İranın “parlament fətvası”: bəyanat yoxsa, anti-Azərbaycan isteriyası?

post-img

Hər halda əndərəbadiliklərlə üzləşmək müstəqil Azərbaycanın alın yazısıdır. İran parlamentinin ölkəmizin İsrail dövlətində səfirliyinin açılması ilə bağlı müzakirə keçirib bəyanat qəbul etməsini başqa cür qiymətləndirmək, sadəcə, qeyri-mümkündür. 

Görəsən, iranlı parlamentarilər nə düşünürlər? Düşünmələri bir yana, nə yeyirlər, nə içirlər? Bəlkə, anlaqlı olmur­lar? Mollalarla bağlı diaqnoz qoymaq çox çətindir. Ancaq elementar məntiq var. Necə ola bilər ki, o boyda ölkənin ali qanunverici orqanının üzvləri Azər­baycanın müstəqil dövlət olduğunu, dünyanın harasında səfirlik açıb-açma­mağa özünün qərar verdiyini yaddan çıxarsınlar?! 

Tamam, ölkəmizi müstəqil dövlət kimi qəbul etməyə bilərlər, çoxdankı xəstəlikləridir, ancaq bu qəbuledilməz­lik müəyyən siyasi kularlarda ifadəsini tapan məsələdir. Açıqdan-açığa bəya­nat ver, qəzəb, hiddət bildir və soruş ki, rəsmi Bakı niyə İsraildə səfirlik açdı, məsələyə hansı səmtdən yanaşsaq, buna ad tapmaq olmur. Hərçənd, psixi sağlamlıqla bağlı kitablarda mövcud istiqamətdə vahid müalicə üsullarının varlığına şübhə etmirik. İndi beynəlxalq miqyasda məsələ qaldıraq ki, İran par­lamentinin 290 üzvündən 210-nun psixi problemləri var? 

Bəli, Azərbaycan dövləti, eləcə də ölkəmizin ictimai rəyi İrana, Ermənista­nın Qafan şəhərində konsulluq açanda, sərt etirazını bildirmişdi. Etiraz etməkdə haqlı idi. Çünki söhbət illərdir Azərbay­canın torpaqlarını işğalda saxlamış Er­mənistandan gedirdi. O ölkədən ki, 44 günlük müharibədən sonra üzərinə gö­türdüyü öhdəliklərin yerinə yetirilməsin­dən yayınır, bölgədə yeni müharibə riski yaradırdı. Tehran isə Qafanda konsulluq açmaqla, İrəvanın manipulyasiyalarına dəstək nümayiş etdirirdi. Bu səbəbdən qınanmalı idi və qınandı da. 

Ancaq, gəlin görək, İsrail İrana nə edib? Torpağınımı işğal edib, əhalisi­nimi didərgin salıb? Bəlkə İsrail İranın insanlarını soyqırıma məruz qoyub? Ermənistanda bir nəfər də azərbay­canlı qalmadığı təqdirdə, İranın pay­taxtı Tehranda yəhudilər yaşayırlar. Heç şübhəsiz, İsraildə də bəlli sayda iranlı yaşamaqdadır. Belə olan halda, İran İsraili özünün fövqəltəbii düşmə­ni statusuna qaldırıb ziddiyyət yaradır, daxildə idarəçilik üçün müəyyən ideoloji motiv formalaşdırır, lap deyək ki, xarici düşmən qondarıb yerli ictimai rəyi ma­nipulyasiya edir, öz işidir, Azərbaycanı niyə məsələyə qatır? İran parlamentinin mövqeyini belə etiketdən kənar şəkildə ortaya qoyması bu baxımdan da anla­şılmazdır. Görünür, rejimin parlamenta­rilərinin başqa işləri-gücləri yoxdur...

Diqqət yetirək, İran parlamentinin 210 deputatı hesab edir ki, ölkənin Xa­rici İşlər Nazirliyi Azərbaycanın İsraildə səfirliyinin açılması ilə bağlı diplomatik addım atmalıdır? Başa düşmək olmur ki, nazirlik nə edəcək? Addım nə olacaq? Heç olmasa, səmimi olub SEPAH-dan tədbir gözləyərdilər. SEPAH dünyanın dörd yanında terror düzənləmək, qətllər törətmək, insan oğurluğu üzrə “ixtisas­laşmış” təşkilatdır. İranlı parlamenta­rilər, gərək, açıq tekstlə ondan Azərbay­canı qorxutmağı tələb edərdilər! Bəlkə də bəyanatda XİN-in adının çəkilməsi SEPAH üçün subliminal mesajdır. Nə bilmək olar? 

Məsələyə mövcud kontekstdən ya­naşsaq, Tehranın terror sifəti öz işini görüb. Azərbaycanın İsraildə səfirliyi­nin açıldığı gün, yəni martın 28-də Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd reallaşdırılıb. Yəqin, İran par­lamenti addım deyərkən, SEPAH-dan daha ciddi tədbirlər gözləyir. Başqa döv­lətin işinə, özü tam haqsız durumday­kən, qarışan ölkədən nə desən çıxar!

