Simonyanın hayları ayağa qaldıran tərbiyəsizliyi

post-img

Hazırda Hayastanda gündəmdəki bir nömrəli personanın parlamentin sədri Alen Simonyan olduğunu desək, yəqin ki, yanılmarıq. Aprelin 3-də bu ölkə mediası A.Simonyana istinadən ölkənin baş naziri Nikol Paşinyanın oğlu Aşotun İrəvanda döyülməsi ilə bağlı məlumat yayıb. Bununla belə spiker hücumun harada, necə və hansı şəraitdə törədildiyini açıqlamayıb. Sadəcə qeyd edib ki, bu, dövlət məmurlarına və onların yaxınlarına qarşı törədilən silsilə təxribatlardan biridir. Həmin gün Ermənistan polisinin mətbuat xidməti N.Paşinyanın oğlunun döyülməsi ilə bağlı şikayət daxil olmadığını açıqlayıb. Aşot özü də bir gün sonra hücuma məruz qaldığı barədə yayılan məlumatı qəti şəkildə təkzib edib.

A.Simonyanın Ermənistan cəmiy­yətində çaşqınlıq yaradan bu məlumatı yaymaqda məqsədinin pünhan qaldı­ğı bir məqamda spiker yeni qalmaqala imza atıb. Bu dəfə lap gül vurub. Par­lamentin spikerini İrəvanın mərkəzində mühafizəçilərin əhatəsində görən Karen Mkrtçyan adlı gənc onu uca səslə “xain” və “satqın” adlandırıb. Simonyan “cangü­dənlər zənciri”ni sakitcə qıraraq, həmin gəncə yaxınlaşıb və onun üzünə tüpü­rüb. Simonyan baş vermiş hadisəni izah edərkən gəncin üzünə tüpürdüyünü fəxr­lə təsdiqləyib.

Ermənistan parlamentinin müxalifətçi deputatları Ayk Mamicanyan və Aspram Krpeyan isə spikerin mühafizəçilərinin gəncin əllərini arxaya doğru burduqla­rını, yalnız bundan sonra Simonyanın yaxınlaşaraq onun üzünə tüpürdüyünü bildiriblər.

***

Bu hadisə onsuz da narazılıqla dolu Ermənistan cəmiyyətində yeni gərginliyin yaranmasına səbəb olub. Ən ciddi na­razılığı ölkənin birinci prezidenti Levon Ter-Petrosyan bildirib. O qeyd edib ki, hisslərini nə qədər cilovlamağa çalışsa da, baş vermiş iyrənc hadisəni düşün­məkdən özünü saxlaya bilmir. Ter-Pet­rosyan “İlur.am” saytında dərc olunan məqaləsində yazıb: “Tüpürmək sözü (tibb sahəsi istisna olmaqla) özlüyündə vulqardır və məişət mübahisələri zamanı işlədildikdə kifayət qədər məqsədəuy­ğundur. Amma bu söz ən yüksək dövlət məmurlarından birinin ağzından çıxanda, xüsusilə konkret hərəkətə çevriləndə, bu, artıq dövlətin sonu olur. “Xain” və “satqın” sözlərinə gəlincə, bu, məişət səviyyəsin­də söyüş və ya şəxsi təhqir deyil. Sırf si­yasi qiymətdir ki, buna kobud söz və ya tüpürcəklə deyil, hakimiyyətin informasi­ya və təbliğat sahəsində qeyri-məhdud imkanlarının olduğu indiki şəraitdə düz­gün və ağlabatan cavab verilməlidir”.

Ter-Petrosyan A.Simonyanı “bəd­nam”, onun əməlini “bağışlanmaz” ad­landırıb. Ermənistan parlamentinin, ilk növbədə onun çoxluqda olan “Mülki müqavilə” fraksiyasının xalq arasında nüfuzunu itirməməsi üçün A.Simonyanın işdən çıxarılması məsələsinə təşəbbüs göstərməyə borclu olduğunu vurğula­yıb: “Mən heç də şişirtmirəm, onun bu hərəkəti dövlətçiliyimizin nüfuzuna vuru­lan ən böyük zərbədir. Bunu ancaq onun vəzifədən uzaqlaşdırılması bahasına aradan qaldırmaq olar. Bu, xalqımızın beynəlxalq ictimaiyyət qarşısında şərəfini bərpa etməyin yeganə yoludur”.

