox yaxşı qarşıladılar, öz vətəndaşlarımıza xidmət göstərdik. Əlimizdən gələni etdik”.

Əlbəttə, tibb bacısı G.Həsənovanın haqqında söz açdığı həyəcanın olması təbiidir. Ancaq bu yol gedilməlidir. Qa­rabağın erməni sakinləri, eyni zaman­da, nəzərə almalıdırlar ki, Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən, pay­taxt Bakıda onların soydaşları yaşayırlar və heç bir halda həyəcan keçirmir, özlə­rini ölkəmizin tamhüquqlu vətəndaşları kimi hiss edirlər. 

Digər tərəfdən, haqqında söz açdığı­mız məsələ, həm də prinsipial əhəmiyyət daşımaqdadır. İstər Ermənistan rəhbər­liyi, istərsə də Qarabağdakı separatçı rejimin təmsilçiləri bilməlidirlər ki, böl­gənin erməni sakinləri ilə bağlı heç bir müzakirə beynəlxalq müstəviyə daşına, Azərbaycan–Ermənistan münasibətləri­nin normallaşmasında meyar kimi qəbul oluna bilməz. Əlbəttə, Qarabağdakı se­paratçılığın özünün tamamilə yox olması da prinsipial məsələdir. Bunu Azərbay­can Prezidenti İlham Əliyev də qətiyyətli şəkildə dilə gətirib. Dövlətimizin başçısı ötən ilin oktyabrında Ağdamda keçirilmiş Azərbaycan Milli Şəhərsalma Forumun­dakı çıxışında bildirib: “Azərbaycanın Qarabağ regionunda yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır və biz onların həyatını necə qaydaya salacağı­mızı heç bir beynəlxalq mərkəzlə müza­kirə etməyəcəyik”. 

Bəs, Azərbaycanın reinteqrasiya is­tiqamətində addımlarına qarşı tərəfdən hər hansı cavab varmı? Qarşı tərəf de­dikdə, söhbət, əlbəttə ki, Ermənistan rəh­bərliyindən gedir. İrəvan özünü dünyaya Qarabağ ermənilərinin hamisi obrazında göstərmək istəyirsə, ilk növbədə, Bakıya müsbət cavab verməli, mövcud reallıq­lar çərçivəsində, heç olmasa, nəzəri də olsa, haqqında söz açdığımız obrazın formalaşması və qəbuluna çalışmalıdır. Təəssüf ki, bunu görmürük. Belə nəti­cəyə gəlirik ki, İrəvanın hakim siyasi da­irələrində Azərbaycana qəzəb hissi bö­yük olduğundan, hətta, özləri üçün indiki məqamda ən sərfəli sayılan variantlara da razı deyillər, avantüra axtarışında is­rarlıdırlar. 

Bəli, Ermənistan hakimiyyəti Azər­baycanın erməni sakinlərlə dialoq apar­maq istiqamətində qərarlı fəaliyyətinə mane olmaq məqsədilə, erməni sakinlə­rinin nümayəndələrinin növbəti dialoqun Bakıda keçirilməsi təklifilərinə qarşı çıxır və prosesə dair şərtlər irəli sürür. Elə görüntü yaradır ki, sanki, şərt irəli sürən Qarabağ erməniləridir. Halbuki, onlar öz canları hayındadır. Elə Xankən­di xəstəxanasına çatdırılanlar kimi. Əl­bəttə, onların fiziki sağlamlıqlarında problem var. Fəqət, ümumən, Qarabağ ermənilərini xəstə duruma salan baş na­zir Nikol Paşinyanın administrasiyasıdır. Erməni iqtidarı, dünya erməniliyi və onun xaricdəki havadarları son iki ildə yeni La­çın yolunun çəkilişi, Sərsəng su anbarı və bir sıra digər istiqamətlərdə erməni sakinlərlə uğurlu dialoqumuzu həzm edə bilmirlər. 

Məsələ ilə bağlı Azərbaycanın Xari­ci İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər Na­zirliyinin Azərbaycan əleyhinə 18 mart tarixli bəyanatına cavabında bildirdiyi kimi, İrəvan “reinteqrasiya” termininə düşmən münasibətini gizlətmir və bu an­layışı dialoq və sülhə qarşı əks çağırış kimi qələmə verir. 

Bəli, Ermənistan hakimiyyətinin re­inteqrasiyaya maneçilik törətməsi, onun əsassız ərazi iddialarını yeni forma və adlar altında davam etdirmək niyyətin­dən xəbər verir. İrəvan, həqiqətən, böl­gədə sülhdə maraqlıdırsa, Azərbaycanın mərkəzi hakimiyyət orqanlarının erməni sakinlərin reinteqrasiya məqsədli təmas­larına müdaxiləyə, buna əngəl törətmək cəhdlərinə son qoymalıdır.

 

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

Siyasət