İran parlamentinin bəyanatında o da deyilir ki, Azərbaycan hökuməti “si­onist rejimin mərkəzində səfirlik açaraq, öz səfirini saxta rejimə təqdim etmək­lə, İslam dünyasının maraqlarına zidd hərəkət edir”. Hesab edirik ki, bundan böyük həyasızlığı müsəlman dünyası, ümumiyyətlə, görməyib və görməsi tam mümkünsüzdür. Müsəlman Azərbayca­nının torpaqlarının işğalına göz yuma­san, 30 ilə yaxın müddətdə bu torpaqla­rın talanmasında iştirak edəsən, Allahın evi sayılan məscidlərdə, İslam aləmində haram buyurulmuş donuz saxlayaraq müsəlmanlara həqarət yağdıran Ermə­nistana dəstək olasan, sonra da qayı­dasan ki, Azərbaycan İslam dünyasının maraqlarına zidd davranır! Bu məntiqlə yanaşsaq, nəinki İslama zidd hərəkət edən, hətta dinə birbaşa xəyanət yolu tutan İranın özüdür. Həm də söhbət çox böyük xəyanətdən gedir. 

Diqqət yetirək, İran parlamenti bə­yanatında fitnəkarlıq zəngulələri vurur, həmçinin, hədə-qorxu gəlir. Fitnəkarlıq odur ki, sənəddə ölkəmizin İsraildə sə­firlik açması fonunda ölkəmiz “fələstin­liləri öldürən və onlara zülm edən sionist rejiminin şəriki” kimi qiymətləndirilir. Gö­ründüyü kimi, belə demək mümkünsə, zərbə olduqca həssas nöqtəyə vurulur. Yəni, Tehran müsəlmanların Fələstin həssasiyyəti üzərində oyun oynayır. Guya, özü fələstinlilər üçün nə isə edib! Heç nə etməyib!

Fars klerikal teokratiyası unudur ki, Bakı Tel-Əvivlə yanaşı, Ramallada da səfirlik açıb. Buna diqqət yetirməmək və Azərbaycanı qınamaq, yumşaq söy­ləsək, ədalətsizlikdir. Bəyanatdakı hə­də-qorxu motivi də tam aydındır. İran parlamenti bildirir ki, Bakının addımı “bir çox mənfi siyasi nəticələrə səbəb olacaq”. Fars şovinizmi onu da yaddan çıxarır ki, dünya müsəlmanları İsraillə əməkdaşlığa pis yanaşmır. Bu əmək­daşlıqdan İslam aləmi uduzmur, əksinə rəsmi Tel-Əviv dəfələrlə bəyan edib ki, Azərbaycan İsrailin müsəlman aləmi ilə körpüsüdür. Deməli, uduş imkanları var. Çünki yəhudi dövləti müsəlman dünyası ilə əməkdaşlıqda maraqlıdır. 

İndi düşünək görək, həmin İslam aləmində İranı dəstəkləyən müsəlman dövlətləri hansılardır? Tehran rejimi özünün saxta mahiyyəti ilə, demək olar, bütün müsəlman ölkələri ilə düşmən münasibətdədir. İslam dininin beşiyi sa­yılan Səudiyyə Ərəbistanımı, Qətərmi, Birləşmiş Ərəb Əmirliyimi, Pakistanmı, Əfqanıstanmı, – hansı İran parlamen­tinin fətva qoxusu gələn bəyanatına diqqət yetirib, Azərbaycanla münasibəti gərginləşdirəcək?! Əlbəttə, heç biri! 

Daha bir absurda baxın ki, İranın ali qanunverici orqanı bəyanatında ərəb və islam ölkələrinin hökumətlərinə, İslam Əməkdaşlıq Təşkilatına da müraciət edərək, Azərbaycanın bu addımını pis­ləməyə çağırır. Görünür, Azərbaycanın İƏT-lə yüksək səviyyəli əməkdaşlığının mövcudluğunu da unutmaq yolu tutur. İƏT vaxtilə Azərbaycan torpaqlarının işğalda qalmasını pisləmişdi. İran bunu etmişdimi? Etməmişdi və yalnız tək-tük növbətçi bəyanatla məhdudlaşmışdı. Digər tərəfdən, İranın öz daxilindəki türklərlə yanaşı, ərəblərə də düşmən münasibəti danılmaz faktdır. Yəqin, İransayağı müsəlman təəssübkeşliyi elə belə də olurmuş! 

Dünya müsəlmanları İsrailin Azər­baycanının haqq işini dəstəklədiyini də gözəl bilir. Buna və yuxarıda sadaladıq­larımıza görə onlardan heç birinin Teh­ranın sözü ilə ölkəmizə qarşı çıxacağını düşünmək, sadəcə, nonsensdir. Molla rejiminə qalan isə əsassız ittihamlar olacaq, başqa heç nə. Və gün gələcək ki, o rejim İslama vurduğu bütün zərər­lərə, müasir dövrdə məzhəbçiliyi siyasi vasitəyə çevirib müsəlman dünyasına vurduğu bütün ziyanlara görə mütləq cavab verəcək. O günün tezliklə yaşan­ması üçün dua edir, istəyimizin gerçək­ləşməsi naminə imzamızı atırıq. 

AMİN

Siyasət