Hayastanın ilk prezidenti bütün KİV-ləri yazdığı məqaləni yaymağa, cəmiyyəti, siyasi qüvvələri sırf qanuni yollarla A.Simonyanın vəzifədən uzaq­laşdırılması üçün fəaliyyət göstərməyə çağırıb.

***

Ter-Petrosyanın çağırışına ilk olaraq “Mediamaks” şirkətinin direktoru Ara Ta­devosyan cavab verib. O, rəhbərlik etdiyi “mediamax.am” saytında dərc etdirdiyi “Alen Simonyan tüpürür, amma Qərb üçün “yağış yağır”” sərlövhəli məqalədə yazır: “Parlament demokratiyası sayılan Ermənistanın qanunverici orqanının rəh­bərinin bu çirkin əməlinə nə ABŞ səfirliyi, nə də Avropa İttifaqının komissiyası heç bir reaksiya verməyib. Belə iyrənc hallar­da susmaqla ABŞ səfirliyi yalnız Ermə­nistan siyasi həyatında, cəmiyyətində və mediasında qütbləşmənin dərinləşmə­sinə töhfə verir. Bunun da sonu Ermənis­tanda hamının hamıya nifrət edəcəyi bir vəziyyətin yaranması olacaq. Əminəm ki, xanım Quinn (ABŞ-ın yeni təyin olunmuş səfiri Kristina Quinn) bundan xəbərdar ol­maya bilməz”.

A.Tadevosyan daha sonra yazır: “Alen Simonyan yalnız ona görə Ermənistan parlamentinin sədridir ki, biz uydurma reallıqda yaşayırıq. Başqa heç bir şəraitdə Alen Simonyan nəinki dövlətdə ən yüksək vəzifələrdən birini tutmaz, hətta siyasi qərarlar qəbul etməyə də yaxın olmazdı”.

Dünən Hayastanın 11 QHT-si bəyanat yayaraq Simonyanın davranışının parla­mentin Etika Komitəsində araşdırılması­nı, həmçinin cinayət məsuliyyətinə cəlb olunmasını tələb ediblər: “Alen Simon­yan öz şəxsi nümunəsi ilə dövlət idarə­çiliyinin əvvəlki biabırçı ənənələrini qoru­yub saxlamağa sövq edir, öz davranışı ilə antisosial davranışa haqq qazandırır. Onun davranışını qətiyyətlə pisləyərək, deputatlardan, xüsusən də siyasi çox­luqdan dövlət məmurlarının hüquqi döv­lətin dəyərlərinə uyğun olmayan kini və məsuliyyətsiz davranışları istisna etmək üçün səy göstərmələrini tələb edirik. Biz parlamenti təcili olaraq etika komissiyası yaratmağa və baş verənləri araşdırmağa, həmçinin Simonyanın məsuliyyətə cəlb edilməsi məsələsinə baxmağa çağırırıq. Baş verənlər hüquq-mühafizə orqanları tərəfindən, xüsusilə xuliqanlıq cinayəti ilə bağlı cinayət işi çərçivəsində araşdı­rılmalıdır”.

***

Məsələnin getdikcə böyüdüyünü görən A.Simonyan iş-işdən keçəndən sonra insidentə münasibət bildirib və deyib ki, tüpürmək söhbət zamanı təsa­düfən (?) baş verib.

Bu arada “news.am” saytı A.Simon­yanın hakim “Mülki müqavilə” partiyası­nın idarə heyətinin aprelin 4-də axşam keçirilən iclasını yarımçıq tərk etməsinə dair məlumat yayıb. İclasa Simonyanın gedişindən 15 dəqiqə sonra qatılan Nikol Paşinyan sədrlik edib. Baş nazir görüşdə nələrin müzakirə olunduğu və Simonya­nın istefası ehtimalının nəzərdən keçiri­lib-keçirilmədiyi ilə bağlı sualları cavab­landırmayıb. Mətbuatın yazdığına görə, sonuncu məsələ iclasda əsas məsələlər­dən biri ola bilər.

Simonyan özü isə onunla Paşinyan arasında fikir ayrılığının olmadığını bildi­rib. Qeyd edib ki, aralarında fikir ayrılıqla­rı yoxdur və ola da bilməz, çünki onların hər ikisi eyni komandadadır.

***

Onu da qeyd edək ki, bu hadisə A.Simonyanın iştirakı ilə baş verən ilk hadisə deyil. Hər zaman özünə xüsu­si fikir verməyi, baxımlı olmağı, səliqəli geyinib-keçinməyi, saç düzümü, komfort həyatı ilə seçilən qərbyönümlü bu dikbaş 44 günlük Vətən müharibəsi zamanı Yu­nanıstanda istirahət etməsi ilə gündəmə gəlmişdi. Həmin il onun 40 yaşı tamam olmuşdu. Onun həmyaşıdları müharibə­də iştirak edəndə, qurban gedəndə, ya­ralananda kraxmallı, tumarlı Simonyan Afinada dincəlirdi.

Müharibədən sonra isə Ermənistan cəmiyyəti onun terror-diversiya əməl­lərinə görə həbs edilən və barələrində Azərbaycan məhkəmələrinin hökm çıxar­dığı şəxslərlə bağlı dediyi sözlərlə çalxa­lanırdı. Bu növcavan o zaman demişdi: “Məhbuslar mənim üçün artıq mövcud deyil. Bir tərəfdən əsir düşən (?) əsgərlə­rin özlərini alçaldılmış hiss etməsini istə­mirik, digər tərəfdən də ictimaiyyətimiz və hərbçilərimiz bilsinlər ki, əsir düşmək (?) yaxşı hal deyil”.

Onu da qeyd edək ki, bu başabəla spiker bir müddət – 2022-сi ilin fevralın 1-dən martın 13-dək Ermənistan pre­zidentinin səlahiyyətlərini də icra edib. Simonyan bu qısa dövrdə də qalmaqala imza atmağı bacarıb. O, protokola zidd olaraq fevralın 10-da prezident iqamət­gahında bir neçə sənət adamı üçün dəb­dəbəli ziyafət vermişdi. Qonaqlar və Si­monyan süfrə arxasında söhbət etdikdən sonra musiqi sədaları altında söhbətə davam etmiş, əylənmişdilər. Görüşün bu şəkildə ictimaiyyətə təqdim edilməsi də haylar arasında etiraz dalğasının yaran­masına səbəb olmuşdu.

***

Hayastanın çoxlu problemlərinin ol­duğu bir zamanda ölkənin hakimiyyət qollarından birinə Simonyan kimisinin rəhbərlik etməsi xalqın üzqarasıdır. Pa­şinyan iqtidarın xalq üçün çalışdığını de­yir, Simonyan isə onun paxırını açmaqda davam edir. Nə demək olar, davamı gəl­sin...

İlyas HÜSEYNOV,
politoloq:

– Ermənistanda xalqla məmur­lar arasında çox böyük uçurum var. Xalqın məmurlara inamı, demək olar ki, yoxdur. Paşinyan kadrla­rı sırf ona sadiqlik prizması üzrə yerləşdirir. Xüsusilə, parlamentin sədri, xarici işlər, müdafiə naziri və digər mühüm postlardakı şəxs­lər onun yaxın adamlarıdır. Xarici QHT-lərdən, Soros Fondundan qrant alan çevrəyə daxil olanlar bu gün Ermənistanda rəhbərlikdədir.

Alen Simonyan isə parodoksal bir şəxs kimi hər zaman erməni mediasının gündəmindədir. Onun əməlləri haqqında vaxtaşırı müza­kirələr açılır. Simonyanın bu gün xain, satqın adlandırılması həm də xalqa münasibətinin inikasıdır. O, bundan nəticə çıxarmaq əvəzinə, çox rahatlıqla vətəndaşın, xalqın üzünə tüpürür. Bu, həm də ictimai rəyə tüpürməkdir. Sözsüz ki, Si­monyana münasibət bütövlükdə, Paşinyanın komandasına olan mü­nasibətdir.

Ermənistan özünü demokra­tik dövlət adlandırır. Demokratik ölkələrdə belə hallar olanda ona yol verən şəxslər istefa verir, yaxud ciddi idarəçilik böhranı yaranır. An­caq belə deyim var: hər bir xalq özünə uyğun lider seçir və lider də həmin xalqın simasıdır. Bugünkü Ermənistan və Paşinyan bir-birini tamamlayır. Onlar bir medalın iki üzüdür.

 

Səxavət HƏMİD, “Xalq qəzeti”

ilyas777.jpg

Siyasət